23 Dekabr 2021 20:13
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fəzail müəllim, beynəlxalq müstəvidə Azərbaycana qarşı olan yanaşmalarda artıq fərqli bir proses izlənilir. Bu yanaşmaları şərtləndirən amillər hansılardır?

- Bu amil Azərbaycanın 44 günlük Vətən müharibəsində ortaya qoyduğu siyasi iradə, qətiyyət və əldə edilən tarixi qələbənin məntiqinə söykənir. Onlar Azərbaycanın güclü bir dövlət olduğunu, Cənubi Qafqazda ciddi bir faktor kimi özünü ifadə etməsini qəbul etdi. Hər kəs gördü ki, Azərbaycan bütün səviyyələrdə məsuliyyətli bir dövlətdir. Ölkəmiz üzərinə düşən vəzifələri, öhdəlikləri icra edən əsas partnyor kimi əldə olunan razılığın bütün bəndlərinə sona kimi əməl edir Azərbaycan eyni zamanda güclü bir dövlətdir. Ölkəmiz Vətən müharibəsində tarixi Zəfərə imza atdıqdan sonra müzəffər Ali Baş Komandan İlham Əliyev mahir bir diplomat kimi özünü ifadə etməkdə davam edir. Belə ki, bütün platformalarda cənab Prezidentin qarşıya qoyduğu əsas vəzifə “Artıq müharibə sona çatıb. Ona görə də, bu səhifəni çevirmək lazımdır. Region xalqlarına sülh, əməkdaşlıq gətirilməlidir” kimi olduqca humanist məqsəd daşıyan tezislər dünyanın, onun aparıcı təşkilatlarını və dövlətlərini Azərbaycana qarşı başqa cür davranmaq imkanlarını sıfırlayır. Onların Azərbaycana qarşı artıq hər hansı bir iradı, xoşagəlməz davranışları üçün də əsaslar verilmir. Başqa bir tərəfdən Vətən Müharibəsi zamanı Prezident İlham Əliyevin təkcə ön cəbhədə döyüşdə deyil, informasiya, diplomatik müstəvidə atdığı addım Azərbaycanın gücünü, imkanlarını bir daha ortaya qoydu. Bununla da dünya erməniliyi, Ermənistanın saxta ideologiyası darmadağın edilməklə onun əsl siması bütün dünyaya açıb göstərildi. İndi artıq bütün dünya ermənilərin göz yaşlarına inanmır. Dünya həmçinin ermənilərin “yazıq” görkəminin yanında deyil. Nikol Paşinyan da etiraf etdi ki, artıq dünya ermənilərin giley-güzarından bezib. Ona görə də, bütün bu amillər Azərbaycanın nüfuzunun artdığını göstərir. Hər zaman Ermənistanın yanında olan beynəlxalq təşkilatlar və dövlətlərin Azərbaycana qarşı münasibətlərində fərqli, bir qədər də ədalət prinsiplərinə yaxın münasibətlər sərgilənir.

- Qarabağ sanki qlobal müstəvidə “qordi düyünü” idi. Artıq bu problem həll edildikdən sonra bölgə dövlətlərinin də yeni müstəvidə təmasları formalaşır. Bunu şərtləndirən amilləri necə şərh etmək olar?

- Əslində 44 günlük Vətən Müharibəsi və erməni faşizmi üzərində əldə edilən tarixi qələbə təkcə region üçün yeni reallıqlar, əməkdaşlıq, sülh üçün imkanlar açmaqla kifayətlənmədi. Eyni zamanda bu amil qlobal xarakterli və mahiyyətli yeni imkanlar yaratdı. Faktiki olaraq bu “qordi düyünü” Prezident İlham Əliyev tərəfindən qılıncla açılması, qəhrəman döyüşçülərimizin şücaəti Avrasiya məkanında yeni imkanlar, reallıqlar yaradıb. Artıq Türkiyə-Rusiya arasında əlaqələrin daha geniş spektorda inkişafı üçün əlverişli şərait yaranıb.

- Zəngəzur dəhlizi bu əlaqələrə necə təsir edə bilər?

- Zəngəzur dəhlizi vasitəsi ilə Rusiya regionla yeni və daha rahat bir nəqliyyat dəhlizi əldə etmiş oldu. Rusiyanın dünyaya çıxmasında əngəl törədən Avropa nəqliyyat sistemindən fərqli olaraq daha təminatlı və təhlükəsiz, maneəsiz işləyən dəhliz əldə edildi. Çünki Rusiyanın bu gün Qərblə olan gərgin münasibətləri fonunda dəmir yolu vasitəsilə Ukraynadan və Belarusiyadan nəqliyyat dəhlizlərində ciddi problemlər var. Səbəb isə Rusiya ilə Qərb və NATO arasında kifayət qədər ciddi gərginliyin olmasıdır. Bu gərginliyin isə nə vaxt bitəcəyi ilə bağlı proqnozlar yoxdur. Ona görə də, hər iki tərəfin marağı bir çox məsələlərdə ciddi şəkildə toqquşur. Burada Rusiya üçün də yeni imkanlar açılıb ki, o heç bir maneə törətmədən Cənubi Qafqazdan, Azərbaycandan keçməklə Zəngəzur dəhlizindən Naxçıvan, Türkiyə marşrutu ilə isti dənizlərə, Qərbə, dünya səviyyəsinə özünün iqtisadi imkanlarını çatdırmaq imkanı qazansın. Digər tərəfdən İran da Türkiyə ilə mühüm əlaqə əldə etmiş olur. Azərbaycan, Gürcüstan və Ermənistan arasında yeni əlaqələrin qurulması üçün imkanlar açılır. Bununla yanaşı Çinin “bir kəmər, bir yol” layihəsi üçün ən əlverişli nəqliyyat dəhlizi olan Azərbaycandan keçərək Zəngəzur dəhlizi vasitəsi ilə Avropaya çıxış qazanılır. Bu da Çin üçün son dərəcədə əlverişli nəqliyyat dəhlizidir. Avropadan Şərq istiqamətində yük daşımaları da ən əlverişli və ucuz dəmir yolu vasitəsi ilə Türkiyə, Azərbyacan və Xəzər dənizi vasitəsi ilə İrandan Orta və Cənub Şərqi Asiyaya doğru şaxələnə bilir. Bütün bunlar onu göstərir ki, Zəngəzur dəhlizi az qala bütün dünya üçün yeni bir imkanlar açır. Məhz bu mühüm layihələrin müəllifi cənab Ali Baş Komandan dünyanın reallığını dəyişən strateq kimi tarixə düşüb.

- Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşması istiqamətində atılan addımların effektivliyi haqqında nə demək olar?

- Türkiyə ilə Ermənistan arasında başlanmış olan danışıqlar və münasibətləri tənzimləmək üçün qarşılıqlı olaraq təyin edilmiş nümayəndələr proseslərin irəliyə aparılmasında mühüm rola malik olacaq. Bu məqsədlə təyin edilmiş diplomatlar iki ölkə arasında proseslərin müsbət istiqamətdə inkişafına nikbin yanaşmağa imkan verir. Amma unutmaq olmaz ki, qardaş Türkiyə Ermənistanla aparılacaq bütün danışıqlarda Azərbaycanla əlaqəli hərəkət edir. Burada Azərbaycanın maraqlarına toxuna biləcək hər hansı bir addımın atılmayacağından əminlik var. Sadəcə olaraq Ermənistanda hələ də mövcud olan revanşist qüvələr xüsusən də hərbi canilər Köçəryan-Sarkisyan və onların komandası bu proseslərə mümkün qədər maneə olmağa çalışır. Amma gözlənilən odur ki, N.Paşinyan və Qərbin dəstəyi ilə Türkiyə-Ermənistan arasında münasibətləri normallaşacaq.

- ABŞ və Rusiya Türkiyə-Ermənistan münasibətlərinin qurulmasında nə dərəcədə maraqlı görünür?

- Rusiya, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün əngəl törədəcək bir yanaşma sərgiləmir. Tükiyə tərəfindən bu məsələlərə məsul şəxs tanınmış diplomat Sərdar Qılıncın təyin edilməsi ABŞ-ın dövlət katibi səviyyəsində yüksək qiymətləndirilib. Eyni zamanda ABŞ-ın beyin mərkəzləri və Ağ Ev tərəfindən ortaya qoyulan təkliflər Türkiyə-Ermənistan arasında münasibətlərin normallaşmasında maraqlı olduğunu təsdiqləyir. Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə bağlı Surixdə imzalanan protokollarda da ABŞ həlledici rol oynayırdı. Bu layihədə Rusiyanın da yer aldığı hər kəsə bəllidir. Çünki Sergey Lavrovun bu protokolların imzalanmasında iştirakı da yaddan çıxmayıb. Qərbin də bu məsələyə loyal münasibəti var. Bütün bunlar onu göstərir ki, revanşist qüvvələr Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına maneə ola bilməyəcək.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər