25 Noyabr 2021 21:33
1 611
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkinci Qarabağ müharibənin başa çatmasından və Ermənistanın kapitulyasiya aktına imza atmasından bir ildən çox vaxt keçir. Amma buna baxmayaraq, Ermənistanın baş nazir Nikol Paşinyan və ətrafı, hələ də mövcud reallıqlardan yayınmaq üçün erməni xalqını və beynəlxalq ictimaiyyəti aldatmatmaqda davam edir. Ermənistan hakimiyyəti regionda davamlı sülhün təmin olunması istiqamətində həyata keçirilməsi nəzərdə tutulan layihələri sabotaj etməklə, rəsmi İrəvanın üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmağa çalışır.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, N.Paşinyanın son seçkilərdə kommunikasiyaların açılmasının vacibliyini vurğulamasına, bununla da Ermənistanın iqtisadi-siyasi kollapsdan çıxacağı barədə vədlər verməsinə baxmayaraq, indi tamamilə əks mövqedən çıxış edir: “Paşinyanın iddialarına görə, Ermənistan ərazisi böyunca nəqliyyat dəhlizlərinin açılmasından söhbət gedə bilməz və üçtərəfli bəyanatda “dəhliz” ifadəsi yer almayıb. Şübhəsiz ki, onun bu iddiaları, əsasən Ermənistan cəmiyyətinə hesablanmış və bölgədə öz təsir imkanlarını qoruyub saxlamağa çalışan dairələrin istək və təlimatlarına uyğun olaraq irəli atılıb. Amma ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndində qeyd olunur ki, “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir”. Üçtərəfli bəyanatın 9-cu bəndinin yuxarıda iqtibas edilən hissəsindən göründüyü kimi, burada söhbət nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkilindən gedir. Bu isə, dövlətlərarası və həm də xüsusi statusa malik olan dəhliz deməkdir. Maneəsiz hərəkət isə, yüklərin, nəqliyyat vasitələrinin və vətəndaşların sərhəd, gömrük və digər xidmətlərin iştirakı olmadan, onların fasiləsiz hərəkətinin təmin edilməsi anlamına gəlir. Çünki bütün konvensiyalarda dövlətləararsı razılaşmalar əsas götürülür. Ötən il noyabrın 10-da imzalanmış bəyanatda həm də üçüncü – zəmanətçi tərəf də var. Bu həm “Beynəlxalq razılaşmalar hüququ” haqqında Vyana konvensiyasının, həm də beynəlxalq hüququn prinsipləri haqqında bəyannamədir. Məhz müvafiq müddəalara uyğun olaraq, razılaşmaya imza atan bütün tərəflərin, o cümlədən zəmanətçi ölkənin öz öhdəliklərini yerinə yetirməyə davranmağa borclu olduğunu, buna görə hüquqi məsuliyyət daşıdığını ortaya qoyur”.

Millət vəkili hesab edir ki, N.Paşinyanın “Laçın dəhlizi” bağlı iddiasına da cavab verib: “Üçtərəfli bəyanatın “Laçın dəhlizi” ilə bağlı hissəsində maneəsiz hərəkətin təşkili ilə bağlı heç bir öhdəlik yoxdur. Bu baxımdan, “Laçın dəhlizi” mahiyyət etibarilə beynəlxalq nəqliyyat dəhlizi deyil, sadəcə, Ermənistan vətəndaşlarının, həmçinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan torpaqlarında yaşayan etnik ermənilərin, sərhəd, gömrük və digər xidmətlərin nəzarətindən keçməklə, qarşılqlı gediş-gəlişinin təşkili məqsədilə yaradılan humanitar dəhlizdir. Digər tərəfdən, üçtərəfli bəyanatın mahiyyətini regiondakı bütün kommunikasiyaların açılması, əlaqələrin və iqtisadi fəallığın bərpa olunması, davamlı sülhün və təhlikəsizliyin təmin edilməsi təşkil edir”.

Sevinc Fətəliyevaya görə, Gorus-Qafan yolunda Azərbaycanın tətbiq etdiyi qaydalar Paşinyan üçün dərs olmalı idi: “Amma görünür, N.Paşinyan Ermənistanın “marionet dövlət” statusunu qoruyub saxlamağa çalışan dairələrin təlimatından çıxmaq, xalqının təhlükəsiz gələcəyi üçün mövcud olan çıxış yollarını görmək iqtidarında deyil”.


Müəllif: Tapdıq Qurbanlı