28 Sentyabr 2021 12:48
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ziyafət müəllim, 27 sentyabra qədər Azərbaycanın keçdiyi tarixi yolu, Zəfərə aparan reallıqları necə xarakterizə edirsiniz?

- Torpaqlarımız uğrunda qəhrəmancasına şəhid olan bütün vətən övladlarına rəhmət diləyir, qazilərimizə uca Allahdan şəfa arzulayıram. Tarixi günləri yaşayırıq. 30 illik işğala son qoyan Vətən müharibəsinin başlanğıcı, Zəfərə gedən yolun astanasıdır. Bu müharibə artıq labüd idi. Çünki 30 ilə yaxın müddətdə Ermənistan işğal etdiyi torpaqlardan çıxmaq istəmirdi. BMT və digər beynəlxalq təşkilatların Azərbaycan ərazilərinin azad edilməsi, erməni silahlılarının buradan çıxarılması ilə bağlı qərarlarının olmasına baxmayaraq, Ermənistan işğal siyasətini davam etdirirdi. Məhz belə olan tərzdə Azərbaycan düşmən qarşısında özünün bütün sferalar üzrə imkanlarını və gücünü artırmağa nail oldu. İqtisadi, siyasi, mənəvi üstünlüklə yanaşı, iqtisadi cəhətdən Ermənistandan dəfələrlə güclü bir dövlətçilik əsasları formalaşdırıldı. Nəhayət xalq-ordu-Ali Baş Komandan birliyi ilə torpaqlarımızın işğalına son qoyuldu. Hər bir müharbədə sözsüz ki, itkilər olur. Vətən müharibəsində də igid övladlarımız öz canlarını torpaqlarımızın bütövlüyü uğrunda qurban etdilər. Xalqımız, dövlətimiz heç vaxt bu qəhrəmanları unutmur və unutmayacaq.

- Dövlət başçısı xalqa müraciətində bir sıra məqamlara toxundu və açıq mesajlar verdi...

- Bəli, Ali Baş Komandan bir daha bütün dünyaya Azərbaycan haqlı qələbəsindən danışdı. Xalqımızın, dövlətimizin milli ləyaqətinin özünə qaytarılmasından bəhs etdi. Uzun illər ərazisi işğal edilmiş bir dövlətin vətəndaşı kimi yaşayırdıq. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfərlə başımızı dik tuta bildik. Artıq biz qalib bir dövlətin vətəndaşlarıyıq, bununla da fəxr edirik.

- Döyüşlərin ilk günündən Qələbəyə böyük inam vardı. Tarixi Zəfəri təmin edən başlıca faktorları nədə görürsünüz?

- Müharibədə əsas subyekt canlı qüvvədir. Başlıca güc əsgər, zabit, generaldır. Məhz bu faktorun gücü sayəsində Ali Baş Komandanın rəhbərliyi və xalqın birliyi ilə düşmən üzərində tarixi Zəfər əldə olundu. İllər, əsrlər keçəcək bu Qələbə xalqımız tərəfindən hər zaman böyük çoşğu və fərəh hissi ilə yad olunacaq. Çünki torpaq müqəddəsdir. Torpağı qorumaq da hər bir azərbaycanlının müqəddəs vəzifəsidir. Hər bir azərbaycanlı kişi də bu mənəvi borcu dərk edir.

- Siz də müşahidə etdiniz ki, 44 gündə ölkəmizə qarşı təzyiqlər də az olmadı. BMT qərarlarını Azərbaycan təkbaşına icra edirsə, təzyiqləri, tələbləri necə başa düşmək olar?

- Ermənistan və ona havadarlıq edənlər hər vəchlə çalışırdılar ki, “status-kvo”nu saxlasınlar. Bu günün özündə də “Dağlıq Qarabağ” anlayışını işlədənlər, ona istinad etmək istəyənlər var. Bununla bağlı dövlət başçısı BMT sessiyasında açıq şəkildə bəyan etdi ki, “Dağlıq Qarabağ” ifadəsi artıq yoxdur. Çünki belə bir inzibati bir vahidlik mövcud deyil. Şərqi Zəngəzur iqtisadi zonası anlayışı var. Məhz bu faktlar, əldə olunan tarixi Zəfər bir daha dünyaya onu göstərdi ki, Azərbaycan güclü dövlətdir. Ölkəmizdə Ali Baş Komandanın rəhbərliyi ilə birlik var. Bütün dünya da bir daha şahid oldu ki, Azərbaycan xalqı heç vaxt işğal faktı ilə barışa bilməzdi.

- Ermənistanda revanşizm ab-havasında olanlar var. Bu, hansısa bir mahiyyəti daşıya bilərmi?

- Ermənistandan olan revanşıst qüvvələr və onlara havadarlıq edənlər bir daha bilməlidirlər ki, Azərbaycanın “Dəmir Yumruğu” hər an onlara növbəti zərbə endirə bilər. Ölkə başçısı xalqa müraciətində bu məsələ ilə bağlı açıq mesaj verdi ki, Azərbaycanın növbəti zərbəsi qarşı tərəf üçün məhvedici olacaq. Ona görə də, hər kəs bundan dərs alıb, nəticə çıxarmalıdır. Ermənistan daha yaxşı olardı ki, Azərbaycanın təklif etdiyi məsələlərə adekvat reaksiya versin. Azərbaycanın başlıca şərti odur ki, Ermənistan ölkəmizin ərazi bütövlüyünü tanısın və bölgədə yaranmış yeni reallıqla barışsın. Çünki Ermənistanın düşdüyü ağır durum fonunda yeganə çıxış yolu bölgə ölkələri ilə əməkdaşlıqdan keçir.


Müəllif: Tapdıq Qurbanlı