Bu gün Ermənistanda Baş nazir Nikol Paşinyan əleyhinə olan revanşist qüvvələrin iki qanadı mövcuddur. Onlar siyasi və hərbi qruplardan ibarətdir. Siyasi qanada iki hərbi cani keçmiş dövlət başçıları Serjik Sarkisyan və Robert Köçəryan rəhbərlik edir. Onlardan biri “Ermənistan” digəri isə “mənim şərəfim var” blokuna rəhbərlik edir. Hətta bu qüvvələr Paşinyana qarşı daha açıq mübarizə üçün “milli müqavimət hərəkatı” yaradıblar.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Onun fikrincə, hazırda Ermənistanda olan real müxalifətin məqsədi Paşinyanı devirmək, hətta onun fiziki məhvinə nail olmaqdan ibarətdir: “Paşinyana qarşı hərbi müxalifətdə təmsil olunanlar var ki, onlar hazırda elə də nəzərə çarpmırlar. Amma lazımı məqamda üzə çıxıb Paşinyanın devrilməsi planında yaxından iştirak edə bilərlər. Ona görə də, hazırkı vəziyyətdə Paşinyanın müdafiə naziri Arşak Karapetyanı vəzifədən uzaqlaşdırmasında bu amilin də rolu var. Eyni zamanda erməni baş nazir artıq əməkdaşlığın alternativini görmür. O düşünür ki, əməkdaşlığın alternativi müharibədir. O, müharibəni uduzub, növbəti müharibə isə Ermənistan üçün sonun başlanğıcı ola bilər”.
Millət vəkili hesab edir ki, hazırda Paşinyana əməkdaşlıq hava, su kimi lazımdır: “Belə olan halda erməni müdafiə nazirinin son davranışları, Qarabağa qeyri-qanuni səfərləri, orada separatçılarla görüşü revanşistlərin istəkləri ilə üst-üstə düşürdü. Dolayısı ilə keçmiş müdafiə naziri revanşistlərin planını həyata keçirmiş olurdu. Bu da Paşinyan üçün ciddi siqnal idi. Görünən odur ki, yaxın günlərdə Ermənistanda güc strukturlarında da dəyişiklərə şahidlik edəcəyik. Həmçinin Paşinyan Ermənistan müdafiə naziri vəzifəsinə tarixi fakültəsinin məzunu, hərbçi olmayan mülki şəxsi gətirməklə mesaj verir ki, əməkdaşlıq yolunu seçmək lazımdır”.
Elman Nəsirova görə, Paşinyan demək istəyir ki, “o, qırğıları hakimiyyətə gətirmək istəmir”: “Düşünür ki, mülki şəxs müharibə haqqında deyil, daha çox sülh istiqamətində addımlar atacaq. Bu hallar Ermənistanda daxili vəziyyətin gərginləşdiyini göstərir. Artıq Paşinyan öz yaxın ətrafını belə ələkdən keçirməyə başlayıb. Paşinyan hakimiyyətə gələndən bəri artıq 4-cü müdafiə nazirini təyin edir. Onlardan üçü kapitulyasiya aktından sonra təyin edilib. Sonuncu müdafiə naziri Karapetyan son həftələr yalnız təxribatçı addımlar atmaqla məşğul olub”.
Qeyd edək ki, Arşak Karapetyan Azərbaycan ərazilərinə qanunsuz səfər edib. Qara Göl ətrafında təxribat, mövqelərimizin atəşə tutulması kimi faktlar mövcuddur. Azərbaycan Müdafiə Nazirliyi bu cür təxribatlara görə, noyabrın 10-da qarşı tərəfə sərt xəbərdarlıq etmişdi.