8 Noyabr 2021 12:00
1 354
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan dövləti və xalqı möhtəşəm qələbənin təntənəsini yaşayır. 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın hərbi təxribatlarına cavab olaraq başlanan əks hücum əməliyyatı və 44 günlük döyüşlər tariximizə Vətən müharibəsi kimi yazıldı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ötən il sentyabrın 27-də xalqa tarixi müraciəti, ölkədə hərbi vəziyyətin elan olunması, eləcə də qismən hərbi səfərbərliyin elan olunması həmin günün unudulmaz hadisələridir. Bu çağırışdan və qərarlardan sonra on minlərlə vətəndaşımızın yaşından asılı olmayaraq könüllü surətdə döyüşlərə getmək, torpaqlarımızı işğaldan azad etmək üçün müvafiq qurumlara, səfərbərlik xidmətinin yerli şöbələrinə müraciət edirdilər. Çünki nəhayət, 30 illik həsrətdən sonra torpaqlarımızın erməni işğalından azad olunması uğrunda müharibə başladı. Biz torpaqlarımızın erməni işğalından azad olunması sevincini məhz müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman əsgərlərimizin, döyüşçülərimizin, canlarını qurban vermiş şəhidlərimizin sayəsində yaşayırıq. Biz şəhidlərimizin xatirəsini hər zaman böyük ehtiramla anırıq.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 1992-ci ildə təsis olunmuş ATƏT-in Minsk Qrupu fəaliyyəti dövründə problemin həllinə yox, dondurulmasına çalışıb və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalıb: “Minsk qrupu həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslədi, münaqişənin həlli ilə bağlı qəbul olunmuş beynəlxalq qətnamələr kağız üzərində qaldı. Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirərək münaqişənin danışıqlar vasitəsilə həllinə çalışırdı. Bu dövrdə dünyanın mötəbər beynəlxalq təşkilatı olan BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirdi, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətləndi. Halbuki BMT Baş Məclisi Azərbaycan Respublikasının suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını təsdiq edərək, bütün erməni qoşunlarının Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qaldı. Beynəlxalq birlik bu sənədlərin icra olunması üçün Ermənistana heç bir təzyiq göstərmədi”.

Millət vəkilinin sözlərinə görə, 2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını nümayiş etdirdi: “Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmadı. Azərbaycana qarşı diversiyaları davam etdirdi. Erməni siyasətçiləri təxribatçı bəyanatlar verirdilər. 2020-ci il 27 sentyabr tarixində Ermənistan tərəfindən növbəti hərbi təxribat törədildi, Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə tutuldu. Nəticədə, hərbi qulluqçularla yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi. Ötən il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladı. Bu, əslində Ermənistanın kapitulyasiyası idi”.

Sevinc Fətəliyeva hesab edir ki, müharibədə qələbə qazanan Azərbaycan regionda yeni reallıqlar yaradıb: “Azərbaycan dövləti regionun inkişafı ilə bağlı önəmli təşəbbüslərlə çıxış edir. Tarixi qələbə qazanan Azərbaycan həm öz ərazi bütövlüyünün bərpasına nail oldu, həm də bütün region xalqları və dövlətləri üçün faydalı əməkdaşlıq imkanları yaratdı. Post-konflikt mərhələsində də Azərbaycanın irəli sürdüyü təşəbbüslər və təkliflər regional inkişafa, bölgədə əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir. Ermənistan bu tarixi şansdan istifadə edərək, yaranmış fürsəti dəyərləndirməlidir. Bunun üçün, ilk növbədə, ərazi iddiasından əl çəkməli, sülh müqaviləsinə hazırlıq işləri görməli, kommunikasiyaların açılmasını əngəlləməməli və sərhədlərin delimitasiyası ilə əlaqədar beynəlxalq hüquq normalarına uyğun konkret mövqe ortaya qoymalıdır”.

Parlamentarinin fikrincə, qardaş Türkiyə Vətən müharibəsinin gedişində ölkəmizə mənəvi və siyasi dəstək verdi: “Qazanılan qələbədə qardaş ölkənin tutduğu mövqeyin mühüm rolu var. Müharibənin bitməsindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “3+3” platforması ilə çıxış edib. Yəni 6 dövlətin – Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, İran və Ermənistanın birgə əməkdaşlığı regionun iqtisadi tərəqqisində çox mühüm rol oynaya bilər. Burada Zəngəzur dəhlizi isə müstəsna əhəmiyyət kəsb edir. Bu dəhlizin açılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərin nəticəsi olaraq Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları Birgə Bəyanat əsasında yaradılacaq yeni Zəngəzur dəhlizi uzun illər blokadada olmuş Naxçıvan bu şəraitdən çıxarmaqla yanaşı, qədim Zəngəzurun qapılarını da uzun həsrətdən sonra böyük türk dünyasının üzünə açır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər