10 Oktyabr 2021 11:10
2 383
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublika Ağsaqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Eldar müəllim, sizin böyüdüyünüz ailədə elmə, təhsilə, milli-mənəvi dəyərlərə olan münasibətlərdən bəhs etmişdiniz. Bu missiyanı övladlarınıza, nəvələrinizə ötürə bilmisinizmi?

- Ailədə ilk növbədə elmə, təhsilə nə qədər böyük dəyər verilsə, orada böyüyən uşaqlar da öz gələcəklərini düzgün istiqamətdə qura biləcək. Bu gün dünyanı idarə edən elm, ziyalılar və alimlərdir. Eradan əvvəlki dövrə belə nəzər salsaq elmin, təhsilin, öyrənməyin nə dərəcədə önəmli olduğuna dair kifayət qədər faktlara rast gəlmək olar. E. ə V əsrdə Yunanıstanda yaşamış Heredot, eyni zamanda Aristotel bütün dünya üçün zəngin irs qoyub gediblər. Hələ o dövr öyrənməyə, elmə marağı olan dövlət rəhbərləri belə bu dahilərin irsinə, onun tədqiqinə böyük diqqət ayırıblar. Siyasi, iqtisadi və digər sahələrdə də hər zaman elm adamlarına, ziyalılara xüsusi bir yanaşma olub. Xanların, sultanların da hər zaman saraylarında, ətraflarında elm adamları, yaradıcı insanlar yer alıb. Ən görkəmli hökmdarlardan olan Əmir Teymur hökmranlığı dövründə elm, mədəniyyət adamlarına, şairlərə, memarlara xüsusi diqqətlə yanaşıb. O, ilk rəsədxananı yaratmış bir hökmdar kimi tarixə düşüb. Nəvəsi Uluqbəyin şərəfinə “Uluqbəy rəsədxanası” inşa etdirib. Orada ən tanınmış alimləri, araşdırmaçıları toplayıb. Müasir dövrümüzdə də alimlərimiz öz adları ilə cəmiyyətə, millətə verdiyi tarixi töhfələri ilə seçilir. Sözsüz ki, biz uzun müddət sovet ailəsində yaşamışıq. O dövr Azərbaycan alimləri, tanınmış elm adamlarımız ümumi sovet məkanında formalaşırdı. Amma ailələrdə elmə, təhsilə, ziyalıya, müəllimə böyük hörmət olub. Ata-anaya necə hörmət bəslənilirdisə, müəllimə də eyni sevgi, hörmətlə yanaşılırdı. Uşaqlıqdan bizlər bu cür tərbiyə olunmuşuq. Bizim ailədə də elmə, təhsilə xüsusi diqqət var idi. Əmilərimin üçü ali təhsilli olub. Atamın orta texniki təhsili vardı. Anam isə bağça müəllimi idi. Ailəmizdə ilk ailə məktəbə daxil olan mən olmuşam. Məndən sonra kiçik qardaşım, daha sonra ilə böyük qardaşım ali təhsil aldı. Üç qardaş üçümüz də ali təhsilliyik.

- Sizin elmə meyilli olmağınız sırf ali təhsil almaq həvəsi idi, yoxsa məqsədiniz elm sahəsində çalışmaq olub?

- Bizim evdə də hər zaman vurğulanırdı ki, elm heç bir zaman insana ziyan gətirmir. Elm sahəsində ad qazanmış insanlar bəzən əsrlərlə bu titulla yaddaşlarda qalır. Heç vaxt elmi adı kimdənsə almaq, onu bundan məhrum etmək olmur. Azərbaycanın ən böyük alimlərindən akademik Yusif Məmmədəliyevi məhz onun elmi adına, akademik statusuna görə xatırlayır, yada salırıq. Onun Azərbaycan elminə verdiyi dəyərli töhfələrdən yararlanırıq. Bu gün hər kəs onu AMEA prezidenti kimi yox, akademik Yusif Məmmədəliyev kimi xatırlayır.

- Övladlarınızın elmə, təhsilə münasibəti necə olub?

- İki övladım var. İkisi də elmə, təhsilə çöx böyük sevgi ilə yanaşıb. Onlar orta məktəbdə də yaxşı oxuyublar. Hər iki övladım ali təhsillidir. Bakalavr və magistr dərəclərini də fərqlənmə diplomu ilə bitiriblər. Hər iki övladım doktorant, dissertant olub. Oğlum Fərid beynəlxalq hüquq üzrə fəlsəfə doktorudur. O, Xarici İşlər Nazirliyində çalışdığı dövrdə elmi işini müdafiə etdi. Fəridin elmi işi Azərbaycan və xaricdəki diplomatiya fəaliyyəti ilə bağlı idi. Onun 4 elmi rəhbərindən üçü ukraynalı, Kiyev Beynəlxalq Əlaqələr Universitetinin professorları idi. Bir elmi rəhbəri isə Bakı Dövlət Universitetindən idi. Onun elmi işinin müdafiəsi də Bakı Dövlət Universitetində olub. Fəridin elmi rəhbərləri müdafiə dövründə Bakıda da oldular. Mənim üçün də bir elm adamı olaraq onlarla görüşmək çox maraqlı idi. Qızım Aygün isə ali təhsilini başa vurduqdan sonra Kooperasiya Universitetində fəaliyyətə başladı. Burada o, əmək fəaliyyətinə adi müəllim kimi işə başladı. Bir müddətdən sonra doktoranturaya qəbul olundu, bununla yanaşı elmi iş götürdü. Onun elmi işi isə iqtisadiyyat üzrə idi. Bu sahə üzrə elmi işini müdafiə edərək fəlsəfə doktoru, dosent oldu. Kooperasiya Universitetində Təlim-Tərbiyə üzrə prorektor və beynəlxalq əlaqələr kafedrasında müəllim kimi çalışmağa başladı. Qızım elmi işini iki il öncə Gəncə Aqrar Universitetində müdafiə edərək elmlər doktoru dərəcəsini aldı. Hazırda professordur, bir neçə dərslik və monoqrafyanın müəllifidir.

- Bəs nəvələriniz necə elm ardınca getməyi hədəfləyirlər?

- 7 nəvəm var. Onların yeddisi də xarici dildə təhsil alır. Nəvələrimin dördü fransız dilində təhsil alıb. Çünki oğlum Fransadakı səfirliyimizdə çalışırdı, uşaqlar da elə Fransada anadan olub. Bir müddət də orada təhsil alıblar.

- Evdə bu qədər titullu elm adamlarının olduğu bir ortamda daha çox hansı məsələlər müzakirə edilir?

- Evdə övladlarımla, nəvələrimlə daha çox dövlətimizin tarixindən, sözsüz ki, ən həssas məsələ olan Qarabağdan danışırdıq. İndi artıq torpaqlarımız işğaldan azad olundu. Bu mövzuda da mütəmadi olaraq müzakirələr aparırıq. Amma iqtisadiyyat, siyasət və digər mövzularda da bizim müzakirələrimiz olur. Daha çox qarşılıqlı fikir mübadiləsi aparırıq. Övladlarım demək olar ki, hər bazar günü bizdə toplaşır. Ailə məsələlərindən sonra gündəmdə olan məsələləri, onlar üçün maraqlı olan mövzuları müzakirə edirik. Sözsüz ki, bu illər ərzində bizim əsas müzakirə mövzumuz vətənimizin ərazi bütövlüyü idi. Çünki həddən artıq vətənə, torpağa bağlı insanlarıq. Biz evdə də hər zaman öz aramızda olan müzakirələrdə inamımızı ifadə edirdik ki, torpaqlarımız mütləq azad olunacaq. Xüsusən də, 2016-ci ildəki 4 günlük müharibədən sonra bizim bu mövzuda fikirlərimiz, inamımız daha da gücləndi. Oğlumla ikilikdə də söhbətimizdə deyirdik ki, biz torpaqlarımız mütləq azad edəcəyik.

- Nəvələriniz sizə ən çox hansı mövzularda suallar verir?

- Nəvələrimə Azərbaycan tarixi, milli-mənəvi dəyərlərimizlə bağlı mövzulardan bəhs edirəm. Hər zaman vurğulayıram ki, ermənilər satqın, xəyanətkar olub. Bu gün nəvələrim də Azərbaycan tarixi, Azərbaycanın şimala, cənuba bölünməsini, İrəvanın Çar Rusiyası tərəfindən işğal tarixini əzbər bilirlər.

- Sizin dövrünüzdə Azərbaycan tarixi ilə bağlı dərsliklərdə hansı məlumatlar yer alırdı?

- Sovet dövründə Azərbaycan tarixi çox kiçik bir formada təqdim olunurdu. SSRİ tarixi, ədəbiyyatı özlərinə uyğun yazılmışdı. Rusiyanın tarixi olsa da, sovetin bir tarixi yox idi. Amma buna baxmayaraq biz öz tarixi qəhrəmanlarımız haqqında ətraflı bilgilərə malik olmuşuq. Çünki ata-anamız öz tariximizi, tarixi şəxsiyyətlərimizi bizə hər zaman tərənnüm edirdi. Biz də öz tariximizə, keçmişimizə sahib çıxmalıyıq.

- Tarixi missiyanın ötürülməsi kimi bir anlayış da var ...

- Azərbaycançılıq bizim qanımızdadır. O vaxt bizlər qardaş Türkiyəyə, türk xalqına, vətənpərvərliyə görə həsəd aparırdıq. Sovet imperiyası içində də ayrı-ayrı xalqların öz vətəni, dövləti haqqında gizlin də olsa bilgiləri, sevgiləri çox idi. Xatirimdədir ki, 1972-ci ildə sovet gəncləri olaraq Polşaya səfər etmişdik. Orada polyak gənclərlə səmimi söhbət etdik. Bu səfər çərçivəsində bir gün polyak gənclər xəritə göstərdilər. Həmin xəritədə artıq SSRİ yox idi. Halbuki həmin dövr sovetlərin qılıncının arxası da, qabağı da kəsən vaxtlar idi. Polyak gənclər bizə dedilər ki, öz tarixinizdən, vətəninizdən, dövlətinizdən bərk yapışın. Bizə dedilər ki, SSRİ dağılacaq, ayrı-ayrı respublikalar qalacaq, amma sovet imperiyası mütləq yox olacaq. O vaxt biz bu cür söhbətlərə qəribə və istehza ilə yanaşırdıq.

- Gələcəklə bağlı övladlarınzla hansı məsələləri müzakirə edirsiniz?

- Sözsüz ki, Azərbaycanın gələcəyi, ölkəmizin öz potensialı ilə regionda və dünyada aparıcı bir yerə çatacağı ilə bağlı fikir mübadiləmiz olur. Azərbaycanın Qarabağın azadlığı üçün apardığı haqlı mübarizə və qazandığı tarixi qələbə onu bütün dünyaya tanıtdı. Kimlərinsə buna zərrə qədər şübhəsi var idisə, bütün bunlar alt-üst oldu. Ermənilərin özləri haqqında yaratdığı yanlış miflər darmadağın oldu. Artıq Avropada, Amerikada, Rusiyanın özündə də reallığı daha aydın görmək imkanı yaranıb. Çünki Azərbaycan böyüyüb daha da güclü olacaq. Məhz proses buna doğru gedir. İlk növbədə torpağa, millətə bağlı olmalısan. İnsan öz doğulduğu, böyüdüyü torpağa bağlı olmalıdır. Torpaqdan, vətəndən pay olmaz. Bu gün evdə nəvələrimlə, övladlarımla aparıdığım söhbətlərdə onlara ən başlıca tövsiyəm odur ki, vətənimizi, dövlətimizi, millətimizi qorumalıyıq. Hər birimiz öz işimizlə, fəaliyyətimizlə vətənimizə xidmət etməliyik. Balalarıma, nəvələrimə hər zaman fəxrlə, şövqlə deyirəm ki, biz uca bir xalqın övladlarıyıq. Ona görə də, Azərbaycanımızı hər zaman qorumalıyıq.


Müəllif: Tapdıq Qurbanlı