44 günlük Vətən müharibəsi 2020-ci ilin 10 noyabrında başa çatmasına baxmayaraq hələ də Azərbaycan ərazisində qondarma rejimin tör-töküntüləri qalıb. Halbuki razılaşmaya əsasən bütün qanunsuz silahlılar Azərbaycan ərazisindən çıxmalı, paralel olaraq rus sülhməramlıları əraziyə daxil olmalı idi. Amma bu məsələlər həll edilmədiyinə görə, separatçılar bundan ruhlanıblar.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycan ərazisində qalmaqda olan separatçıların birdəfəlik çıxarılmasına qısa zaman nail olunmalıdır:
“Dövlətimiz dəfələrlə bəyan edib ki, Azərbaycan qanunlarını qəbul etməyən heç kəs bu ərazilərdə qala bilməz. 44 günük müharibə erməni tərəfinin yadından çıxmamalıdır. Azərbaycan öz ərazisində apardığı hərbi əməliyyatların davamı olaraq bu məsələdə də konkret qərar vermək imkanlarını özündə saxlayıb”.
Millət vəkilinə görə, Serj Sərkisyan, Robert Köçəryan kimi hərbi canilərin revanşizmlə bağlı çağırışları da cavabsız qalmamalı, onlara qarşı addım atılmalıdır:
“Xocalı soyqırımında birbaşa əli olan Vitali Balasanyan kimi hərbi cinayətkarlar düşünürlər ki, etdiklərinə görə cəzasız qalacaqlar. Amma unudurlar ki, onun kimilər 44 günlük müharibədə necə məhv edilib. Ona görə də bu gün hansısa bir çağırışlar edənlər, yenidən müharibə arzulayanlar nəticənin də necə olacağı haqqında düşünməlidir”.