19 Yanvar 2022 16:21
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada aprel ayında keçiriləcək prezident seçkiləri marafonunda baş verən hadisələr təəccübləndirməkdə davam edir. Dörd ildən bir keçirilən prezident seçkiləri və bu seçkilər ərəfəsində baş verən sürprizlər ölkədə siyasi əxlaqın deqradasiya miqyasının artdığını göstərir.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev söyləyib.

O deyib: “Builki seçkilər ərəfəsində Fransa cəmiyyətinin təəccübü və təəssüfü onunla bağlı oldu ki, Fransanın prezidenti seçilməyə iddialı olan şəxslər nədənsə ilk növbədə Fransa seçicilərinə yox, Ermənistan vətəndaşlarına müraciət etdilər. Təbliğat kampaniyası başlayan kimi prezidentliyə namizəd ultrasağçı Erik Zemmurun Ermənistana səfəri Fransa seçki kampaniyasına qəribə bir yenilik gətirdi. Türkiyə ərazisində ucalan əzəmətli Ağrıdağın fonunda Ermənistanda bir təpənin üstünə çıxıb foto çəkdirən Erik Zemmurun seçkilərdə qalib gəlmək üçün Ağrıdağa “dua etməsi” siyasət tarixində görünməmiş ucuzluq kimi sadə fransızları utandırdı. Seçkilərə daha iddialı şüarlarla qatılan Valeri Pekres də öz seçkiqabağı təbliğatını Ermənistandan başladı. Fransa sosial şəbəkələrində bunun fransızlar üçün utandırıcı addım olması haqqında çoxsaylı şərhlər yazıldı. Amma bu Yelisey sarayını fəth etmək üçün Ermənistana səfər etmiş ikinci namizədi dayandıra bilmədi. O, öz həmkarından da irəli gedərək, Ermənistanda öz seçki platformasını Ermənistan vətəndaşlarına və hakimiyyətinə təqdim etdikdən sonra daha orijinal təbliğat addımı atdı. Valeri Pekres öz ölkəsindən kənarda iki dövlətin - Ermənistanın və Azərbaycanın sərhəd qanunlarını pozaraq gizli yolla Ermənistandan Azərbaycan ərazilərinə keçdi. Detektiv janrlı filmlərdə olduğu kimi, libasını dəyişmək və ya sifətini gizlətməklə üçüncü ölkənin ərazisinə gizli yolla daxil olmaq bütün ölkələrdə, o cümlədən Fransanın özündə də cinayət aktı hesab olunur. Hələ bu da o qədər təəccüblü deyil. Çünki Fransa siyasətçilərinin seçkilərdə qalib gəlmək üçün əvvəllər də bir sıra cinayət əməlləri törətməsini hələ keçən il Fransa məhkəmələri də təsdiqləmişdi. Ona görə də prezidentliyə namizədin öz karyerasının ən həssas məqamında belə bir cinayət hərəkətinə yol verməsini artıq ənənə hesab edərək təəccüblənməmək olardı. Amma bu cinayət haqqında məlumatın mediaya çıxmasından sonra baş verənlər gülünc doğuracaq qədər daha təəccüblü oldu”.

C.Feyziyev qeyd edib ki, Azərbaycan Prezidenti yerli telekanallara müsahibəsi zamanı verilən suallardan birini cavablandırarkən Valeri Pekresin gizli yolla Qarabağ ərazisinə gəldiyini və yalnız Azərbaycan ərazisini tərk etdikdən sonra bu xəbərin məlum olduğunu bildirdi. Prezident İlham Əliyev diqqətə çatdırdı ki, ölkə sərhədlərinin qeyri-qanuni keçilməsi faktı vaxtında məlum olsaydı sərhəd pozucusu müvafiq qurumlar tərəfindən saxlanılardı. Dövlətimizin başçısının bu cinayət faktına konkret reaksiyası və qanunauyğun şərhi nədənsə “demokratik” Fransanın “demokratik” siyasətçilərini qıcıqlandırdı. Siyasət aləmində bu qədər təəccüb doğuran komik açıqlamalar da bundan sonra verildi.

Deputat deyib: “Valeri Pekresin seçki qərargahı hələlik başında rəqibi dayanan Fransa hökumətinə müraciət edərək prezidentliyə namizədin xarici ölkə ərazisində törətdiyi cinayət hərəkətinə verilmiş ədalətli şərhə qarşı mövqe bildirməyə səslədi. Fransa siyasətində uzun müddət külüng çalmış təcrübəli İv lö Drian seçkilərdə rəqib komandanın müraciətinə dünən cavab verdi. Azərbaycan Prezidentinin şərhinin “qəbuledilməz” olduğunu bildirən nazir, eyni zamanda, xarici ölkəyə səfər edən siyasətçilərin ölkənin xarici siyasət idarəsindən icazə almalı olduğunu bildirdi. Düşünmək olardı ki, nazir Valeri Pekresin qanunauyğun şəkildə Azərbaycan ərazisinə daxil olmaq üçün Azərbaycan XİN-dən icazə alınmasının zəruriliyindən danışır. Amma belə olsaydı heç təəccüblənməli və gülməli bir şey də olmazdı. Prezidentliyə namizədin qərargahı bəyan etdi ki, “…namizəd Pekres namizəd Makrondan icazə almağı heç ağlına belə gətirmir”. Beləliklə, nazirə verilən cavabdan aydın oldu ki, sən demə, Fransa Respublikasının Xarici İşlər naziri İv lö Drian Valeri Pekresin Azərbaycan Xarici İşlər Nazirliyindən yox, məhz ondan icazə almasını nəzərdə tuturmuş. Qəribə məntiqdir, deyilmi? Nazir başqa ölkənin ərazisində cinayət törətmək üçün siyasətçilərin ondan icazə almasını istəyirmiş. Seçkilər ərəfəsində bundan daha təəccüblü və komik bir səhnənin yaşanacağını güman etmirəm. Amma kim bilir, Fransa siyasətçiləri dünya siyasətinə daha nə kimi “yeniliklər” gətirə bilər? Məsələn, Paşinyanın sınıq-salxaq Ermənistanda baş nazir olmaqdansa, siyasəti bütün istiqamətlərdə deqradasiyaya uğramış Fransada prezident seçilməsi daha yaxşı olmazdımı?

Bilmirəm, fransız seçicilərini Pekresin cinayəti daha çox təəccübləndirir, yoxsa İv lö Drianın cavabı və icazə tələbi. Amma baş verənlər doğrudan da dünya siyasi təcrübəsində heç vaxt rast gəlinməmiş, analoqu olmayan bir məzhəkədir. Görünür, fransız siyasəti klassik janrdan siyasi məzhəkə janrına keçid alır. Bundan sonra “demokratik” Fransada siyasət, cinayət və komediya bir arada olacaq. Fransız seçicilərin təəccübünə və təəssüfünə baxmayaraq”.

Fransa siyasətçilərinin bu oyunbazlığına qiymət verməyin ilk növbədə fransız seçicilərin işi olduğunu vurğulayan Cavanşir Feyziyev deyib: “Fransa Xarici İşlər naziri də, prezident seçkilərində heç olmasa maliyyə dəstəyi naminə ermənilərin çirkli və qanlı əllərini öpməyə hazır olan namizədlər də öz hərəkətlərini və bəyanatlarını özlərinin elan etdikləri hüquqi dövlət prinsipləri çərçivəsində səsləndirməlidirlər. Onların Azərbaycanın sərhəd qanunlarına saymazlıq göstərməsi, xüsusilə də Azərbaycan Prezidentinin sözlərinə onların məsuliyyətsiz şərhi qəbuledilməzdir və ikrah doğurur. Azərbaycan dövləti nisbətən gənc olmasına baxmayaraq öz müstəqilliyini və milli maraqlarını öz gücünə qorumağı bacaran bir dövlətdir. Bunu 30 il davam edən bir münaqişənin Fransanın bütün destruktiv səylərinə baxmayaraq Azərbaycanın özü tərəfindən həll etməsi də bir daha sübut etdi. Növbəti seçkilərdən sonra Yelisey sarayına təntənəli giriş əvəzinə Azərbaycan həbsxanasına girməmək üçün bugünkü reallığı ermənilər kimi Fransa siyasətçilərinin də düzgün anlaması faydalı olardı.


Müəllif: Cavanşir Feyziyev

Oxşar xəbərlər