24 Yanvar 2022 14:33
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən axşam saatlarında Ermənistan Prezidenti Armen Sərkisyan gözlənilmədən istefa verdiyini elan edib. Sərkisyan istefasına səbəb kimi prezidentin ölkənin qarantı olduğu halda əlində geniş səlahiyyətlərin olmamasını göstərib, deyib ki, ölkənin daxili və xarici siyasətinə təsir etmək imkanları faktiki yoxdur. Bir çox analitiklər isə prezidentin istefasını Paşinyanın növbəti qələbəsi kimi təqdim edir.

Teleqraf.com mövzu ətrafında politoloq Cümşüd Nuriyevin müsahibəsini təqdim edir:

- Cümşüd müəllim, dünən axşam saatlarında Ermənistan Prezidenti Armen Sərksiyan istefa verdi. Siz bu istefanı nə ilə əlaqələndirirsiniz, səhnə arxasında nələrsə baş verir?

- Birinci dəfədir ki, Ermənistanda ağıllı adam çıxır və istefa verdiyini elan edir. Həm də istefa verməklə istefa mədəniyyətini gündəmə gətirir. Sərksiyan peşəkar diplomatdır, uzun illər ölkəsinin Londonda səfiri olub. Amma aydındır ki, onunla Baş nazir Nikol Paşinyan arasında gərginlik hökm sürürdü. Paşinyan çox ustalıqla onu aldatdı, çətin əziyyətə saldı. Xüsusilə, Paşinyan ötən il ikinci dəfə parlament seçkilərini udduqdan sonra Sərkisyanın mövqeləri tamamilə laxladı və zəiflədi.Təkrar parlament seçkilərindən sonra bir növ Sərksiyan “maneken” statusunda prezident kreslosunda əyləşirdi. Adam özünə hörmət edərək istefa verdi. Bildi ki, Paşinyanla baş edə bilməyəcək. O ayrı məsələdir ki, onun istefası Ermənistanda heç nəyi dəyişməyəcək. Ən azından Ermənistan parlamentli respublikadır və prezidentin statusu və səlahiyyəti o qədər də geniş deyil.

- Demək istəyirsiniz ki, istefa Paşinyan-Sərkisyan qarşıdurmasının nəticəsidir?

- Bəli, nəticə budur. Amma aydındır ki, Paşinyan Armen Sərkisyandan güclü siyasi fiqurdur. Çünki Paşinyanın arxasında Qərb durur. Sərkisyan isə İngiltərə və Rusiyaya bağlı biri idi. Lakin siyasi fiqur kimi Paşinyanın diapozonu daha böyükdür. Nikol Qərblə, ABŞ-la, Rusiya və İranla işləyir. Əlbəttə, bunun sonunun necə olduğunu zaman göstərəcək. Sadəcə reallıq odur ki, Paşinyan Sərkisyandan dəfələrlə güclü fiqurdur. Ona görə də, oyunun bu mərhələsinin qalibi oldu.

- Yeni Ermənistan prezidentinin kimliyini də Paşinyan müəyyən edəcək?

- Sözsüz ki, yeni prezident “Mənim addımım” fraksiyasından olacaq. Çünki Ermənistanda yeni prezidenti parlament müəyyənləşdirir. Parlamentdə səs çoxluğu Paşinyanın əlindədir. Bu mənada yeni prezidentin Paşinyana yaxın adam olacağına şübhə yoxdur. Onların konstitusiyasına əsasən prezidentin səlahiyyətləri azdır və proseslərə təsir etmək baxımından əlində böyük alətlər olmur. Kimin seçilməsindən asılı olmayaraq Ermənistanda hər şey Paşinyanın liderliyində həll ediləcək.

- Sərksiyanın istefası siyasi prosesləri alovlandıra bilərmi?

- Məncə, bu istefanın müəyyən təsirləri hiss ediləcək. Sərkisyanın Ermənistan siyasi qüvvələri ilə əlaqələri çox yüksək səviyyədə olub. Məsələn, revanşist qüvvələrlə əla münasibətdə idi. Eləcə də Daşnaksütyun, Parlaq Ermənistan, Respublika Partiyası ilə münasibətləri yaxşıdır. Onlar həm də elə Sərkisyanın ətrafında idi. Ermənistanda durum gərgin olanda Armen Sərkisyan dəfələrlə bu qüvvələrlə görüşmüşdü. Hətta Köçəryan və Serj Sərkisyanla müzakirələr aparmışdı. Qısaca, bu qüvvələr həm də prezidentə görə vəziyyəti nəzarətdən çıxacaq dərəcədə gərginləşdirmək istəmirdilər. Amma indi o mənada siyasi gərginlik artacaq. Çünki bu, onların son döyüşüdür. Demək olar ki, revanşistlərin hakimiyyətdə adamı qalmayıb, ancaq paramentdədirlər. Bir növ parlament siyasi döyüş meydanına çevriləcək.

- Aydındır ki, erməni cəmiyyəti nə Robert Köçəryanı, nə də Serj Sərksiyanı qəbul etmir. Mümkündürmü növbəti mərhələdə revanşistlərin əsas namizədi “könlü tox, vəzifədən könüllü istefa vermiş” Armen Sərkisyan olsun?

- Yeni sima ola bilər. Armen Sərkisyanın yenidən seçilmək şansı aşağıdır, onu qəbul etməzlər. Robert və Serjikin seçilməsi də istisnadır. Paşinyan faktiki olaraq Qarabağ ermənilərindən imtina edib. Əksinə, onları zəiflətmək xətti aparır. Belə qüvvələrlə əlaqələsi olan şəxsin də Paşinyan tərəfindən qəbul edilməyəcəyi şübhəsizdir. Qısaca, Armen Sərkisyanın karyerası faktiki bitdi.

- Ermənistanın yeni prezidenti kim ola bilər?

- Məncə, yeni prezidentin namizədliyi bir həftədən sonra rəsmən bilinəcək. Əlbəttə, yeni prezidentin Türkiyə ilə münasibətlərindən də çox şey asılı olacaq. İndi əsas fiqur olan Paşinyanın Türkiyə ilə əlaqələri normaldır. Daha doğrusu Paşinyan Türkiyə reallığını qəbul etmək məcburiyyətində qalır. Bu artıq faktdır və reallıqdır.

Sərkisyan da elan etdi ki, ölkə tarixi mərhələdədir. Amma Paşinyanın mövqeyi daha əsasdır. Paşinyan anlayır ki, Ermənistanın dövlət kimi var olması üçün Rusiyadan daha çox Azərbaycan və Türkiyə ilə razılaşmalıdır. Qarabağ iddiasından daha tez imtina etməlidir. Nə qədər ki, Qarabağ boyunduruq kimi Ermənistanın boynundan asılı qalacaqsa, bu ölkənin durumu günü-gündən pisləşəcək. Məncə, bu reallığı Paşinyan daha dərindən anlayır, nəinki Armen Sərksiyan. Sərksiyanın ətrafında olanlar daha çox Ermənistanı qarşıdurmaya sürükləyən revanşist qüvvələrdir.

- Rusların Ermənistanda yeni prezidentin seçilməsinə hansı təsiri ola bilər?

- Ruslar Ermənistanda mövqelərini getdikcə itirirlər. Məncə, bu şəkildə davam edərsə, Ermənistanda Qazaxıstan variantı istifadə edilə bilər. Paşinyanı yıxmaq üçün Ermənistan ordusu daxilində Rusiyanın kifayət qədər adamı var. Hərbi elita buna cəhd edə bilər. Amma Rusiyanın Ukrayna boyda dərdi var və Moskvanın üzərinə bütün dünya gəlir. Bu baxımdan Ermənistan bu saat Rusiyanın əsas məsələsi deyil. Amma ruslar yenə də aqressiv siyasətini aparacaq, həm də Cənubi Qafqazda imperiya siyasətindən əl çəkməyəcək. Bununla paralel olaraq Moskva istəyəcək ki, yeni prezident ən azından Rusiyanın kəşfiyyatına bağlı biri olsun. Əlbəttə, ruslar bunu açıq şəkildə qoysalar, Paşinyan buna getməyəcək. Amma onlar müxtəlif variantlarla öz adamlarını seçdirməyə çalışacaq. Söhbət buna cəhd etməkdən getmir, ruslar bununla məşğul olacaq. Unutmayaq ki, Cənubi Qafqazda Rusiyanın yeganə forpostu Ermənistandır. Bizdən ümidini kəsiblər, Gürcüstanda onların əlindən çıxıb. Aydındır ki, hər bir ölkədə rusların “beşinci kolonu” güclüdür. Ermənistanda bu kolon artıq dövlət səviyyəsində deyil, ən azından təmizlənib. Amma ordu daxilində var.


Müəllif: Nemət Orucov

Oxşar xəbərlər