11 Sentyabr 2021 09:05
10 058
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Generalların Azərbaycana göndərilməsi ilkin addımlardır. Gələcəkdə yeni zabit heyəti və digər generalların da göndərilməsinin və komanda heyətinə daxil edilməsinin şahidi olsaq, buna təəccüblənməyəcəyik. Çünki bölgədə Türkiyənin hərbi iştirakını təmin edən hərbi birliklərin formalaşdırılması prosesi gedir. Bu da həm Azərbaycanın hərbi potensialının artırılmasına və təkmilləşdirilməsinə, həm də bütövlükdə Cənubi Qafqazda iki qardaş ölkənin hərbi qüvvələrinin birgə hazırlaşdırılmasına yönəlib”.

Politoloq Qabil Hüseynlinin Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Azərbaycanda Türkiyə Silahlı Qüvvələrini təmsil edən Xüsusi Komandanlıq Qrupuna 4 general təyin edilib. Bu günə qədər xidmət qrupu ölkəmizdə aşağı rütbəli zabitlərlə təmsil olunub. İndi Türkiyənin ora 4 general təyin etməsi nə ilə əlaqədar ola bilər?

- Bu, Türkiyənin Azərbaycanda hərbi baxımdan təmsilçilik səviyyəsinin yüksəldilməsi, eyni zamanda perspektivdə görüləcək işin miqyası ilə bağlıdır. Heç kəsə sirr deyil, gizlətmədən deməliyik ki, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı yeni yüksək səviyyəyə qalxır, bu da Şuşada liderlər səviyyəsində imzalanmış müttəfiqlik bəyannaməsinin ruhuna tam uyğundur. Türkiyə əsgəri Azərbaycana gəlir, özü də mütəşəkkil və keyfiyyətcə yeni formada gəlir. Əgər türk hərbçiləri bu gün Laçında, Bakıda Azərbaycan xüsusi təyinatlıları ilə birgə təlim keçirlərsə, eləcə də Azərbaycan və Türkiyə qırıcıları və bombardmançıları Konyada təlim-məşq uçuşları reallaşdırırlarsa, bu o deməkdir ki, ikitərəfli münasibətlər keyfiyyətcə yeni mərhələyə qalxır. Buna uyğun olaraq da, Türkiyə Azərbaycanda yeni hərbi komandanlıq sistemi formalaşdırmağa başlayıb. Azərbaycana göndərilən 4 general da Türkiyənin ölkəmizdə formalaşdırdığı hərbi qüvvələrinin idarə edilməsi, onların yerləşdirilməsini, eləcə də mütəmadi olaraq Azərbaycan Silahlı Qüvvələri ilə birgə təlimlərin təşkilini həyata keçirəcəklər.

Belə hesab edilir ki, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin Qardaş ordu briqadaları formatında birləşdirilməsi gələcəkdə qurulacaq Turan ordusunun nüvəsini təşkil edəcək. Artıq Qardaş ordu birliklərinin təməli Bakıda qoyulub. Ermənistanla sərhəddə yerləşən Laçında da bunun təməli atılıb və təlimlər də keçirilir. Dörd generalın Türkiyənin Azərbaycandakı hərbi komanda heyətinə rəhbər qismində göndərilməsi onu göstərir ki, Türkiyənin ölkəmizdəki hərbi iştirakında çox ciddi keyfiyyət dəyişikliyi baş verir. Bu dəyişiklik də həm Azərbaycan ordusunun Türkiyə Silahlı Qüvvələri ilə birgə hərəkət etməsi üçün lazımdır, həm də ordumuzun türk ordusu modelində yenidən qurulması ilə əlaqədardır.

Hesab edirəm ki, Azərbaycan ordusu yaxın 2-3 il ərzində həm silah təchizatı, həm də nizam-intizam və daxili nizamnamə qaydaları baxımından tamamilə NATO standartlarına keçəcək. Azərbaycan ordusu Türkiyə hərbi komandanlığının köməyi ilə daha peşəkar, daha müasir, daha çevik və daha cəsur orduya çevriləcək. Əlbəttə ordunun böyük hissəsini Türkiyə ordu birləşmələri ilə birgə hərəkət etməsi, lazım gələrsə, birgə döyüş əməliyyatları aparması və ordumuzun peşəkarlığının daha da artırılması məsələləri nəzərdə tutulur.

Generalların Azərbaycana göndərilməsi ilkin addımlardır. Gələcəkdə yeni zabit heyəti və digər generalların da göndərilməsinin və komanda heyətinə daxil edilməsinin şahidi olsaq, buna təəccüblənməyəcəyik. Çünki bölgədə Türkiyənin hərbi iştirakını təmin edən hərbi birliklərin formalaşdırılması prosesi gedir. Bu da həm Azərbaycanın hərbi potensialının artırılmasına və təkmilləşdirilməsinə, həm də bütövlükdə Cənubi Qafqazda iki qardaş ölkənin hərbi qüvvələrinin birgə hazırlaşdırılmasına yönəlib.

Qarşıda bizi bir çox maraqlı, eyni zamanda qürurverici məqamlar gözləyir. Bunlar həyata keçdikdən sonra bu, həm Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, həm ölkəmizin özgüvəninin artırılması, bütövlükdə isə gələcək Turan ordusunun qurulması istiqamətlərində mühüm bir mərhələ olacaq.

- Türkiyə-Azərbaycan müttəfiqliyinin yeni səviyyəyə qalxması Qarabağla bağlı imzalanmış üçtərəfli anlaşmanın qalan bəndlərinin həyata keçməsi prosesində nə kimi effektli rol oynaya bilər?

- Əgər Azərbaycan və Türkiyə xüsusi təyinatlıları bu gün Laçında – çətin dağ relyefində müxtəlif döyüş əməliyyatlarını birgə işləyib-hazırlayırsa, bunlar bir sıra həllini gözləyən məsələlərlə bağlıdır. Bura Laçın dəhlizində, eləcə də bütün Qarabağda Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa olunması və digər məsələlər daxildir. Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin birgə təlimləri ölkəmizin milli maraqlarına cavab verir. Bu addımlar Azərbaycanın təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunmasına, yəni suveren hüquqlarının özünə qaytarılmasına xidmət edəcək. Bununla Ermənistanla yanaşı, bölgədə hərbi qüvvələri olan Rusiya ilə münasibətlərin tənzimlənməsində önəmli rol oynayacaq.

- Yəni Rusiya güclənən Azərbaycan-Türkiyə müttəfiqliyi ilə hesablaşacaqmı və ya hesablaşırmı?

- Hesablaşmağa məcburdur. Rusiyanı çox da şişirtməyə dəyməz. Ümumiyyətlə, biz qarşıya məqsədlər qoyarkən, aqressiv və təcavüzkar planlar qurmuruq. Sırf özünümüdafiə haqda planlar cızırıq. Kimlərinsə könlündən çox şey keçə, Cənubi Qafqazı özünün maraq dairəsinə daxil olan bölgə kimi qəbul edə, bu fəlsəfədən çıxış edərək, bölgədə at oynatmaq fikrinə düşə bilər. Amma biz ərazi bütövlüyümüz uğrunda mübarizə aparırıq. Qardaş Türkiyənin ordusu bu işdə bütün gücüylə bizə yardım etməyə hazır olduğunu bildirir. Eyni zamanda, biz təkcə Cənubi Qafqaz hədəfləri uğrunda yox, daha böyük ideyalar uğrunda mübarizə aparmaq məqsədlərini qarşıya qoymuşuq. Bu da qarşı tərəfi ciddi götür-qoy etmək və daha diqqətli davranışlar sərgilmək məcburiyyəti qarşısında qoyacaq.

Təkrar edirəm ki, bizim kiməsə qarşı yönəlmiş iddiamız yoxdur. Sadəcə olaraq, kimlərinsə bizə qarşı məqsədli, kinli və saymaz ədalarının aradan qaldırılması və haqq işimizin tam qələbə çalması uğrunda mübarizə aparırıq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər