Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviəsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının sentyabrın 16-da Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək zirvə görüşündə təşkilata sədrliyi ələ alacaq Ermənistanın prioritetlərini təqdim edəcək.
Teleqraf.com xəbər verir ki bu barədə təşkilatın mətbuat xidmətindən bildirilib.
“2021-2022-ci illərdə KTMT-yə sədrliyin Ermənistan Respublikasına keçdiyini nəzərə alaraq Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin həyata keçiriləcək prioritetlərini təqdim edəcək”, - deyə mətbuat xidmətinin məlumatında qeyd olunub.
Tədbirdə KTMT-yə üzv dövlətlərin başçıları, eləcə də təşkilatın baş katibi Stanislav Zas iştirak edəcək. Kollektiv Təhlükəsizlik Şurasının üzvləri, həmçinin beynəlxalq və regional təhlükəsizliyin aktual məsələlərini və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sessiyalararası dövrdəki fəaliyyətinin əsas nəticələrini müzakirə edəcəklər.
Ən vacib məsələlərdən biri Əfqanıstandakı vəziyyət və onun KTMT-yə üzv dövlətlərin təhlükəsizliyinə təsiri olacaq. Sessiya zamanı Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsi qəbul olunacaq. Həmçinin, sülhməramlılıq, KTMT qoşunlarının (kollektiv qüvvələr) fəaliyyətinin təmin edilməsi və KTMT-nin kollektiv operativ reaksiya qüvvələrinin müasir silahlar, hərbi və xüsusi texnika, xüsusi vasitələrlə təchiz edilməsi ilə bağlı bir sıra sənədlərin qəbul ediləcəyi gözlənilir. Bundan əlavə təşkilatın 2022-ci il üçün büdcəsi nəzərdən keçiriləcək.