Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Elşad müəllim, birgə Bəyanatın imzalanmasından bir il ötdü. Bu razılaşma üç tərəf üçün nə dərəcədə əhəmiyyətli hesab olunur?
- Ötən ilin noyabr ayının 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış birgə Bəyanat 44 günlük Vətən müharibəsinin nəticəsi idi. Birgə bəyanatı Azərbaycanın və Rusiyanın maraqları prizmasından eyni zamanda Ermənistan üçün onun hansı anlama gəldiyini nəzərdən keçirmək olar. Sözsüz ki, birgə Bəyanat Azərbaycanın gücünün ifadəsi idi. Çünki Ermənistan cəmiyyətində ümumi rəy ondan ibarət idi ki, birgə Bəyanat həm də Ermənistan üçün bir xilas sənədi oldu. Ermənistan baş naziri kapitulyasiya sənədinə imza atdıqdan sonra bildirir ki, “bunu etmək ona çox ağır idi, lakin başqa çıxış yolu yox idi”. Paşinyanın bu etirafı onu göstərir ki, Ermənistanın sənədə imza atmaqdan başqa çıxış yolu olmayıb. Çünki Azərbaycan Ordusu sürətlə irəliləyirdi və artıq Xankəndinin çox yaxınlığında idi. Bununla da bütün ərazilərin ermənilərdən tamamilə təmizlənməsi qısa zaman məsələsi olmuşdu. Eyni zamanda bütövlükdə Ermənistanın dövlətçiliyinin sual altına düşməsi ilə bağlı məsələlər gündəmə gəlirdi.
- 2020-ci ilin 10 noyabrında razılıq əldə olunmasa nə baş verə bilərdi?
- Əgər birgə Bəyanat imzalanmasaydı, Azərbaycan Ermənistanın bütün ordusunu darmadağın edəcəkdi. Bunu təkcə Azərbaycan tərəfi demir. Ermənistanın özü də etiraf edir. Kənar müşahidəçilər, hərbi, siyasi analitiklər də bu fikirdədir.
Ötən ilin 27 sentyabrında Azərbaycan Prezidenti İlham Əliyevin əmrinə əsasən Azərbaycan Silahlı Qüvvələri Ermənistanın növbəti təxribatının qarşısını almaqla yanaşı əks-hücum əməliyyatlarına başladı. Vətən müharibəsinin artıq 4-cü, 5-ci günü Ermənistan ordusunun təxminən 20 faizə qədəri məhv edilmişdi. Bu müharibənin ilk günlərində olan bir hal idi. Ona görə də, diqqət etmək kifayət edər ki, 44-ci gün Ermənistan ordusu hansı bir vəziyyətdə idi? Paşinyanın özü də Ermənistan ordusunun cılız durumda olmasını etiraf edib. Amma erməni baş nazir ordunun o vəziyyətdə olmasına görə, özündən əvvəlki hakimiyyətləri ittiham edir. O, bununla demək istəyir ki, Ermənistan ordusu olduqca zəif idi. Amma bunun günahkarı o deyil, ondan əvvəlki rəhbərlər olub. Bu baxımdan birgə Bəyanat Ermənistanın olduqca zəif durumunun, Azərbaycanın isə güclü vəziyyətinin, resurslarının ifadəsi idi.
- Bəyanatı həm də sonrakı dövr üçün siyasi müstəvidə əsas hesab etmək nə dərəcədə məntiqlidir?
- Birgə bəyanat Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsinin siyasi ifadəsi idi. Çünki bəyanatda yer alan məqamların Azərbaycanın diktəsi altında ifadə olunduğu aşkardır. İlk növbədə Azərbaycan öz ərazisində erməni silahlılarını görmək istəmir. Bu amil bəyanatda öz ifadəsini tapıb. Qeyd olunur ki, rus sülhməramlıları Ermənistan silahlı qüvvələrinin ərazidən çıxarılmasına paralel olaraq bölgəyə yerləşir. Təbii ki, bu gün müəyyən qədər əsaslar var kibu maddədə nəzərdə tutulan prinsiplər öz ifadəsini tapmayıb. Çünki erməni silahlıları yenə də zaman-zaman təxribatlarından qalmır. Digər tərəfdən birgə bəyanatın 5-ci bəndinə uyğun olaraq ərazidə Türkiyə və Rusiyanın Birgə Monitorinq Mərkəzi yaradılıb. Burada da Azərbaycanın iradəsi əhəmiyyətli olub. Birgə bəyanatın 9-cu bəndində Naxçıvanla Azərbaycan arasında nəqliyyat əlaqəsinin yaradılması nəzərdə tutulur. Ən strateji məqamlar bunlardır ki, Azərbaycan iradəsi ilə məhz bu məqamlar öz ifadəsini tapıb.
- Hazırda Azərbaycanla Ermənistan arasındakı iki mümkün sənədin ardınca növbəti razılaşmanın olacağına ümid etmək nə dərəcədə realdır?
- Birgə bəyanat Azərbaycanın öz ərazilərində suverenliyinin təmin olunmasında növbəti addımlar atmaq üçün siyasi, hüquqi əsaslar yaratdı. Bu ilin 11 yanvar tarixində Moskvada növbəti üçtərəfli sənəd imzalandı. Bu sənədə əsasən yenidən nəqliyyat, kommunikasiyalarının yaradılması, iqtisadi layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Məhz bu da Azərbaycanın strateji hədəflərindən biri hesab olunur. Göründüyü kimi Azərbaycan öz maraqlarına uyğun olaraq prosesləri yönləndirməkdədir.
- Proseslərin inkişaf istiqamətlərini necə izah edirsiniz?
- Ötən bir il ərzində işğaldan azad edilən ərazilərdə böyük sürətlə tikinti-quruculuq işləri aparılır. Zəngəzur dəhlizinin artıq müəyyən elementlərinin yaradılması istiqamətində addımlar atılmaqdadır. Bütün bunlar əsas verir ki, Azərbaycan tez bir zamanda az sayda ermənilərin yaşadığı ərazilərimizdə suverenliyini tam bərpa etsin. Bu istiqamətdə Azərbaycanın kifayət qədər iradəsi, resursu və gücü mövcuddur.