Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Elman Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Elman müəllim, erməni tərəfi növbəti dəfə təxribata əl atır, Azərbaycan isə buna sərt cavab verib. Sizcə, erməni tərəfinin 10 noyabrda əldə olunmuş razılaşmanı heçə sayaraq bu cür provakasiyalara əl atmaqda məqsədi nədir?
- Azərbaycan öz ərazilərini qeyri-qanuni silahlı birləşmələrdən təmizləyəcək. Bu, birmənalı olaraq baş verəcək. Sözsüz ki, bunun üçün bəlli bir zamana ehtiyac var. Ötən gün Xankəndidə də guya separatçılar nəsə bir tədbir keçirirdilər. Amma separatçı qalıqlarının keçirdiyi tədbir matəm xarakterli idi. Təəccüb doğuran hal odur ki, həmin separatçı tədbirdə Ermənistan parlamentinin üzvləri də iştirak edirdi. Yəni bu, o deməkdir ki, erməni deputatlar Azərbaycanın icazəsi olmadan ölkə sərhədlərini pozub, bizim ərazilərə daxil olub. Bu, tamamilə qanunsuz və cinayət xarakterli bir addımdır. Orada olan sülhyaratma prosesini təmin edən qüvvələr də bununla bağlı açıqlama verməlidir. Çünki hansısa bir xarici ölkə vətəndaşının Azərbaycan ərazisinə daxil olması yalnız ölkənin müvafiq strukturlarının icazəsi ilə mümkün ola bilər.
Azərbaycan ərazisində heç bir kənar qüvvənin hər hansı müstəsna üstünlüyü və səlahiyyəti yoxdur. Buna baxmayaraq, Azərbaycan hələ ki, dözüm, səbr nümayiş etdirir. Amma bu da sonsuz olmayacaq.
- Azərbaycan ərazilərinə bu formada daxil olan kənar şəxslərə qarşı hansı addımlar atıla bilər?
- Sözsüz ki, ölkə ərazisinə qanunsuz olaraq daxil olmuş şəxslər ilk növbədə Sərhəd Xidməti tərəfindən saxlanılmalı və onlar haqqında inzibati tədbir görülməlidir. Bu, qarşıdakı dönəm üçün gözlənilə, mümkün addımlardan biridir. Eyni zamanda Azərbaycan ərazisinə Laçın istiqamətində kiminsə qanunsuz olaraq daxil olması və buna hər hansı formada imkan yaratmaq da ayrı bir təxribat halıdır. Məqsəd də odur ki, Azərbaycan onlara qarşı hər hansı bir formada güc tətbiq etsin. Bütün bunların fonunda Azərbaycan əsgəri ilə sülhməramlılar arasında qarşıdurma yaransın. Bu da sözsüz ki, indiki halda bir çox məkrli qüvvələrin ən başlıca niyyətlərindən biridir. Mümkün qədər Azərbaycanla Rusiya arasındakı münasibətləri pozub, öz maraqları naminə bu gərginlikdən istifadə etmək niyyətləri də mövcuddur.
- Rusiya-Azərbaycan münasibətlərini pozmaq indiki halda daha çox kimlərin maraqlarına xidmət edə bilər?
- İndiki halda bir çoxları hətta 2008-ci ildə Rusiyanın "Gürcüstan ssenarisi" haqqında danışmaq istəyir. Guya hansısa bir formada sülhməramlılara qarşı atıla biləcək addım eyni ssenarinin burada da təkrar olunmasına imkan yaradar. Amma bu ideyaları düşünənlər növbəti dəfə yanılırlar. Çünki vəziyyət və şərait, eyni zamanda mövcud olan münasibətlər tamam fərqli bir mənzərə yaradıb. Eyni zamanda Azərbaycanla hədə dili ilə danışmaq da mənasızdır. Azərbaycan sərhədi pozulursa, bu, açıq təxribatdır.
- Azərbaycan müdafiə naziri bir müddət öncə sülhməramlıların yerləşdiyi ərazidən belə təxribat olacağı təqdirdə adekvat reaksiyanın verilməsi tapşırığını verdi. Necə düşünürsüz, Xankəndidə və digər ərazilərdə hələ də qalmış erməni silahlılarına qarşı genişmiqyaslı anti-terror əməliyyatlarının olması ehtimalı nə dərəcədə güclüdür?
- Bəli, müdafiə naziri belə bir tapşırıq verib. Sülhməramlıların olduğu ərazilərdən də son zamanlar Azərbaycan mövqelərinə, hərbçilərimizə qarşı təxribatlar olub. Məhz verilmiş tapşırıq da bu təxribatlara qarşı adekvat addımları özündə ehtiva edir. Erməni tərəfi də bu məsələdə öz üzərinə düşən məsuliyyəti açıq şəkildə dərk etməlidir. Çünki Azərbaycan öz ərazisi daxilində istənilən anti-terror əməliyyatına başlaya bilər.
- Xankəndidə separatçıların təşkil etdiyi qondarma anım mərasimlərinə Ermənistan rəhbərliyindən heç kəs gəlmədi. Bununla bağlı fərqli fikirlər var. Bir il ərzində dəyişən proseslərin yaratdığı situasiyanı necə şərh etmək olar?
- Doğrudur, Ermənistan rəhbərliyindən heç kəs Xankəndindəki qondarma tədbirlərə gəlməsə də erməni deputatlar orada iştirak edib. Buna da son qoymaq lazımdır. Erməni deputatın Azərbaycanın razılığı olmadan bizim ərazimizdə nə işi var? Azərbaycanın qanunları pozulur, biz pozulmuş qanunlarımızı bərpa edəcəyik. Növbəti dəfə isə bu cür təxribatçı səfərlərə daha sərt cavabların olmasını da hər kəs görəcək. Sözsüz ki, burada ermənilərin başlıca məqsədi Azərbaycanla Rusiyanı bir və ya digər formada qarşı-qarşıya qoymaqdır. Amma müşahidlər onu göstərir ki, Rusiya artıq ermənilərin heç bir təxribatına əhəmiyyət vermir və onların cəhdləri uğursuzluğa düçar olur.
- Bu günlərdə erməni silahlı birləşmələrinin növbəti hərbi təlimlərə cəlb olunması ilə bağlı informasiyalar yayılıb. Məğlub ordunu yenidən torpaqlamaq, tez-tələsik hərbi təlimlərə cəlb etməkdə niyyət nədir?
- Erməni ordusu deyilən bir anlayış yoxdur. Azərbaycan 44 günlük müharibədə Ermənistandakı ordu sistemini darmadağın edib. Bu gün Ermənistanda fərarilərdən ibarət bir silahlı birləşmə var. Ona görə də, yeni müdafiə nazirinin istənilən formada cəhd etdiyi “hərbi təlimlər” və digər məsələlər əhəmiyyətsizdir. Dağılmış, pərən-pərən düşmüş bir ordu necə hərbi təlim keçirə bilər? Öncə ordunu formalaşdırmaq lazımdır ki, sonra da onu hərbi təlimlərə cəlb edəsən. Bu səbəbdən də Ermənistanda hərbi təlimlər və digər məsələlərlə bağlı səslənən fikirlər sadəcə görüntü xatirinə edilir. Bu günlərdə həmçinin mənzil qərargahı ABŞ-da olan erməni terror təşkilatının Ermənistana gələrək hansısa bir mərkəz yaratması ilə bağlı faktlar eşidilir. Amma bütün bu cəhdlər əhəmiyyətsizdir. Güclü Azərbaycan Ordusu öz ərazi bütövlüyünü təmin edib, onun toxunulmazlığını da yüksək səviyyədə qoruyur.
- Yenidən erməni silahlı birləşmələrinin dirçəldilməsi ilə bağlı fikirlər var. Kənar faktorlar burada nə dərəcədə rol oynaya bilər?
- Bu yaxınlarda Moskvada səfərdə olan Ermənistanın yeni müdafiə nazirinə Rusiya Müdafiə naziri Sergey Şoyqu simvolik olaraq xəncər bağışlayıb, vəd verib. Görünür erməniləri həm də bu cür vədlər bir qədər “hərəkətə” gətirir. Amma biz bundan öncə də belə faktları görmüşük. Nəticə isə dəyişmədi. Azərbaycan tərəfi dəfələrlə deyirdi ki, biz hərbi əməliyyatlara başlayıb torpaqlarımzı azad edəcəyik. Ermənistanda buna o qədər də inanmırdılar. Amma nəticəni bütün dünya gördü ki, Azərbaycan əsgərinin qarşısında bütün erməni eşolanları qaçmaqla canını qurtarmağa çalışır. Ona görə də, bu cür məqamlarda səbrli və təmkinli olmaqla öz haqq işimizi də uğurla davam etdirməliyik.