7 Yanvar 2022 09:02
1 300
12 Punto 14 Punto 16 Punto 18 Punto

2022-ci ilin ilk günlərini yaşayırıq. Ötən illərdə olduğu kimi bu ilin uğurlu olması üçün də güclü Azərbaycan dövləti qarşıya qoyulan hədəfləri yerinə yetirmək əzmindədir. Azərbaycanın qarşısında 2022-ci il ərzində siyasi, iqtisadi hədəflərə çatmaqla yanaşı, milli yaddaşın bərpası tarixi, mədəni irsimizin qorunması və geniş təbliğ olunması ilə də bağlı mühüm vəzifələr dayanır.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycanın gələcək hədəflərinə nail olmaq yolu həm də milli keçmişimizə sahib çıxmaqdan, tarixi yaddaşımızın siyasi-ideoloji, mədəni-mənəvi qatlarını yeniləməkdən keçir: “Bu baxımdan, Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etməsi müstəsna əhəmiyyətə malikdir. Dövlət başçısının bununla bağlı imzaladığı sərəncamda qeyd edildiyi kimi: “Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçib, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynayıb”.

Millət vəkilinin sözlərinə görə, Şuşa təkcə Azərbaycanın deyil, mədəniyyətimizin beşiyi, Qafqazın incisi, müasir sivilizasiyanın, bəşəriyyətin mədəniyyət xəzinələrindən, mənəviyyat nümunələrindəndir: “Bu tarixi Azərbaycan şəhərinin XX əsrin 70-ci illərində sürətli inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Prezidentin imzaladığı sərəncamda qeyd olunduğu kimi, Şuşa şəhərinin inkişafına dair xüsusi qərarlar məhz ulu öndərin təşəbbüsü ilə qəbul edilib. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət alıb, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb”.

Sevinc Fətəliyeva vurğulayıb ki, Şuşa 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında qalsa da, mənəvi ruhunu qoruyub saxladı: “Ermənilərin Şuşanın mədəni-siyasi aurasını dəyişdirmək, onu erməni şəhəri kimi təqdim etmək cəhdləri heç bir nəticə verməyib. Şuşanın işğaldan xilas edilməsi Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqının Zəfər yürüşünün möhtəşəm nəticəsidir. İşğaldan azad edildikdən sonra Şuşa öz əzəmətini - möhtəşəmliyini, tarixi simasını bərpa etməkdədir. Qısa müddətdə Şuşanın Baş planı hazırlanıb. Şair Molla Pənah Vaqifin büstü və muzey-məqbərə kompleksi öz ilkin görkəminə qaytarılıb. Bülbülün ev muzeyi açılıb, Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günləri ənənəsi bərpa edilib. 2022-ci ilin “Şuşa ili” elan edilməsi isə bu prosesin davamı olacaq. Bu baxımdan 2022-ci ilin “Şuşa ili” elan edilməsi müstəsna tarixi, siyasi və mədəni hadisədir. Bu il çərçivəsində Şuşada quruculuq işləri daha böyük vüsət alacaq. Şəhər bir çox tədbirlərə ev sahibliyi edəcək. Bütün bunlar isə xalqımız üçün qürurvericidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər