“44 günlük Vətən müharibəsindən sonra imzalanan bəyanatda tərəflərin öhdəlikləri öz əksini tapıb. Lakin Ermənistan bəyanatdan irəli gələn müddəaları yerinə yetirmək əvəzinə, regionda gərginliyin yaranmasına rəvac verən addımlar atmağa başladı. Azərbaycan Prezidenti İlham Əliyevin sərt reaksiyası, həmçinin haqlı təzyiqi nəticəsində Ermənistan konstruktiv danışıqlar masasına yenidən oturduldu”.
Bunun Teleqraf.com-a Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.
Deputat qeyd edib ki, Qafqazda stabilliyin və inkişafın tərəfdarı olan Azərbaycan bölgə üçün mühüm əhəmiyyət daşıyan kommunikasiya xətlərinin açılması məsələsində qətiyyətli mövqe sərgiləyib:
“Çıxılmaz vəziyyətə düşən Ermənistanın manipulyasiya edərək məkrli planlarını həyata keçirmək üçün heç bir şansı qalmadı. Əvvəl Soçi görüşü, daha sonra dekabrın 14-də Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla birgə görüşü önəmli məsələlərin müzakirə olunaraq razılığa gəlinməsində mühüm rol oynadı.
Bildiyimiz kimi, görüşdə Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəfin müvəqqəti işçi qrupunun yaradılması, eyni zamanda kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olundu. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq etdi. Artıq dəmir yolunun çəkilişinə tezliklə start veriləcəyi ilə bağlı Ermənistan tərəfi açıqlama ilə çıxış edib.
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair bəyanat yaydı. Bəyanatda Azərbaycanın haqlı mövqeyi bir daha dəstəklənib. Bəyanatdan da göründüyü kimi, Ermənistanın dəmir yolunun tikintisinə başlamağa razılıq verib. Bu isə faktiki olaraq Zəngəzur dəhlizi boyunca dəmir yolunun salınmasını ifadə edir”.
Brüssel görüşünü qiymətləndirən Müşfiq Məmmədli hesab edir ki, Azərbaycan Ermənistanın üzərinə daha konkret öhdəliklər və onların icrası üçün məsuliyyəti qoya bilib: “Döyüş meydanında olduğu kimi, siyasi meydanda da Ermənistan dalana sıxışdırıldı. Ölkə rəhbərinin dəqiq və çevik addımları nəticəsində Ermənistan region dövlətlərinin inkişafına və yeni yaranmış reallığa xələl gətirə bilməyəcək. Başqa sözlə, Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən savayı çıxış yolu qalmayıb”.