“Rusiya və Türkiyə prezidentlərinin görüşünə hazırlıq davam edir”.
Teleqraf.com xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Putin görüşlərinin hamısını demək olar ki, video-konfrans vasitəsilə keçirir. Amma Ərdoğanla görüşü üz-üzə olacaq”, - Peskov qeyd edib.
Kremlin sözçüsü əlavə edib ki, Rusiya prezidentinin bir çox danışıqlarının hələ də video-konfrans vasitəsi ilə aparılması yalnız ehtiyat tədbiridir.
Putin və Ərdoğan arasındakı görüşün məzmunu ilə əlaqədar soruşulduqda Peskov liderlərin gündəmində bir sıra beynəlxalq sualların olacağını söyləyib: “Regional mövzular: düşünürəm ki, ilk növbədə Suriya gündəmdə olacaq. Əlbəttə, Əfqanıstan və ənənəvi olaraq Liviya..”.
Kremlin sözçüsü bildirib ki, Rusiya və Türkiyə liderləri ikitərəfli əlaqələr, o cümlədən iqtisadiyyat sahəsində birgə layihələri müzakirə edəcəklər.
Putin və Ərdoğan arasında gözlənilən görüş çərşənbə günü Soçidə baş tutacaq. Görüş Suriyanın İdlib bölgəsində qarşıdurmanın artdığı bir dönəmə təsadüf edir. Görüşdən əvvəl açıqlama verən Türkiyə prezidenti Putinlə Qarabağla bağlı danışacağını da açıqlamışdı.