Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Razi bəy, bu il bölgədə daimi sülhün əldə olunması mümkündür?
- Bu il Azərbaycanla Ermənistan arasında münasibətlərdə irəliləyişə inam var. Artıq Ermənistanın baş naziri Nikol Paşinyan da Zəngəzur dəhlizi ilə bağlı normal yanaşmalar sərgiləyir. O, hətta bunun həyata keçiriləcəyini də bəyan edib. Azərbaycan tərəfindən Zəngəzur dəhlizinə birləşəcək Horadiz-Ağbənd yolunun xeyli hissəsi tikilir. Ermənistan tərəfindən də bu işlərə artıq başlanıldığı deyilir. Bu o deməkdir ki, artıq Zəngəzur dəhlizi ilə bağlı əsas məsələlər həll edilib. Əgər Zəngəzur dəhlizi öz həllini tapacaqsa, Ermənistanla Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası da başa çatacaqsa, o zaman iki dövlət arasında sülh müqaviləsinin imzalanması reallaşa bilər. Çünki burada əsas son nöqtə Zəngəzur dəhlizi və sərhədlərlə bağlı idi. Eyni zamanda 2021-ci ilin sonu həm də onunla yadımızda qaldı ki, Paşinyan hakimiyəti Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etdi.
- Prosesin davamlılığı üçün daha hansı prinsiplər icra edilməlidir?
- Bundan sonrakı mərhələdə Rusiyanın davaranışları diqqət çəkir. Qarabağda olan sülhməramlıların davranışı, münasibəti, atdıqları addımlar ona dəlalət edir ki, onlar Qarabağa az qala öz subyekti kimi yanaşırlar. Orada olan erməni əsilli vətəndaşlara da öz subyektlərinin sakinləri kimi yanaşma mövcuddur. Bu da sözsüz ki, narahatedici məqamdır. Ona görə də, 2022-ci il həm də Azərbaycanın Rusiya tərəfinə 5 ilin tamamında sülhməramlıların orada qalmayacağı siqnalı da verilməlidir. Qazaxıstanda baş verən hadisələr də onu sübut etdi və bizi çox həyacanlandırdı ki, Rusiyanın planları çoxşaxəlidir. Bəlkə də bu, keçmiş SSRİ-nin bərpası yönündə atılan addımların bir hissəsidir. 2022-il keçmiş SSRİ respublikalarının yaşamaq, suverenliklərini qorumaq uğrunda bir mübarizə ili kimi də yadda qala bilər.
- Sizcə, Ermənistanın Qarabağ yükündən xilası üçün Paşinyanın verdiyi məlum açıqlamanı bir başlanğıc hesab etmək mümkündür?
- Əgər Paşinyan Qarabağ klanından canını qurtarmaq istəyirsə, ilk növbədə özünün tərəfdarlarına ümid bəsləməlidir. O cür qüvvələri zərərsizləşdirməli və neytrallaşdırmalıdır. Ermənilərə Qarabağla bağlı məsələnin sonunun olmadığı və heç bir müsbət nəticənin olmayacağına inandırmağa çalışmalıdır. Erməni baş nazir ilk addım olaraq bunu etməlidir. Bu da edilir. Çünki Paşinyandan ermənilər daha yaxşı həyat, gözəl Ermənistan, vəd etdiyi proqramların reallaşmasını gözləyir. Amma Qarabağla bağlı iddialar qalacaqsa, Paşinyan onların heç birini həyata keçirə bilməyəcək. Bunun üçün də Paşinyan, Sərkisyan, Köçəryanın olması ermənilər üçün bu mənanı itirəcək.
- Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulması istiqamətində atılan addımların əhəmiyyətini necə şərh etmək olar?
- Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması Paşinyan hakimiyyəti üçün də əsasdır. Əgər Paşinyan bu iki ölkə ilə əlaqələr qurub diplomatik münasibətləri bərpa edəcəksə, iqtisadi, geopolitik layihələrdə yer alacaqsa bu Ermənistan iqtisadiyyatının güclənməsinə, iş yerlərinin açılmasına gətirib çıxaracaq. Nəticədən ermənilər də razı olacaq. Bu eyni zamanda Paşinyana böyük bir dəstəkdir. O, bu oyunları dərk etsə, ölkə daxildə olan bütün əks qüvvələri də neytrallaşdıra biləcək.
- Ermənistanın qonşularına qarşı ərazi iddiaları onun konstitusiyasında əksini tapıb. Belə olan halda münasibətlərdə necə irəliləyişə nail olmaq olar?
- Bu gün Ermənistan Türkiyə ilə münasibətlərin normallaşmasında maraqlıdır. Sadacə olaraq Ermənistan daxilində olan qüvvələr bu prosesin tam olaraq həyata keçirilməsinə imkan vermir. Ona görə də, Paşinyan ehtiyatla davranır. Amma iki tərəf də nümayəndə təyin edib. Bu baxımdan gözlənilən odur ki, 2022-ci il Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması baş tutacaq. Bunun üçün də Ermənistan Qarabağla bağlı iddialarından əl çəkməlidir. Çünki Türkiyə ilə Ermənistanın münasibətlərinin yaxşılaşması həm də Azərbaycanla Ermənistan münasibətlərinin bərpası ola bilər. Eyni zamanda təklif edilən bəndlərdə Azərbaycanın da mövqeyi öz yerini tapacaq. Bu baxımdan buna üçtərəfli münasibət kimi də yanaşmaq lazımdır. Paşinyan bu gün Türkiyə ilə münasibətlərin normallaşmasını arzulayırsa, demək ki, o, müəyyən güzəştlərə getməyi də göz önünə alıb. Türkiyə Ermənistanla 30 ildə sərhədləri açmadısa, deməli bundan sonra da açmaya bilər. Bu baxımdan erməni baş nazir Azərbaycanla bağlı məsələləri də düşünməmiş deyil.
- Saxta soyqırımı iddiaları və erməni lobbisinin Azərbaycan və Türkiyəyə olan yanaşması prosesə necə təsir edə bilər?
- Əgər Ermənistan Türkiyəyə qarşı saxta soyqırımı iddialarından əl çəkməsə, o zaman bu münasibətlərin yaxşılaşması mümkün olmayacaq. Ola bilsin o, gizli yollarla erməni lobbisinə kömək edə bilər. Bunun fonunda Ermənistan o lobbinin onlara heç bir aidiyyatının olmadığını irəli sürəcək. Görünən odur ki, o bu cür yanaşmalarla özünü sığortalamağa çalışacaq. Eyni zamanda bu məsələlərin gündəmə gəlməsi ehtimalı da azdır. Belə olacaqsa münasibətlərin normallaşmasından danışmağa ehtiyac qalmayacaq.