ABŞ Prezidenti Co Baydenin təşəbbüsü ilə keçirilən “demokratiya sammitinin” demokratik prinsiplərə heç bir aidiyyatı yoxdur. ABŞ ilk növbədə “sammit” iştirakçılarına münasibətdə bu prinsipləri pozub. Rusiya, Çin, Azərbaycan, Türkiyənin bu tədbirdən kənarda qalması birmənalı qarşılanmadı. Hətta Vaşinqton Avropa İttifaqı ölkələrinin belə hamısını sammitə dəvət etmədi. Əvəzində Konqo, Anqola, Nigeriya, İraq kimi dövlətlər iştirakçılar siyahısına salındı.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Millət vəkili Baydenin “sammitdə” “demokratik yeniləşmə təşəbbüsü” ilə bağlı təklifinə də münasibət bildirib: “Orada bir neçə məqam var. Xüsusilə azad və ədalətli seçkilərin qorunması, eləcə də ABŞ-ın fikrincə, demokratiyanın ruhuna uyğun islahatlar aparanlara dəstək. Bu məqsədlər üçün 400 milyon dollardan çox vəsaitin xərclənməsi nəzərdə tutulur. Amma ABŞ-ın özündə də bu islahatlara inam yoxdur. Belə olmasaydı, nüfuzlu media oqranları olan “Nyu York Times”, “The Hill”, “Vaşinqton Post” kimi qəzetlərdə “ABŞ-ın özününün demokratikləşməyə ehtiyacı var”, “Bayden demokratiyaya öz evindən başlamalıdır” kimi başlıqlar yer almazdı. Yəni, görünən budur ki, ABŞ-ın özündə də heç də hamı Vaşinqtonun həqiqətən də demokratik prinsipləri müdafiə etdiyinə inanmır. Söhbət təkcə digər ölkələrdəki rəngli inqilabların dəstəklənməsindən deyil, həm də Amerikanın özündə seçki kampaniyalarının necə getməsindən gedir”.
Deputat hesab edir ki, Azərbaycan və Türkiyənin siyahıdan kənarda qalması isə bu ölkələrin “demokratiya tələblərinə” cavab verməməsi ilə izah oluna bilməz: “Burada söhbət ABŞ Administrasiyasının “tələblərinə” cavab verməkdən gedir. Daha dəqiq desək, bu ölkələrin öz milli maraqlarına uyğun müstəqil siyasət yürütməsi onların “demokratiya zirvəsindən” kənarda qalmasının əsas səbəbidir. “Demokratiya kriteriyalarına cavab verən” və “verməyən” ölkələrdən yox, Qərbin tələblərinə qeyd-şərtsiz tabe olmayanlara, ilk növbədə Rusiya və Çinə qarşı yeni koalisiyanın yaradılması hədəfdir. Bu məqamda ABŞ-ın özündə demokratiya ilə bağlı vəziyyətə nəzər salmaq zərurəti yaranır. Son seçkilər və ondan sonrakı proseslərə nəzər salsaq, Donald Trampın seçkilərin saxtalaşdırıldığını bildirməsi, onun nəticələrini tanımaması, sabiq prezidentin sosial mediaya çıxışlarının bloklanmasını, eyni zamanda Ferqüssonda baş verən iğtişaşları, irqi və cinsi faktora görə diskriminasiya siyasətini xatırlatmaq yerinə düşər. Yəni, ABŞ-ın demokratiya anlayışından təzyiq vasitəsi kimi istifadə edərək, bir çox ölkələri öz iradəsinə tabe etdirməyə çalışdığını görürük. Bu isə beynəlxalq səviyyədə birmənalı qarşılanmır”.
Könül Nurullayeva qeyd edib ki, NATO üzvü olmaq üçün tələb edilən kriteriyalardan biri də insan haqları və qanunun aliliyinə sadiqlikdir: “NATO üzvü olan, Avropa İttifaqına namizəd sayılan Türkiyənin “demokratiya zirvəsindən” kənarda qalması və guya müvafiq “kriteriyalara” cavab verməməsinə dair iddia sadəcə, absurddur. Bu, bir daha təsdiqləyir ki, “demokratiya zirvəsində” iştirak edən dövlətlərin siyahısı obyektiv deyil. Burada Bayden administrasiyasının münasibəti əsas götürülüb. Siyahıya adı salınan İraqın, seçki dövründə müxalif düşərgənin namizədlərinin güllələndiyi, hakimiyyəti tənqid edənlərin həbs olunduğu Ermənistanın hansı kriteriyalara cavab verdiyini təxmin etmək çətin deyil. Ermənistanın bu prosesdə iştirakı həm də Kremli düşündürməlidir. Bu, bir daha təsdiqləyir ki, sözügedən demokratiya sammiti dünya ölkələrini “demokratik” və “qeyri-demokratiklərə” ayırmaqdan savayı heçnə özündə ehtiva etmir”.