24 Mart 2022 09:05
16 623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş katiblərin dəfn mərasimi ölkənin həyatında ən mühüm hadisələrdən biri olurdu. Rəhbərlərin heç bir vida mərasimi eksses (nəyinsə ifrat təzahürü, bir şeyin normal gedişinin pozulması, normadan kənara çıxma) və ya sadəcə, qəribəliklər olmadan baş tutmurdu.

Teleqraf.com bildirir ki, bu günlərdə vəfat etməsinin 38-ci ildönümü tamam olan Yuri Andropovun dəfn mərasimi də bu baxımdan istisnalıq təşkil etmirdi.

Dəfnin elanı

Yuri Vladimiroviç ömrünün çox hissəsini böyrək xəstəliyindən əziyyət çəkib. Andropovun səhhəti 1983-cü ilin yayında, o, artıq Sov.İKP MK-nın Baş katibi vəzifəsində çalışarkən kəskin şəkildə pisləşir. Buna görə də çox vaxt yataqdan qalxmadan şəhərətrafı bağ evində işləyir. Daha sonra baş katib xəstəxanaya yerləşdirilir və partiyanın baş katibi kimi vəzifələrini icra etməyə davam edir. Həkimlərin bütün səylərinə baxmayaraq, 1984-cü ilin yanvarında onun səhhətində yenidən pisləşmə gedir, bəzi daxili orqanları öz funksiyalarını yerinə yetirməkdən imtina edir. Nəticədə həmin ilin fevralın 9-u saat 16:50-də Yuri Vladimiroviç 69 yaşında vəfat edir.

Maraqlıdır ki, “Siyasi portretlər. Leonid Brejnev, Yuri Andropov” nəşrinin müəllifi Roya Medvedyevanın iddiasına görə, Yuri Andropovun dəfn mərasiminin çərşənbə axşamı, fevralın 14-də keçiriləcəyi barədə məlumat yalnız fevralın 12-də, bazar günü, yəni sovet liderinin ölümündən yalnız 3 gün sonra elan edilib. Məhz buna görə də çaşqınlıq yaranıb. Bir çoxları, məsələn, sovet diplomatı Yuri Kuznetsov hesab edir ki, Andropov fevralın 9-da deyil, fevralın 12-də – DTK-nın keçmiş rəhbəri ilə vida mərasiminin vaxtı və yeri ilə bağlı xəbər elan ediləndə dünyasını dəyişib. Hətta Ronald Reyqan SSRİ-yə yalnız fevralın 12-də başsağlığı teleqramı göndərib.

Mükafatları və yas çıxışları

Sov.İKP MK-nın əvvəlki Baş katibi Leonid Brejnev Yuri Andropovun ölümündən bir ildən bir qədər əvvəl vəfat etdiyinə görə çoxları onların dəfn mərasimini müqayisə edirlər. Yas tədbirlərinin açıq-aşkar oxşarlıqları da, fərqlilikləri də gözdən yayına bilməzdi. Məlum olduğu kimi, Brejnev mükafatlara biganə deyildi və onların sayına görə Ginnesin rekordlar kitabına rekordsmen kimi düşmüşdü (Yeri gəlmişkən, Brejnev Sosialist Əməyi Qəhrəmanı (1961) və dörd dəfə Sovet İttifaqı Qəhrəmanı (1966, 1976, 1978, 1981), “Xalqlar arasında sülhün möhkəmləndirilməsinə görə” Beynəlxalq Lenin Mükafatı (1973) və Ədəbiyyat üzrə Lenin Mükafatı (1979) laureatı idi. 1978-ci ildə "Qələbə" ordeni ilə təltif edilib. Brejnev ümumilikdə 117 sovet və xarici dövlət təltifinə malik olub – S.Həmid). Onun orden və medalları bütün qaydaların əksinə olaraq dəfn mərasimi zamanı yastığa cəmi bir neçə ədədi bərkidilmişdi. Əks təqdirdə prosessiya (çoxsaylı insanların təntənəli yürüşü) zamanı 100-dən çox adamı önə keçirmək lazım gələcəkdi. Ancaq Andropov bu planda təvazökar oldu: onun mükafatları az idi. O hətta hərbi təltiflərə belə malik deyildi, baxmayaraq ki, Kareliyada partizan hərəkatının təşkilatçılarından biri kimi tanınırdı.

Oxşar məqamlara gəlincə, Yuri Andropov öz ölümündən az əvvəl Leonid Brejnevin dəfn mərasimində qısa nitq söyləmişdi. Andropov artıq həmin vaxt özünü yaxşı hiss etmirdi. Onun sağlamlığının 1980-ci ildə keçirdiyi və onsuz da zəif olan orqanizminə neqativ təsir göstərən suçiçəyi xəstəliyi nəticəsində sarsıldığını düşünmək üçün bütün əsaslar var. Andropovun dəfn mərasimində artıq Konstantin Çernenko çıxış edirdi. Hansı ki, özü də ciddi və ağır xəstə idi, o cümlədən ağciyərləri xəstələnmişdi. Çernenkonun gedəcəyi əvvəlcədən məlum olsa da baş katiblərin bir-birinin ardınca baş verən ölümləri xalq tərəfindən şübhəli hesab olunurdu. Təəccüblü deyil ki, bununla bağlı bir lətifə meydana çıxdı, hansı ki, diktor deyir: “Yoldaşlar! Siz, əlbəttə, güləcəksiniz, amma bizə yenə də əvəzi olmayan itki üz verdi”.

Baş katiblə vidalaşma

Ancaq Yuri Andropovun doğmaları gülümsəməkdən qəti şəkildə uzaq idilər. Baş katibin dəfn mərasiminə hətta Andropovun birinci evliliyindən olan oğlu Vladimirin həyat yoldaşı (özü də o vaxt artıq dul qalmışdı) Mariya da gəlmişdi. DTK rəhbəri tərcümeyi-halının bu səhifəsini diqqətlə gizlədirdi. Məsələ ondadır ki, Andropov Vladimiri bəxtsiz oğul hesab edirdi: o, iki dəfə spirtli içkidən sui-istifadəyə görə məhkum edilmişdi. Vladimir 1975-ci ildə ölüb, lakin atası onun dəfnində görünməyib. Ancaq Yuri Vladimiroviçin gəlini əmin idi ki, baş katiblə mütləq vidalaşmalıdır, çünki bu onun qızlıq borcudur. Ən azı Sergey Semanov “Andropov. Baş katibin Lubyankadan 7 sirri” kitabında belə yazır. Üstəlik, Mariya Moskvaya tək deyil, qızı – Yuri Andropovun nəvəsi ilə gəlmişdi.

Maraqlıdır ki, Mariyanı Andropovun mənzilinə buraxmayıblar. Kutuzov prospektindəki evin düz girişində onun qarşısını kəsib və mehmanxanaya aparıblar. Ancaq Yuri Vladimiroviçin gəlinini vida mərasimi daha çox təəccübləndirib. Mariyanın dəfn mərasimində keçirdiyi qısa zaman kəsiyində onu və digər qohumları ya tabutun yerləşdiyi zaldan çıxarıb, ya da bir neçə dəfə təkrar içəri dəvət ediblər. Məlum olub ki, hökumət üzvləri zala daxil olanda qohumlar dərhal yola salınıb. Üstəlik, bu, hər iki tərəf üçün görünməz şəkildə edilib: məmurları bir qapıdan, Andropovun qohumlarını isə digər qapıdan aparıblar. Mariya Andropova təşkilatçıların bu cür hərəkətlərini qohumlara qarşı təhqiramiz hesab edib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər