26 noyabr tarixində Rusiyanın Soçi şəhərində Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin görüşünü birmənalı şəkildə tarixi görüş adlandırmaq olar. Vətən müharibəsi bitdikdən sonra Ermənistanda tək müxalifətin deyil, hakim dairələrinin də düçar olduğu revanşizm, Azərbaycana hərbi təzyiq göstərmək və azad edilmiş torpaqları geri qaytarmaq siyasəti iflasa uğradı. Ermənistan Azərbaycanın ötən ilin noyabr ayından təklif etdiyi mehriban qonşuluq, problemləri diplomatik yolla həll etmək təklifini qəbul etməyə məcbur oldu.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, müasir tariximizdə Ermənistanın imza atdığı və ya üzərinə götürdüyü öhdəliklərdən asanlıqla imtina etmək nümunələri kifayət qədər çoxdur:
“Ancaq qonşu ölkənin indiki yaşadığı siyasi-iqtisadi böhran onu istəməsə də problemlərin həllinin Azərbaycan variantını qəbul etməyə məcbur edir. Tərəflər imzaladıqları birgə bəyanatda sərhədlərin demarkasiyası üçün ikitərəfli komissiya yaratmaq, gələn həftə kommunikasiyaların aşılması üçün Moskvada üçtərəli komissiyanın iclasını keçirmək barədə razılığa gəliblər. Bu o deməkdir ki, Zəngəzur dəhlizi açılacaq. Bu təkcə Azərbaycanın deyil, bütöv bir regionun, o cümlədən Ermənistanın da xeyrinədir. Dəhlizin işə düşməsi ilə Ermənistan özü-özünü saldığı izolyasiyadan çıxaracaq və büdcəsinə stabil olaraq hər il yüz milyonlarla ABŞ dolları vəsait daxil olacaq. Bu hələ başlanğıcdır. Ermənistan Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq münasibətləri qurmaqla iqtisadiyyatını dirçəltmək üçün böyük imkanlar əldə edir”.
Millət vəkili hesab edir ki, Ermənistanın gələcəyi Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq siyasətində, qonşu dövlətlərə torpaq iddiasından imtina etməsindədir:
“Bu mənada Soçi görüşünün nəticələrini möhkəmləndirmək üçün böyük imkanlar var. Hətta mehriban qonşuluqla bağlı Ermənistanın ciddi niyyətləri olarsa Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri arasında birbaşa rabitə əlaqəsi yaratmaq, hər iki paytaxtda diplomatik kontakt qrupu yaratmaq, Azərbaycan din xadimlərinin İrəvandakı Göy məcscidə, erməni din xadimlərinin Bakıdakı erməni kilsəsinə səfərlərini təşkil etmək olar. Bu siyahını daha da böyütmək olar. Bunun üçün ilk növbədə Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalı, üçtərəli görüşlərdə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”.
Aydın Mirzəzadəyə görə, Soçi görüşü Azərbaycanın növbəti diplomatik uğurudur: “Bu, Prezident İlham Əliyevin siyasi xəttinin növbəti müsbət nəticəsidir”.