25 Yanvar 2022 21:44
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-Rusiya danışıqlarının uğursuz nəticələnməsi Ukrayna ətrafında durumu bir qədər də gərginləşdirib. Analitiklər müharibənin an məsələsi olduğunu bildirirlər. NATO şərq cinahını (Şərqi Avropa) gücləndirmək üçün addımlara başlayıb, Rusiya Kalinqraddakı (Avropanın ortasında) bazalarını hazır vəziyyətə gətirib.

Teleqraf.com Ukrayna ətrafında yaranan durumu hərbi-analitik Azad İsazadə ilə müzakirə edib:

- Ukrayna ətrafında gərginlik artıq qaynar fazaya daxil olma ərəfəsindədir. Siz yaranan vəziyyəti necə qiymətləndirirsiniz?

- Əvvəla, mən vəziyyəti çox ciddi və gərgin qiymətləndirirəm. Qərb neçə illərdir ki, bir sıra model silahları Ukraynaya vermirdi və arqumenti də ondan ibarət idi ki, problemi sülh yolu ilə həll edək. Amma qəfildən bir neçə dövlət silahları pulsuz Ukraynaya verir. Deməli, bu ölkələr Moskvanın Ukraynanı hədələməsini ciddi qəbul edir. Ümid edirəm ki, proses qaynar fazaya keçməyəcək. Çünki reallıq belədir ki, Ukrayna ordusu tam qələbə çalmaq imkanında olmasa da, ruslara kifayət qədər müqavimət göstərəcək. Bu halda ruslar ciddi itkilər verəcək. İstər nüfuz, istər insan resursu, istərsə də iqtisadi baxımdan. Əlbəttə, ruslar hücuma keçsələr bəzi torpaqları işğal edəcək, amma bununla məsələ həll edilmir. Çünki Ukrayna torpaqlarını işğal etməklə yanaşı onu nəzarət altında saxlamaq lazımdır. Hesab edirəm ki, bu variantda ruslara ciddi müqavimət ola bilər. Ona görə də, arzuediləndir ki, Rusiya rəhbəliyində olan insanlar bu siqnalları ciddi qəbul edərək müharibə əmrini verməkdən çəkinsinlər.

- Rusiyanın Ukrayna hücum etmək planı varmı?

- Normalda hər bir dövlətin qonşu ölkələrlə müharibə aparmaq üçün planı hazırlanır. Söhbət xəritə üzərində olan plandan gedir. İndi bəhs etdiyimiz məsələdə isə plan ancaq xəritə üzərində deyil. Rusiya ordusunu neçə aylardır Ukrayna sərhədinə toplayıb. Bu həm də böyük maliyyə itkisi deməkdir. 100 mindən artıq ordunu çöldə saxlayırlar ki, hər bir an hücuma keçə bilərlər deyə. Silah daşıma, hətta Sibirdən “İsgəndər” raketlərini gətirib ora yığmaq göstərir ki, hazırlıq ciddidir. Burada ümid verən məqam odur ki, ruslar bu addımları açıq edirlər, gizlətmirlər. Adətən hərbi əməliyyat hazırlayan ölkə çalışır ki, hərbi daşımalar daxil olmaqla hər şeyi məxfi saxlasın. Ruslar isə faktiki bunu açıq edir, güc göstərirlər. Məncə, bu nümayişin Qərbə mesajı odur ki, ya şərtləri qəbul edirsiniz, ya da Ukraynaya hücuma keçirik. Bax bu an da təhlükəlidir.

- Bəzi ekspertlər ehtimal edirlər ki, əslində Moskvanın Ukraynaya hücum niyyəti yoxdur, sadəcə Qərb təbliğat maşını elə təəssürat yaradır ki, sanki ruslar hər an hücuma keçə bilər. Hətta bu məqsədlə Kiyevdəki səfirliklərini belə boşaldırlar. Qərbin maraq və məqsədi nədir?

- Öncə onu deyək ki, ABŞ Kiyevdən diplomatlarını deyil, onların ailə üzvlərini təxliyə edir. Eyni zamanda ciddi ehtiyacı olmayan səfirlik işçilərini. Burada məqsəd odur ki, qəfil təxliyə zərurəti yaranarsa, bunu dərhal həyata keçirmək mümkün olsun. Çünki bir var səfirlikdə bir neçə diplomatı təxliyə edəsən, bir də var onlarla ailəni. Bu fərqli məsələdir.

İkincisi, mən istisna etmirəm ki, həqiqətən müharibənin başlamasında Qərb maraqlı ola bilər. Amma həqiqət budur ki, Qərb hər hansı bir ultimatum irəli sürməyib. Əksinə, Qərb qarşısında ultimatumu Rusiya rəhbərliyi irəli sürdü. Özü də Ukraynanın deyil, Qərbin qarşısında. Qərb üçün bu ultimatumu qəbul etmək elə təslim olmaq deməkdir. Qərb də bu ultimatuma cavab kimi hansısa tədbirləri görür. O cümlədən Ukraynanı gücləndirir ki, əgər zərbə olacaqsa, bu zərbə Qərbə deyil, Ukraynaya olsun. Yəni rus ordusu Ukraynada ləngisin. Bir sözlə vəziyyət ciddidir. Hətta rusların müharibə aparmaq niyyəti yoxdursa belə, ordu Ukrayna sərhədində kompleksləşdirilibsə, balaca bir ildırım müharibəni başlada, hərbi hissələri nəzarət altından çıxara bilər. Bir tərəf güllə atdı, qarşı tərəf cavab verdi, itki oldu və s. Bu elə müharibənin başlaması deməkdir. Həm də söhbət düşünülmüş təxribatdan getmir, təsadüfi hallardan gedir. Hazırda Ukrayna və Rusiya tərəfində 200 minə yaxın silahlı hərbçi faktiki üz-üzə dayanıb. Hər an müharibənin başlanmasını gözləyir. Təsadüfi bir atəş müharibəyə gətirib çıxara bilər.

- Hazırda NATO Şərqi Avropada qoşun və silahlarının sayını artırmaq qərarını verərək Bolqarıstan, Rumıniya, Pribaltikaya qoşunlar gətiriləcək. ABŞ elan edir ki, 8500 nəfərlik hərbi personal NATO-nun cavab qüvvələrinin ixtiyarına veriləcək, həmçinin ABŞ hərbi gəmiləri və qırıcılarının Avropaya gətirilməsi an məsələsidir. Moskva NATO-dan 1997-ci il sərhədlərinə çəkilməyi tələb edəndə məhz bu ərazilərdən çıxmasını nəzərdə tuturdu. Qərbin bu addımlarda məqsədi nədir?

- Konflikt vəziyyətində “kim gözünü birinci qırpdı” məsələsi var. Bir-birinin üzünə baxırlar söz deyirlər, kim birinci gözünü qaçırdı, həmin tərəf uduzmuş hesab olunur. İndiki halda tərəflər bir-birindən gözünü qaçırmır, əksinə maksimum vəziyyəti gərginləşdirirlər. Bəlkə bu mərhələdə danışıqlar olacaq. Amma maksimum həddə qədər risklər yüksək olacaq.

Rusiya indi çıxış yolu da göstərməlidir. O mənada ki, necə geri çəkiləcək. Amma aydındır ki, əksər hallarda geri çəkilmək daha çətin olur, nəinki irəli getmək. İndi geri çəkilən uduzmuş sayılmaqla yanaşı ölkəsində nüfuzunu itirmiş olacaq.

- Amma ruslar da sakit durmur, Kalinqradakı donanmanın 20 hərbi gəmisini Baltik dənizinə çıxarır, Engeles məntəqəsindəki hərbi hava qüvvələrinin bazasını gücləndirir...

- Rusiya müharibə başlasa ən yaxşı halda Ukraynaya güclə qalib gələ bilər. Rus ordusunun indi bütün Qərblə müharibə aparmaq gücü yoxdur. Şübhəsiz ki, uduzacaq. Hələ biz bilmirik ki, Ukraynanı udacaq, ya yox. Odur ki, indi baş verənlər daha çox güc nümayişidir, nəinki real müharibə hazırlığı. Hazırda Rusiyanın geniş müharibə aparmağa nə iqtisadi, nə insani, nə də ordu hazırlığı yoxdur. Faktiki 1914-cü ildə Ukraynada ordu olmaya-olmaya könüllü Ukrayna batalyonlarının hesabına Rusiya hücumunu dayandırmağa məcbur oldu. Halbuki həmin dövrdə ruslar müqavimətlə rastlaşmasaydı irəli gedəcəkdi. Çünki iştahı böyük idi. Nəzərə almaq lazımdır ki, Rusiya SSRİ deyil, onun qırıntısıdır. Düzdür, SSRİ-nin ən böyük qırığıdır, amma qırığıdır. Üstəlik Rusiyanın iqtisadi vəziyyəti ağırdır və müharibəyə girişsə, daxildə proseslər də başlaya bilər.

- İndiki vəziyyət hansı ssenari üzrə inkişaf edə bilər?

- Ya bu qızğın prosesdən əvvəl, ya da sonra danışıqlar olacaq. Daha yaxşı olardı ki, dialoq qaynar prosesdən əvvəl olsun. Əslində dialoq var. Rəsmi görüşlər də olub. NATO-Rusiya, ABŞ-Rusiya və yenidən Blinken-Lavrov arasında təmaslar olub. Məncə, proses davam edəcək. Üstəlik bu həftə ərzində ABŞ Rusiyanın ultimatumuna cavab verəcək.

- NATO-nun şərq cinahının gücləndirilməsi ultimatuma cavab deyilmi?

- Bəli, cavabdır. Amma söhbət rəsmi cavabdan gedir. Hələlik ruslar cavab gözləyirlər. Görünən budur ki, Qərb işini ehtiyatlı tutmaqla sonradan cavab verəcək. NATO-nun şərq cinahının gücləndirilməsi bunu deməyə əsas yaradır.


Müəllif: Nemət