“Rusiya və Ukrayna arasında gərginliyin açıq qarşıdurma həddinə çatdığını görürük. Rusiya artıq Ukrayna ilə sərhədə 100 minlik qoşun yerləşdirib və açıq şəkildə bəyan edib ki, Ukrayna NATO-ya üzv edilsə, bu, NATO-Rusiya münasibətlərində həlli sonradan çətin olacaq ciddi problemlərin yaranmasına gətirib çıxaracaq. Amma bir məsələ də var ki, NATO-nun mövcud nizamnaməsi münaqişələrə cəlb olunmuş ölkələrin alyansa üzv qəbul edilməsinə imkan vermir. Amma görünür, ABŞ və NATO-da belə qənaətə gəlinib ki, Gürcüstan və Ukraynanın alyansa üzv qəbul olunması Rusiya ətrafında vaxtilə cızılmış “Anakonda” əməliyyatının həyata keçirilməsinə münbit şərait yaradacaq, bu da Rusiyanı öz sərhədlərinə sıxışdıracaq”.
Politoloq Elşən Manafovun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Rusiya-Ukrayna sərhədində vəziyyət gərgin olaraq qalır. Ukrayna ilə sərhəddə qoşun toplayan Rusiyanın bu ölkəyə qarşı hücum edəcəyi müzakirə mövzusuna çevrilib. ABŞ və NATO-nun “geri çəkil” çağırışına cavab verən Prezident Putin Rusiyanın geri çəkiləcək yerinin olmadığını dedi. Belə olan halda hücum ehtimalı nə qədərdir?
- Ukrayna-Rusiya gərginliyinin səbəbləri bəllidir. Bu, ilk növbədə Ukraynanın Krım bölgəsinin 2014-cü ildə Rusiya tərəfindən ilhaqı ilə bağlıdır. Rusiyanın mövqeyi bundan ibarətdir ki, Krımda yaşayan əhali referendum keçirərək, yarımadanın federasiyaya birləşdirilməsini məqsədəuyğun sayıb. Təbii ki, burada Rusiyanın milli təhlükəsizlik maraqları var. Moskva dəfələrlə bəyan etdi ki, NATO Şərqə doğru genişlənəcəyi, Ukraynanın da alyansa üzv olacağı və NATO qoşunları Krımda yerləşdiriləcəyi təqdirdə, bu, Rusiya üçün ciddi təhlükə yaradacaq.
Rusiya isə Krım məsələsində Qərb və NATO-nu qabaqladı. Moskvanın fikrincə, Ukraynada hakimiyyətə gəlmiş qərbyönümlü siyasi qüvvələrin xarici siyasət kursu Rusiyanın maraqlarına ziddir. Krımla yanaşı, Donetsk və Luqanskda yaranmış durum da Rusiyanın Ukrayna ilə əlaqədar maraqlarıyla bağlıdır. Buna görə də Rusiya oradakı separatçılara dəstək verir.
Ukrayna-Rusiya münasibətlərindəki problemlərin həllini nəzərdə tutan Minsk razılaşmaları var. Bu razılaşmalarda Ukrayna və Rusiya ilə yanaşı, ABŞ və Almaniyada da iştirak edib. Bu razılaşmalar Donbas münaqişəsinin dinc yolla həllini nəzərdə tutur. Eyni zamanda razılaşmalarda Luqansk və Donetskə Ukraynanın ərazi bütövlüyü çərçivəsində əlahiddə statusun verilməsi də ehtiva olunur.
Ukrayna rəhbərliyi isə bu razılaşmalardan irəli gələn bir sıra şərtləri qəbul etməyərək güman edir ki, NATO-ya üzv olacağı təqdirdə onun ərazi bütövlüyü ilə bağlı məsələlər öz həllini tapacaq. Hələlik bu, Ukraynanın xeyrinə olan gerçəklik kimi qəbul edilə bilməz.
2008-ci ildə Gürcüstanın o zamankı iqtidarının Qərbin şirin vədlərinə inanaraq atdığı addımlar Abxaziya və Cənubi Osetiya üzərindəki suveren hüquqlarının itirməsi ilə nəticələndi. Bu iki bölgədə qurulan separatçı rejimin Rusiya və digər bir sıra ölkələrlə əlaqələri var. “Müstəqillik”ləri də Rusiya və Belarus tərəfindən tanınıb.
Putin sonuncu mətbuat konfransında da bildirdi ki, Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyü Rusiya üçün “qırmızı xətt”dir və Rusiya heç vaxt onların alyansa üzv olmasına kənarda dayanıb baxmayacaq. Gürcüstan və Ukraynanın NATO-ya üzv olması alyansın hava hücumundan müdafiə sistemləri və canlı qüvvələrinin bu ölkələrdə yerləşdirilməsi deməkdir. Rusiya da buna yol vermək istəmir.
Əgər Rusiya Ukraynaya açıq müdaxilə etsə, rus qazının tranziti ilə bağlı məsələ gündəmdən çıxarılacaq. İkincisi, Rusiya bununla Ukraynadakı qərbyönümlü hakimiyyəti dəyişdirməyə çalışacaq. Təbii ki, bu, beynəlxalq hüquq normalarına sayğısızlıq olardı. Çünki Rusiya qəbul etməsə belə, Ukraynadakı mövcud hakim komada bu xalqın səsi ilə hakimiyyətə gəlib.
Bir sözlə, biz Rusiya və Ukrayna arasındakı gərginliyin açıq qarşıdurma həddinə çatdığını görürük. Rusiya artıq Ukrayna ilə sərhədə 100 minlik qoşun yerləşdirib və açıq şəkildə bəyan edib ki, Ukrayna NATO-ya üzv edilsə, bu, NATO-Rusiya münasibətlərində həlli sonradan çətin olacaq ciddi problemlərin yaranmasına gətirib çıxaracaq.
Amma bir məsələ də var ki, NATO-nun mövcud nizamnaməsi münaqişələrə cəlb olunmuş ölkələrin alyansa üzv qəbul edilməsinə imkan vermir. Amma görünür, ABŞ və NATO-da belə qənaətə gəlinib ki, Gürcüstan və Ukraynanın alyansa üzv qəbul olunması Rusiya ətrafında vaxtilə cızılmış “Anakonda” əməliyyatının həyata keçirilməsinə münbit şərait yaradacaq, bu da Rusiyanı öz sərhədlərinə sıxışdıracaq.
NATO və ABŞ da belə düşünə bilər ki, bu halda Rusiya ilə hədə və təhdid dilində danışmaq mümkün olacaq.
- Bəs tərəflər arasındakı indiki gərginlik NATO-Rusiya qarşıdurmasına çevrilə bilərmi?
- Vaxtilə SSRİ nüvə silahına yiyələndikdən sonra nüvə silahları beynəlxalq münasibətlərdə çəkindirici faktora çevrildi. Bunu da Qərbdə bilməmiş deyillər. Rusiyanın da nüvə başlıqları və Amerikanın özünə belə çata biləcək raket qüvvələri ehtiyatı kifayət qədər böyükdür. Düşünmürəm ki, nüvə müharibəsi başlasa, tərəflərdən hansısa qalib gələcək.
Belə bir müharibədə hamı məğlub olacaq: Rusiya da, ABŞ da və bütün dünya. Buna görə də, Amerikanın bəzi siyasətçilərinin nüvə hədələrinə baxmayaraq, belə bir müharibənin olacağına inanmıram.
- Ukrayna Prezidenti Vladimir Zelenski Krımı Rusiyadan geri alacağına and içib. Rusiya isə bu məsələnin tərəflər arasında müzakirə mövzusu olmadığını və olmayacağını bildirib. Yəni Krım Ukrayna üçün “birdəfəlik itirilmiş ərazi”dirmi?
- Rusiya Luqansk və Donetsk məsələlərinin dinc yolla həlli ilə bağlı Ukrayna ilə masa arxasında oturmağa hazır olduğunu bəyan edirsə, Krım məsələsinin artıq bitdiyini deyir. Putinin birmənalı çıxışları var ki, Krım bu yarımadada keçirilmiş referendumun nəticələrinə əsasən Rusiyanın ayrılmaz tərkib hissəsidir. Onu da deyir ki, Krıma müdaxilə Rusiyaya müdaxilə kimi qiymətləndiriləcək.
Düzdür, Zelenski Krımın hansı formada geri qaytarılacağının formulunu açıqlamayıb, amma hər halda bu bölgənin danışıqlar yolu ilə azad olunacağı gündəmdə deyil. Rusiya bu kontekstdə danışıqlara getməyəcəyini bəyan edib. Amma Donbas məsələsinin danışıqlar yolu ilə həlli mümkündür. Moskva bildirib ki, Minsk razılaşmaları əsasında Ukrayna ilə anlaşmaq mümkündür.
ABŞ isə Ukrayna rəhbərliyini şirnikləndirir ki, Minsk razılaşmaları olmadan, güc tətbiq etməklə Donbası geri almaq mümkündür. Güman edirəm ki, bu, çox ciddi səhvdir.