Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçi şəhərində Rusiya Prezidenti Vladimir Putinlə görüşdən qayıdarkən yolda jurnalistlərin suallarını cavablandırıb.
Teleqraf.com xəbər verir ki, görüşdə müzakirə olunan bir sıra məsələlərə münasibət bildirən Tayyib Ərdoğan Qarabağ mövzusunda da dəyərləndirmələr edib. “Bu görüşdə Zəngəzur dəhlizi gündəmə gəldimi?” sualına cavab verən Ərdoğan bu ifadələri söyləyib:
“Zəngəzur dəhlizi bütün bölgə üçün önəmli bir imkan olacaq. Burada həyata keçiriləcək avtomobil və dəmiryolu xətləri bütün bölgə ölkələri üçün ticari və iqtisadi imkanlar gətirəcək. Azərbaycan bu dəhliz üçün genişmiqyaslı işlər görür. Təbii ki, Ermənistan tərəfinin də öhdəliklərini yerinə yetirməsi gərəkdir”.
Jurnalist bölgədə qurulacaq beynəlxalq platforma ilə bağlı Putinin yanaşmasının nədən ibarət olduğunu soruşub. “Sizin region ölkələri üçün təklif etdiyiniz altılıq platforması məsələsi gündəmə gəldimi?” sualını cavablandıran Ərdoğan “Putin zatən ona hər an hazırdır” cavabını verib.