9 Dekabr 2021 09:21
1 446
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyənin mövqeyi gücləndikcə, Rusiya isə zəiflədikcə Orta Asiyanın türk respublikaları da Türkiyənin təhlükəsizlik çətirinin altına yığılmağa başlayacaqlar. Bunun üçün inam var. Bu konkret sübutlarla özünü ortaya qoydu. Bu gün Suriyada, Liviyada və Qarabağda işğalçı dövlətlər üçün ən çəkindirici faktor qardaş Türkiyədir. Məzlumların və haqqı tapdalanan dövlətlərin yanında duran da odur. Maraqlıdır ki, Türkiyənin yanında durduqları dövlətlər hərbi uğur qazanıblar. Biz bunu ən açıq şəkildə Liviyada gördük”.

Politoloq Natiq Mirinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Türk Dövlətləri Təşkilatının İstanbulda keçirilən son toplantısı hələ də Rusiyada müzakirə mövzusudur. Rusiyalı ekspertlər və media qurumları türk dövlətləri arasında hərbi ittifaqın qurulması ehtimalını gündəmə gətiriblər. Hətta Rusiya Xarici işlər naziri Sergey Lavrov da bu haqda danışıb. Sizcə, belə bir ittifaq mümkündürmü?

- Əslində, əsas hədəflərdən biri türk dövlətlərinin birgə ordusunun yaradılmasıdır. Doğrudur, bu, əsasnamədə birmənalı olaraq göstərilməyib. Bunun konkret səbəbləri var. Çünki bundan qayğılanan və əndişələnən dövlətlər mövcuddur. Onların başında Rusiya dayanır. Bu, Rusiya üçün ciddi anlamda narahatedici məsələdir. Rusiya hələ də Orta Asiyanı özünün “arxa bağçası” və “əhatə dairəsi” sayır. Bu “əhatə dairəsi”nə də xarici müdaxilələri hələ də qəbul edə bilmir.

Ancaq reallıq budur ki, artıq vəziyyət dəyişib. Əvvəllər Cənubi Qafqaz da “Rusiyanın əhatə dairəsi” hesab olunurdu. Amma bu gün görürük ki, Gürcüstan Qərbə inteqrasiya xəttinə üstünlük verir və NATO-ya üzvlüklə bağlı müraciət edib. Eyni zamanda, bilirsiniz ki, 2018-ci ildə Ermənistanda da Qərbin dəstəyi ilə rusiyayönümlü hakimiyyət devrildi. Bu gün Rusiyanın Ermənistana təsir imkanlarının zəiflədilməsindən danışılır. Bu o deməkdir ki, Rusiyanın Cənubi Qafqazdakı mövqeləri də zəifləyir.

Qardaş Türkiyənin Cənubi Qafqaza – Azərbaycana gəlişi və buradakı varlığı, bundan sonra regiondakı güc balansının dəyişməsi göstərir ki, Orta Asiyadakı türk respublikalarının birliyi də bu cür olacaq. Buna görə də, əvvəlcə siyasi birliyin qurulmasından söhbət gedir. Bu yöndə təşkilatlanmış strukturlar yaradılır. Bunun başqa bir siyasi qolu olan parlamentlərarası münasibətlər tədricən tənzimlənəcək.

Gələcək perspektivdə birgə iqtisadi sistemin yaradılması müzakirə mövzusu olacaq. Nəhayət, təhlükəsizliklə bağlı məsələlərin həlli ilə bağlı birgə ordusunun yaradılması gündəmə gətiriləcək. Yəni bu, qaçılmazdır, durum bunu vəd edir və bunun işartıları var.

Bilrisiniz ki, Türkiyə və Azərbaycanın birgə hərbi briqadası yaradılıb. Türkiyə bununla bağlı Azərbaycana yüksək səviyyəli zabitlər – generallar ezam edib. Onlar indi də Azərbaycanda xidmətdədirlər. Üstəgəl, Türkiyə-Azərbaycan hərbi müttəfiqliyi Şuşa bəyannaməsi ilə rəsmiləşdirilib. Təsadüfi deyil ki, bundan dərhal sonra Qazaxıstan və Qırğızıstanın xarici işlər nazirləri Bakıya gəldilər. Onlar bura bu bəyannamənin bütün müddəalarını və burada ehtiva olunan strateji hədəfləri öyrənmək üçün səfər etmişdilər. Yəni belə bir hərbi birliyin qurulması üçün əlverişli mühit var.

Artıq türk dövlətlərinin bir-birinə daha sürətli iqtisadi inteqrasiyası və ticarət əlaqələrinin genişləndirilməsi üçün bütün türk dünyasını birləşdirəcək strateji dəhlizin açılması söhbəti ortadadır. Bu dəhlizin açılması reallığa çevrilib. Söhbət Zəngəzur dəhlizindən gedir.

Eyni zamanda, artıq siyasi birliyə nail olmaq üçün Türk Dövlətləri Təşkilatı adlı bir qurum mövcuddur. Düşünürəm ki, bu qurumlar getdikcə daha çevik qərarlar qəbul edə bilən səviyyəyə gələcək.

- Yəni türk dövlətləri bir çətir altına yığıla biləcəklərmi?

- Hesab edirəm ki, Türkiyənin mövqeyi gücləndikcə, Rusiya isə zəiflədikcə Orta Asiyanın türk respublikaları Türkiyənin təhlükəsizlik çətirinin altına yığılmağa başlayacaqlar. Bunun üçün inam var. Bu konkret sübutlarla özünü ortaya qoydu. Bu gün Suriyada, Liviyada və Qarabağda işğalçı dövlətlər üçün ən çəkindirici faktor qardaş Türkiyədir. Məzlumların və haqqı tapdalanan dövlətlərin yanında duran da odur.

Maraqlıdır ki, Türkiyənin yanında durduqları dövlətlər hərbi uğur qazanıblar. Biz bunu ən açıq şəkildə Liviyada gördük. Paytaxt Tripoli işğal ərəfəsində idi. Amma Liviyanın legitim hökuməti Türkiyə ilə anlaşma imzalayaraq, həm paytaxt, həm də digər ərazilərdəki işğalçı qüvvələri çıxardı. Onların arasında Rusiya mudzluları da vardı. Biz bunu Suriyada ard-arada keçirilən üç hərbi əməliyyatda da gördük. Qarabağdakı müharibədə qardaş Türkiyə bizə dəstək oldu. Beləliklə, Rusiyanın süni şəkildə yaratdığı münaqişə həllini taparaq, torpaqlarımız işğaldan azad edildi.

Bu gün də nə Rusiya, nə ABŞ, nə də Avropada belə bir hadisənin baş verdiyinə inana bilirlər. Bu, dünyada presedent yaratdı. Əmin olun ki, bu presedent digər ölkələrə də sirayət edəcək. Bu gün Rusiya-Ukrayna gərginliyinin artmasının səbəblərindən biri də Ukraynanın Azərbaycandan nümunə götürməsi ilə bağlıdır. Ukrayna gördü ki, Azərbaycan ən qısa müddətdə ən çətin coğrafi şərtlərdə yerləşən ərazilərini işğaldan azad etdi. Yəni bu presedent artıq işləməyə başlayıb.

Düşünürəm ki, yaxın gələcəkdə Orta Asiyanın türk respublikaları bu təhlükəsizlik çətirinin altına yığılmağa başlayacaqlar. Bu məsələ təkcə Rusiyanı yox, Türkiyənin “müttəfiq”lərini də ciddi şəkildə narahat edir. Çünki onlar Türkiyənin timsalında təkcə regional yox, həm də qlobal gücə çevrilməkdə olan bir ölkəni görürlər. Bu da onları ciddi şəkildə əndişələndirir.

- Rusiya mətbuatında, eyni zamanda Prezident Putinin SSRİ-ni yenidən qurmaq planlarından da bəhs olunur. Xüsusən Rusiya-Belarus Birlik Dövlətinin rəsmiləşməsindən sonra “SSRİ-nin bərpasına start verildi” kimi fikir irəli sürən ekspertlər və siyasətçilər də var. Rusiyanın belə bir planı reallaşdırmaq potensialı varmı?

- Artıq indi o dövr deyil. İkincisi, Rusiyanın iqtisadi və maliyyə potensialı imkan verirmi ki, digər post-sovet respublikaları üçün cəlbedici məkana çevrilsin? Bura siyasi, mədəni və hərbi amillər də daxildir. Yəni Rusiyanın cəlbediciliyi yoxdur. Ayrıca, post-sovet məkanındakı münaqişələri süni şəkildə yaradan da Rusiyadır. Bu gün də işğalçılıq siyasətini davam etdirir. Buna görə də, nüvəsi Rusiya olan birliklərdə mərkəzdənqaçma prosesinə rəvac verilib. Ortada Gürcüstan, Ukrayna və Moldova kimi presedentlər var. Artıq bunu Orta Asiya və Cənubi Qafqazda da hiss edirik. Gürcüstan və Ermənistana baxın. Rusiyanın orbitindən çıxmaq üçün fürsət və imkan gözləyirlər.

Əgər Rusiya həqiqətən ittifaq dövlətinin qurulmasına çalışırsa, bu baş tutmayacaq. Çünki Rusiya artıq ikiqütblü dünyada hökmranlıq edən dövlət deyil. Bu gün getdikcə günəşi parıldayan Türkiyə kimi dövlətlər var. Eyni zamanda, ABŞ kimi güclərə meydan oxuyan Çin, Hindistan və Pakistan kimi güclənən dövlətlər mövcuddur. Yeni ittifaqlar qurulur. Təkcə Avro-Atlantik məkan yox, Sakit oken bölgəsində də anqlo-saksların iştirak etdiyi yeni güc mərkəzləri yaradılır. Yəni Türkiyənin öz ətrafında yeni güc birliyi yaratdığı vaxtda Rusiya bir sıra ölkələri işğal edərək, ittifaq dövləti yaratması mümkün deyil.

Rusiya bu ölkələr üçün cəlbediciliyini çoxdan itirib. Artıq onun “yumuşaq güc”ü yoxdur. Bu gün Rusiya bir ölkəni ram etmək üçün yüz minlik ordusunu Ukrayna ətrafında yığır. Yenə də süni böhran yaratmaqla hegemon güclərin iradəsini sınayır ki, hara qədər Rusiyaya güzəştə gedə və ya dözə bilərlər.

Avropa Birliyi və ABŞ-ın 2008-ci ildə Gürcüstanda buraxdığı səhvlər 2014-cü ildə həmin ssenarinin Ukraynada təkrarlanmasını şərtləndirdi. Bu gün isə situasiya bir qədər fərqlidir. Artıq bu gün ABŞ və NATO tərəfindən qabaqlayıcı tədbirlər görülür. Rusiyaya qarşı misli görülməmiş sanksiyaların tətbiq edilməsi və onun beynəlxalq valyuta sistemi SWIFT-dən çıxarılması ciddi müzakirə mövzusuna çevrilib.

Bayden Putinlə görüşündə onun yaddaşını təzələdi. Ona çatdırıldı ki, Rusiyanı bu cür itkilər gözləyir. Yəni Rusiya Ukraynaya qarşı hücuma keçsə, ABŞ və NATO birbaşa olmasa da, Kiyevə ən müasir silahlar və muzdlulara dəstək verəcək. Rusiyanın bu gün uzunmüddətli müharibə aparmaq üçün maliyyə imkanları yoxdur. Buna görə də düşünürəm ki, bu ittifaq dövləti sevdası Belarusla da məhdudlaşacaq.


Müəllif: Mənsur Rəğbətoğlu