11 Noyabr 2021 19:51
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bəlli bir siyasət var və yumşaq desək, bu ermənipərəst siyasətdir. Qaragölün sərhədinin dəqiqləşdirilməsi prosesi geridə qalmışdı, bizim əsgərlər çoxdan ora çıxmışdı. Amma ötən gün baş verənlər göstərir ki, bunlar ayaqlarını dirəyib sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı məqbul olmayan şərtlər irəli sürməyə çalışacaq”.

Bunu Teleqraf.com-a politoloq Qabil Hüseynli dünən bir qrup erməni əsgərinin Qaragöl ətrafına gəlməsi və Azərbaycan ordusu tərəfindən mühasirəyə düşməsi haqqında danışarkən bildirib.

Qabil Hüseynli deyib ki, Azərbaycan ordusu Qaragöl ətrafında mühasirəyə aldığı 60-a yaxın erməni hərbçisini nahaq yerə buraxıb: “Rus sülhməramlısı kimdir ki, onun xahişi ilə ərazimizə daxil olan 60 nəfər düşmən əsgərlərini azad edək. Həm də 10 noyabr razılaşmasına görə, onlar bu ərazidən çıxmalı idi. Bu faktiki olaraq bölgədə üçtərəfli razılaşmanın kim tərəfindən pozulduğu bir daha isbat etdi”.

Politoloq deyib ki, bu təxribatlar davam edə bilər: “Məncə, danışıqlar prosesinin ləngiməsi, üstəlik də Rusiyanın Peskovun dili ilə gah bu gün, gah da sabah deyərək qeyri-ciddi fikirlər səsləndirməsi onu göstərir ki, bütün bu proseslərin başında Rusiya dayanır. Rusiya bölgədə “nə sülh, nə də müharibə” tezisini həyata keçirməyə çalışır. Amma Rusiya düşünmür ki, regionun ən güclü dövləti Azərbaycandır, üstəlik onun Türkiyə kimi regionda yerləşən və güclənən müttəfiqi var. Bu güc bölgədə Rusiyanın fikirləşdiyini alt-üst edərək necəki indiyə qədər dəyişdirib, bundan sonra da dəyişdirə bilər”.


Müəllif: Nemət