Dekabrın 26-da Rusiyanın “Rossiya-1” televiziya kanalının “Vesti Nedeli” proqramında Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmiz haqqında reportaj yayımlanıb.
Teleqraf.com həmin reportajı təqdim edir.
Aparıcı: Dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev 60 illik yubileyini qeyd edib. O, 18 ildən çoxdur ki, dövlət başçısıdır. Bu müddətdə Azərbaycan iqtisadi, sosial sahədə əhəmiyyətli nailiyyətlər əldə edib. İlham Əliyev özü isə beynəlxalq arenada böyük nüfuz qazanıb. Əliyevin Putin ilə münasibətinin xüsusiyyəti ondadır ki, hər ikisi bir-birinə verdiyi sözə əməl edir. Bu, bizim dövrümüzdə dəyərli keyfiyyətdir.
Prezident İlham Əliyev öz yubileyini Şuşada - onun Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən şəhərdə qarşılayıb. Çoxsaylı insanların iştirakı ilə heç bir təntənəli tədbir olmayıb. Televiziyada qısaca çıxış edərək, təbriklərə görə təşəkkürünü bildirib, məscidi ziyarət edib.
Bu günlərdə bizim xüsusi müxbirimiz Sergey Zenin Azərbaycanda olub. Onun hazırladığı reportaj “Azərbaycanda rus dili” mövzusuna həsr edilib. Yeri gəlmişkən, Rusiya Elmlər Akademiyasının A.S.Puşkin adına Rus Dili İnstitutunun bu yaxınlarda apardığı araşdırmaya görə, Azərbaycan təhsil sistemində böyük və qüdrətli rus dilinin yayılma dərəcəsinə görə olduqca layiqli yer tutmaqla, digər Qafqaz respublikalarını qabaqlayır.
Müxbir Sergey Zenin Bakıdan xəbər verir.
Sakin: Yerli moskvalılara məndən – yerli bakılıdan böyük salamlar.
Sergey Zenin: Qədim şəhər. Burada dənizin qoxusu təzə bişmiş çörəyin və kəklikotulu çayın ətrinə qarışır. Bura Bakının qəlbi, nostalji hisslərin yeridir.
Bu küçələr belə qurulub. Turistlər şalbanbaşı döşənmiş bu küçədə mütləq ayaq saxlamalı, ayaqları sürüşməli və bu əhvalatdan xatirə kimi şəkil çəkdirməlidirlər. Ona görə ki, hamının özünü rahat hiss etdiyi dövrdə burada gözəl bir sovet filmi çəkilib.
Xahiş edirəm deyin, buradan keçən turistlərin ayağı tez-tezmi sürüşür?
Sakin: Hər gün belə hallar olur. Bu, bizə çox xoş təsir bağışlayır.
Sergey Zenin: Vaxtilə nəhəng bir ölkədən gələn insanlar şalbanbaşı döşənmiş bu küçəyə bəlkə də Qızıl Meydan kimi can atırdılar. Xahiş edirəm deyin, siz haradan gəlmisiniz?
Qadın turist: Biz Estoniyadan gəlmişik. Çox şadıq ki, nəhayət bu ölkəyə gələ bilmişik.
Sergey Zenin: Burada rus dilində danışa bilməyən orta və daha böyük yaşlı azərbaycanlı tapmaq çətindir. Paytaxtda bu, ümumiyyətlə pis əlamət hesab edilir. Bakıda bir neçə kitab mağazasında rus klassiklərinin və müasir rus yazıçılarının kitabları satılır.
Rus kitab evinin direktoru İsrafil İsmayılov: Rus kitab evinin vitrinlərində demək olar ki, Bakının bütün mərkəzi əks olunub və həqiqətən, bu, çox rəmzi məna daşıyır. Ona görə ki, məlum olduğu kimi, əvvəlcə Söz yaranıb. Rus kitab evi sadəcə, kitab mağazası deyil, bu, həm də rus dilinə ehtiram bəsləyənlər üçün mədəni mərkəzdir.
Sergey Zenin: Rus kitab evində mütəmadi olaraq, avtoqraf-sessiyalar, ustad dərsləri keçirilir. Aşağı sinif şagirdləri buraya tanınmış bir yazıçı qadının çıxışını dinləməyə gəliblər. Onların rus dili ilə tanışlığı nağıldan başlayır və belə də olmalıdır.
Yazıçı Solmaz Amanova: Mənim 6 yaşım olanda məndən soruşdular: Azərbaycan dilində neçə söz bilirsən? O vaxt cəmi 6 söz bilirdim. Məsələn, arbuz – qarpız. Çünki rusların arasında yaşayırdıq.
Sergey Zenin: Tədrisin rus dilində olduğu orta məktəblərə qəbul üçün institutda olduğu kimi müsabiqə keçirilir. Ən məşhur və ən prestijli rusdilli məktəb 6 nömrəli məktəbdir. Prezident İlham Əliyev özü də bu məktəbi bitirib.
6 nömrəli məktəbin direktoru Gülşən Orucova: Rus dilini bilməyən valideynlər də uşaqlarını rus bölməsinə vermək istəyirlər, çünki onların fikrincə, özləri rus dilini yaxşı öyrənmədiklərinə görə həyatda bəlkə də uduzublar, istəyirlər ki, heç olmasa uşaqları rus dilini bilsinlər.
Sergey Zenin: Ali təhsil sahəsində də oxşar vəziyyətdir. Rus dili, o cümlədən Moskvadan gəlmiş müəllimlərin sayəsində nüfuz qazanıb. Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvanın prestijli ali məktəblərinin Bakıda filialları açılıb.
Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva: Moskva Universiteti, mənim fikrimcə, hər bir alimin, hər bir tələbənin bu məkanla ünsiyyətdə olmaq arzusudur.
Sergey Zenin: Tədris korpusları cəmi 12 il bundan əvvəl yaradılıb, lakin bu müddətdə əsas məqsədə nail olunub. Bu dəhlizlərdə Moskva Dövlət Universitetinin ruhu duyulur. Bunu heç nə ilə dəyişik salmazsan, rektorun səyi ilə dəyərli biliklərlə birlikdə MDU-nun ruhu da buraya gətirilib. Filialın kitabxanası, dünya şöhrətli müəlliflərin, tanınmış alimlərin soyadları yazılmış cildlər. Biliklərin başlanğıc nöqtəsi, qüvvə toplama yeri məhz burada, bu zaldadır.
XIX əsrin sonu – XX əsrin əvvəlinə aid çox nadir bir nəşr – Aleksandr Sergeyeviç Puşkin. Dörd cild, 1855-ci il, Sankt-Peterburq. Bu isə nadir mətbu nəşrdir: “Zarya Vostoka”, aprel 1870-ci il. Bütün bunlar Moskva Dövlət Universitetinin Bakı filialındadır. Bunun necə vacib olduğunu təsəvvür edirsinizmi?! Mədəniyyətlər bir-birinə necə nüfuz edir!
Moskvadan gələn müəllimlər burada növbə metodu ilə işləyirlər. Növbələr tez-tez dəyişir, lakin, bu, məşğələlərin proqramına əsla təsir göstərmir. Çünki bu məsələyə klassik universitet mövqeyindən yanaşılır. Bu, tələbələrin yalnız xeyrinədir. Onların MDU-nun rusiyalı professorların hamısından bilik almaq üçün nadir imkanları var.
MDU-nun üzvü kimya kafedrasının dosenti Aleksey Romanov: Bu, ölkələrimiz arasında münasibətləri inkişaf etdirir, dövlətlər arasında qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq üçün etibarlı zəmin yaradır və bütövlükdə, sadə insanlar arasında əlaqələr yaratmağa imkan verir.
Sergey Zenin: Seçenov adına Tibb Universitetinin filialı Bakının mərkəzində yerləşir. Rektor Əziz Əliyev təbabət üzrə professor və praktiki cərrah-onkoloqdur. O, hər bir tələbədən nə tələb etmək lazım olduğunu bilir.
Rektor Əziz Əliyev: Mən həmişə öz tələbələrimə deyirəm, istər cərrah olsun, istər terapevt ya radioloq, - həkim ömrü boyu oxumalı, öyrənməlidir. Ona görə ki, tibb elmi sürətlə inkişaf edir.
Sergey Zenin: Sxem MDU-nun filialında olduğu kimidir. Moskvadan gələn müəllimlər növbə ilə işləyirlər. Mühazirədə gördüyümüz tələbələr sanki hər sözə xüsusi diqqət yetirirlər.
Seçenov adına Tibb Universitetinin professoru Marina Boyçenko: Tələbələr hər şeyi dəqiqliklə soruşur. Bəzən hər bir hərfi soruşurlar. Onlar həqiqəti bilmək üçün suallar yağdırırlar.
Sergey Zenin: Dərslərdən kənar vaxtlarda müəllimlər zamanlarını turizmə həsr edirlər. Azərbaycanda gəzməli-görməli yerlər çoxdur. Bu üzüm bağları bir neçə il əvvəl salınıb. Artıq burada dadlı orqanik şərab hazırlanır. Onu əldə etmək üçün isə dünyanın hər yerindən alıcılar növbəyə düzülür.
Azərbaycanın ən maraqlı yerlərindən biri olan İvanovka kəndinə gedirik. Burada əsrlər boyu ruslar yaşayıb – ikona və xaçı qəbul etməyən molokanlar. Ancaq onların əsas kitabı elə həmin İncildir.
İvanovka kəndinin xristian-malakanlarının keşişi Sergey Kazakov: Həyatımızın mənası onda birləşir. Biz nə ediriksə ondan götürürük.
Sergey Zenin: İvanovkada bütün postsovet məkanında yeganə olan kolxoz fəaliyyət göstərir. Onun adının saxlanılması və təsərrüfat prinsipinin dəyişdirilməməsi barədə qərar hələ Heydər Əliyevin vaxtında verilib.
Kolxoz sədri Vasiliy Novoseltsev: Biz ruslarıq. Bizim imanımız molokandır. Ancaq bütün insanlar işə vicdanla yanaşır.
Sergey Zenin: Andreyin dədə-babaları da maldar olub. Bu sənət ona atasından keçib. Paytaxta getməyə can atmır. Kolxozda qabaqcıldır. İş xoşuna gəlir? Cavan oğlansan.
Andrey Xaritonov: Biz mal-qaraya öyrəşmişik. Bütün həyatımız mal-qara ilədir. Anadan olandan bizdə mal-qara var. Hər bir evdə mal-qara var. Yəni ki, heyvandarlıq bizim qanımızdadır.
Sergey Zenin: Burada ərzaq malları ancaq yerlidir, təbiidir. Çörək də, görməli yerlər qədər boldur. Sovet vaxtı hər bir kolxozun mütləq bir klubu olmalı idi. Xüsusən də, belə - 2700 nəfərin yaşadığı yerdə. İndi gördüyünüz klub deyil, Mədəniyyət sarayıdır.
Bu, İvanovka xorunun yalnız bir hissəsidir. Yeni il qabağı onların çoxu azərbaycanlı və rus dostlarının və qohumlarının yanına gediblər. Burada sənin milliyyətinin qətiyyən fərqi yoxdur. Hamının bir pasportu var.
Bakı Arxangel Mixail məbədinin baş keşişi Mefodiy Əfəndiyev: Hamı bir yerdə yaşayır. Hamı başa düşür ki, Azərbaycan vətəndaşları üçün bu ölkə ümumi böyük evimizdir.
Sergey Zenin: İvanovkadakı məbədin tərtibatı hamını heyran edir. Müsəlman rəssam anadan olandan sonra xristianlığı qəbul edib və həyatının qalan hissəsini pravoslav kilsəsinin tərtibatına həsr edib. Həyatdan işini bitirməmiş köçüb. Onun işini dostları və yaxınları davam etdiriblər.
Rəssam Batuxan Haqverdiyev: Onun üçün vacib idi ki, bu iş yekunlaşsın. O, çox sayda əlyazması və eskiz qoyub.
Sergey Zenin: Bakı COVID məhdudiyyətlərinə baxmayaraq ruhdan düşmür. Qalereya və mədəni mərkəzlərdə sərgilər keçirilir. Azərbaycan yalnız çoxmillətli deyil, eyni zamanda, həm də multikulturaldır. Bunu burada maksimum inkişaf etdirirlər. Bu gün Heydər Əliyev Mərkəzində müasir braziliyalı rəssamın sərgisinin keçirildiyi kimi.
Bakının kafe və restoranlarında dadı və müxtəlifliyinə görə gözəl yeməklər var.
Kulinariya mütəxəssisi Fərhad Aşurbəyli: Azərbaycan həmişə orta əsrlərdə İpək Yolunun - əsas logistik yolun üzərində yerləşib. Ona görə dünyanın müxtəlif yerlərindən buraya ərzaqlar gəlib.
Sergey Zenin: İçərişəhərdə çox istəsən heç tanımadığın insanların evinə girə bilərsən və 5 dəqiqədən sonra orada özünü evindəki kimi hiss edəcəksən.