25 Noyabr 2021 13:22
446
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT PA-nın vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev Yunanıstanda parlament, hökumət və siyasi partiyalarla silsilə görüşlər keçirib.

Teleqraf.com xəbər verir ki, A.Quliyev noyabrın 23 və 24-də Yunanıstanın daxili işlər naziri Makis Voridis, Miqrasiya və əmək naziri Notis Mitraçıs, Parlamentin vitse-spikeri Karalampos Atanasios, Baş nazirin xüsusi nümayəndəsi Konstantin Karidis, xarici işlər nazirliyinin baş katibi Temistoklis Demiris, əsas müxalifət partiyasının nümayəndəsi və sabiq xarici işlər naziri Corc Katrigalos və digər rəsmi şəxslərlə keçirdiyi görüşdə regional təhlükəsizlik və əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub.

Görüşlərdə həmçinin Qərbi Balkanlarda yaşanan son gərginlik, Yunansıstanda gələcək seçkilər, regional əməkdaşlıq imkanları diqqət mərkəzində olub. Afina ilə Skopya arasında Şimali Makedoniyanın ad məsələsinin danışıqlar yolu ilə həlli təqdir olunub. Region ölkələrinin Avropa İttifaqına üzvlüyünün bu bölgənin gələcək inkişafı üçün zəmanət ola biləcəyi vurğulanıb.

Həmçinin Bosniya və Hersoqovinada artan gərginlik fonunda bölgə ölkələrinin daha yaxından əməkdaşlıq etmələrinin vacibliyini vurğulanıb. 2023-cü ildə Şimali Makedoniyanın ATƏT-ə sədrlik etməsinin Qərbi Balkanlarda problemlərin effektiv həlli baxımından yeni imkanlar yaratdığı bildirilib.

ATƏT PA-nın Xüsusi nümayəndəsi Miqrasiya və əmək naziri ilə noyabrın 24-də keçirdiyi görüşdə miqrasiya sahəsində ATƏT PA ilə əməkdaşlığın dərinləşdirilməsi ətraflı müzakirə olunub. Bildirilib ki, qaçqın və məcburi köçkün problemi ATƏT ərazisində ən ciddi humanitar problem kimi qalmaqdadlır və bu problemin səmərəli həlli üçün üzv ölkələr səylərini birləşdirməlidir.

A.Quliyev nazirlər, parlament nümayəndələri və müxalifər partiyası ilə keçirdiyi görüşdə Yunanıstanda insan hüquqları, mətbuat azadlığı və qanunun aliliyi məsələləri, son vaxtlar bu sahədə yaşanan problemləri və məhdudiyyətləri ətraflı müzakirə edib, bu problemlərin həllində ATƏT PA-ın dəstəyini və iştirakını təklif edib.

ATƏT PA-nın yaydığı məlumatda o da qeyd olunur ki, görüşlər zamanı iqtisadi və təhlükəsizlik məsələlərini, seçki islahatlarını yunan tərəfdaşları ilə müzakirə edib və mövcud çağırışların qarşısının alınmasında parlament diplomatiyasının rolundan bəhs edib.

Press-relizdə o da qeyd olunub ki, A.Quliyev ATƏT PA-nın Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi kimi ilk səfərini Yunanıstan edib və gələn il regionun digər ölkələrinə də anoloji səfərlər təşkil olunacaq.


Müəllif: Tapdıq Qurbanlı