Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Razi bəy, Türkiyə prezidentinin təşəbbüsü ilə Rusiya-Ukrayna məsələsinin müzakirəsi üçün Vladimir Putinin Ankaraya dəvət edilməsi gərginliyin azaldılması baxımından nə dərəcədə təsirli görünür?
- Türkiyə ilə Azərbaycanın Rusiya ilə Ukraynanı barışdırmasında, ortada olan problemin həllinə dair səyləri səmimiyyət üzərində qurulub. Doğrudan da onlar heç bir siyasi məqsəd güdmədən bu problemin həll olunmasında maraqlıdır. Çünki həm Türkiyənin, həm də Azərbaycanın Rusiya və Ukrayna ilə yaxşı münasibətləri var. Təbii onlar istəməzdilər ki, münaqişə ucbatından bu dövlətlərlə münasibətləri pozulsun. Rusiya üçün Türkiyə və Azərbaycan üzərindən Ukrayna ilə danışmaq daha asandır, məntiqli və başadüşüləndir. Çünki nə Azərbaycan, nə də Türkiyə Ukrayna və Rusiya ilə sanksiyalar dili ilə danışmır. Bu baxımdan danışıqlar prosesi də daha rahat olur. Azərbaycan Prezidentinin Kiyevə səfəri Türkiyə prezidentinin Vladimir Putinlə danışıqları aradakı buzların müəyyən qədər əriməsinə səbəb olub. Bu baxımdan da artıq müəyyən məsələlərdə demək olar ki, ortada hər hansı bir razılıq ola bilər. Yaxud müsbət məqamlar var ki, bu da Rusiya prezidentinin Ankaraya səfəri ilə reallaşsın. Bunun da nəticəsində müəyyən razılaşmaların olması gözlənilir.
- Burada Türkiyə hansı üstünlüklərə malikdir?
- Sözsüz ki, Türkiyənin üstünlükləri çoxdur. Türkiyənin Rusiya ilə yaxın münasibətləri var. Həmçinin qardaş ölkə NATO üzvüdür. Bu baxımdan Türkiyənin imkanları daha genişdir. Ona görə də, müəyyən bir nəticələr əldə edilə bilər. Çünki Ukrayna da müharibəyə can atmır. Rusiya da bilir ki, Ukrayna ilə müharibə aparmaq fəlakət törədəcək. Bu baxımdan hər iki tərəf münaqişənin nizamlanmasında maraqlı olduğuna görə, Türkiyənin səyləri də müsbət nəticə verəcək.
- Azərbaycan, Türkiyə, Ermənistan nümayəndə heyətinin Antalyada görüşü olacaq. Gözləntiləriniz nədir?
- Əgər iki il öncə deyilsə idi ki, Azərbaycan və Ermənistan nümayəndə heyətləri Türkiyədə görüşəcək, kimsə buna inanmazdı. Bəlkə də, kimlərsə düşünərdi ki, bu, fantastik yanaşmadır. Amma Qarabağ münaqişəsinin həllindən il yarım sonra artıq Azərbaycan və Ermənistan nümayəndələri Türkiyədə görüşəcək. Bu müddət ərzində böyük bir yol keçilib, aradakı buzlar əriyib. Ermənistan nümayəndə heyəti Türkiyəyə gedir. Türkiyə, Azərbaycan və Ermənistan birlikdə məsələlərin müzakirəsində, proseslərin irəliyə aparılmasında müəyyən çıxış yolları axtaracaq. Əvvəllər bu prioritet Rusiyanın və Minsk Qrupunun əlində idi. İndi isə bu məsələlərdə Avropa Birliyi və Türkiyə aktiv rol alıb. Azərbaycanın da istəyi məhz bu idi. Ona görə də, bu, həm Azərbaycan, həm Türkiyə, həm də Ermənistan üçün də uğur hesab olunur. Çünki ermənilər başlarını quma salıb ancaq diaspordan gələn təlimatları gözləyirdilər. Bu təlimatlarla da bütün region dövlətlərilə münasibətləri korlayırdılar. Belə hallar isə Ermənistanın özünün təklənməsinə gətirib çıxarırdı.
- Şuşa Bəyannaməsinin Milli Məclisdə ratifikasiyası ilə iki dövlət arasındakı əlaqələrin strateji əhəmiyyəti haqqında nə demək olar?
- Bundan öncə belə bir fikir səsləndirmişdim. Buna görə də, bəziləri məni tənqid atəşinə tutmuşdu. Türkiyə ilə Azərbaycan arasında iki dövlət bir millət anlayışının hüququ əsasları haqqında fikir bildirmişdim. Bu baxımdan Şuşa Bəyannaməsinin Milli Məclisdə ratifikasiya edilməsi iki dövlət bir millət anlayışını daha da dərinləşdirəcək. Bundan sonra bəzi məsələlərin də bu səviyyədə həlli üçün zəmin yaranacaq. Bu baxımdan da Şuşa Bəyannaməsinin nə qədər əhəmiyyətli, dövlətlərarası sənəd olduğu ortaya çıxır. Bundan sonra geriyə yol yoxdur. Bununla Azərbaycanın müstəqilliyinin, suverenliyinin gücləndirilməsinin anlamı izah oluna bilər.