Azərbaycan torpaqları erməni işğalı altında olduğu 30 il ərzində İran Ermənistanın əsas qida mənbəyi olub. İran qanunsuz şəkildə erməni işğalı altındakı Azərbaycan ərazilərinə yüklər daşıyıb, separatçılara dəstək göstərib.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.
O bildirib ki, İran ermənilərin azərbaycanlıların tarixinə, dini, milli-mənəvi dəyərlərinə qarşı təcavüzünə göz yumub:
“Şuşada Gövhər Ağa məscidininin İran tərəfindən təmiri də başqa məqsədlərdən xəbər verirdi”.
Deputat qeyd edib ki, Azərbaycan Vətən müharibəsindəki şanlı qələbəsi ilə ərazi bütövlüyünü təmin edib:
“Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarının əraziləri işğaldan azad edilib. Azərbaycanın İranla sərhəd xətti bərpa olunub. Bununla da Ermənistanla İran arasındakı “nəfəslik” Azərbaycanın nəzarətinə keçib. Amma buna baxmayaraq özünü müsəlman adlandıran İran Azərbaycan ərazilərində İslam dəyərlərinə qarşı erməni vandallığını görməzdən gəlib”.
Azər Badamov əlavə edib ki, İslam dəyərlərinə önəm verən İranın erməni sevgisi başa düşülən deyil:
“Bu gün də Azərbaycanın etirazına baxmayaraq İrana məxsus maşınlar qanunsuz olaraq Xankəndinə yüklər daşıyır. Ona görə də İranın Qarabağa müxtəlif təyinatlı yüklərin daşınması Azərbaycan ictimaiyyəti tərəfindən ciddi etirazla qarşılanıb”.