Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Eldar müəllim, tarixə nəzər salaq istərdim. Xocalı soyqırımı ərəfəsində ölkədə ictimai-siyasi durum necə idi?
- Qarabağda bu hadisələr 1988-ci ilin fevralından başlayıb. O dövrdə ilk dəfə olaraq ermənilər Xankəndində aksiyalar keçirdilər. Ulu öndər Heydər Əliyev 1987-ci ilin sonunda sovet rəhbərliyindəki vəzifəsindən getdikdən sonra 1988-ci ilin fevralında artıq ermənilər Xankəndində mitinqlər təşkil edirdilər. Onlar Qarabağın Ermənistana birləşməsi məsələsini sovet hakimiyyəti qarşısında qaldırırdılar. Asta-asta, kəndbəkənd azərbaycanlılar öz ev-eşiklərindən ermənilər tərəfindən zorla çıxarılırdı. 1988-ci ilin yazından başlayaraq isə azərbaycanlıları Ermənistan ərazisindəki ata-baba yurdlarından yük vaqonlarında Azərbaycana deportasiya etməyə başladılar. Ermənilərin bu hərəkətlərindən açıq hiss edilirdi ki, onlar tək Qarabağı deyil, ümumiyyətlə həmin əraziləri işğal etməyə hazırlaşır. Separatçılıq açıq şəkildə özünü büruzə verirdi. İnsanlar da başa düşürdülər ki, bu, təkcə Qarabağ məsələsi deyil. Bu, ermənilərin uydurduğu “böyük Ermənistan” ideyasının tərkib hissəsi idi. Bununla bağlı Zori Balayanın kitablarında, David Şahnazaryanın danışıqlarında da bir çox mətləblər yer alıb. Həmin dövrlərdən başlayaraq azərbaycanlıların Qarabağda sıxışdırılması prosesi gedirdi. Xocalı şəhəri ətrafında da bu proseslərin getdiyini görmək mümkün idi.
- Qarabağda idarəçilik necə təşkil edilmişdi?
- O dövr Dağlıq Qarabağın idarəçilik funksiyası Azərbaycan kommunist partiyasının II katibi Viktor Polyoniçkoya tapşırılmışdı. Ona qarşı təxribat edildi. V.Polyoniçkonun Xankəndindəki iş otağına iki qumbara atıldı. V.Polyoniçka keçmiş hərbçi olduğuna görə özünü bu partlayışdan qoruya bildi. Bir müddətdən sonra isə o Bakıya qayıtmalı oldu. 90-cı ilin sonu, 91-ci ilin əvvəllərində Azərbaycan Nazirlər Soveti Ağdamda yerləşməklə Qarabağın idarə edilməsi məqsədi ilə qərargah yaratdı. Qərargaha baş nazirin müavini Musa Məmmədov rəhbərlik edirdi. Qərargahın üzvləri isə nazirlik və komitələrdən bir müavinin seçilməsilə təşkil edildi. Onlar da 15 günlük növbəliliklə fəaliyyət göstərirdi. Hər nazirlik və komitə öz strukturuna orada qaldırılan və zəruri olan məsələləri yerində həll edirdi. AZƏRİTTİFAQ-ın sədr müavini kimi mən və həmkarım Cəlil Tarverdiyev də növbə ilə, yəni 15 gündən bir Ağdama ərzaq, yanacaq təchizatı, digər zəruri işlərin icrasını yerinə yetirirdik. Sonuncu dəfə 1992-ci ilin fevralın 14-ü də daxil olmaqla Ağdamda həmin qərargahda növbətçiliyə uyğun vəzifələri icra etmişəm. 1992-ci ilin 14-ü fevralında Ağdamdan Bakıya qayıtdım. Həmkarım C.Tarverdiyev isə növbəti vəzifəsinin icrası üçün Ağdama getdi. Həmin vaxtlar gərgin dövr idi. Qarabağda olan kənd və qəsəbələr bir-biri boşaldılırdı. Xocalıda gərgin bir vəziyyət hökm sürürdü. İnformasiyalar gəlirdi ki, ermənilər Xocalını da işğal etmək istəyir. Bu barədə mən o vaxt Daxili işlər nazirinin müavini Tahir Əliyevə və M.Məmmədova məlumat vermişdim.
- Təhlükənin olduğunu dediyiniz zaman sizə nə cavab verildi?
- Dedilər ki, biz onlara əlavə bir top da vermişik. Onlar özləri-özlərini müdafiə edəcəklər. Hətta açıq şəkildə bildirdim ki, bir topla nə olacaq? Əsas məsələ onun üzərində dayanırdılar ki, Xalq Cəbhəsinin dəstələri Əsgərəna girib oradan Xocalıya yol açacaq. Çünki əsas problem xocalılaların oradan çıxış yolunun olmaması idi. Hətta Xocalıya çörəyi belə vertolyotlarla atırdılar. Xocalıdakı soyqırımında ermənilər bir daha öz vəhşiliklərini göstərdilər. Onlar dinc insanlara, qocalara, qadınlara uşaqlara divan tutdular. Ermənilər orada uşaqları, qadınları vəhşicəsinə qətlə yetirdilər. İnsan bu faciənin mahiyyətinə nəzər saldıqda belə dəhşətə gəlir. Qaniçən Zori Balayan sonra azərbaycanlılara qarşı amansızlıqlarından bəhs edən kitab yazmışdı. Bu XX əsrin sonunda azərbaycanlılara qarşı tarixi bir vəhşilik idi.
- Bəs, Xalq Cəbhəsinin Xocalıya istiqamətlənmiş hərəkatı niyə baş tutmadı?
- Onlar Əsgərən istiqamətindən girib Xocalıya yol açmalı idi. Amma sonra bilmədim ki, bu niyə olmadı? Bunu cəhbəçilərdən soruşmaq lazımdı. O plan baş tutsaydı, bəlkə də Xocalıda dinc insanların bu həddə qırğını da olmazdı.
- Belə miqyasda qırğının olması gözlənilirdimi?
- Proseslərin gedişini analiz etdikdə belə bir hadisənin olması gözlənilirdi. Artıq Xankəndində olan saqqallılar, silahlılar qəsəbələrə, kəndlərə girib camaatı talan edir, öldürə bildiklərini öldürür, qalanlarını isə qovub öz evlərindən çıxarırdı. Ermənilər azərbaycanlılara qarşı XX əsrin əvvəlllərindən belə qanlı soyqırımı aktları törədib. 1918-ci ilin mart hadisələri zamanı da ermənilər və daşnaklar Bakıda digər şəhər və rayonlarda minlərlə azərbaycanlını amansızcasına qətlə yetirmişdi. XX əsrin sonuna yaxın ən dəhşətli insan qırğını ilə müşahidə edilən faciə Xocalı soyqırımı idi. Təəssüflər olsun ki, o vaxt Azərbaycanda hakimiyyətdə olan qüvvələr nəinki rayonlarda, hətta Bakıda belə insanlardan adi ov tüfənglərini yığmışdılar. Əhali ona görə də özünü düşməndən heç cür müdafiə edə bilmirdi. Ölkənin müdafiəsini təşkil etməli olan adamın isə heç müdafiədən xəbəri yox idi.
- Sizcə, soyqırımının qarşısını almaq üçün hansı təsirli addımlar atıla bilərdi?
- Biz hiss edirdik ki, ermənilər gəlib bu əraziləri işğal edə bilər. Amma belə bir miqyasda insan qırğınının olacağı ağlımıza gəlməzdi. Xankəndindən Xocalıya 7-8 km-lik bir məsafə var. Ermənilər piyada gəlib oradakı azərbaycanlılara divan tutub. Xocalı cəlladlarından olan Serj Sərkisyan da sonrakı açıqlamalarında bildirdi ki, onlar bu qanlı qırğınları bilərəkdən edib. Məqsəd azərbaycanlıların gözünü qorxutmaq olub.
- Xocalı sakinlərinin bu qırğından xilas olması nə dərəcədə mümkün idi?
- O dövr kimsə düşünməzdi ki, belə bir bəşəri cinayət törədilsin. Heç kim bunu gözləmirdi. İnsanlar bəlkə də düşünürdü ki, ermənilər gəlib onlara "buranı tərk edin", - dedikdən sonra, getmələri üçün yol açacaqlar. Amma bu baş vermədi. İnsanlara qarşı dəhşətli işlər gördülər, işgəncələr verdilər. 366-cı moto-atıcı diviziyanın dəstəyi ilə qaniçən ermənilər və muzdlular dinc azərbaycanlılara qarşı Xocalıda amansızlıqla divan tudu. Bu faşizm dövründə belə müşahidə edilməyən bir insanlıq faciəsi idi. İnsanlara qarlı, çovğunlu havada amansız divan tutdular. Artıq bütün dünya bu qanlı soyqırımı haqqında kifayət qədər məlumatlıdır. Azərbaycan dövlətinin aparmış olduğu düzgün informasiya siyasəti nəticəsində dünya birliyi bu qanlı qırğının əsl mahiyyəti haqqında artıq məlumatlıdır. Bu, XX əsrin sonunda azərbaycanlılara qarşı törədilmiş əsrin faciəsi idi. Amma ermənilər özləri üçün uydurma soyqırımı iddiaları ilə çıxış edir. Əsl soyqırımı erməni vəhşiləri Xocalıda dinc azərbaycanlılara qarşı həyata keçirib.
- Xocalı soyqırımına nə vaxtdan hüquqi-siyasi qiymət verilməyə başlandı?
- 1993-cü ildə Ulu öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gələnə kimi hakimiyyətdə olan qüvvələr Xocalı soyqırımına lazımi qiymət verməyi istəməmişdilər. Bu tarixi bir faciədir. Yüzlərlə azərbaycanlı bu qanlı qətliam zamanı itkin düşüb. 613 nəfər amansızlıqla qətlə yetirilib. Ümumilli liderin dövründə artıq bu qanlı soyqırımına layiqli qiymət verildi. Azərbaycan xalqının başına gətirilən bu qanlı müsibətin bütün mahiyyəti beynəlxalq ictimaiyyətə açıqlandı. Məhz Ulu öndərin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib. Prezident İlham Əliyevin rəhbərliyi altında isə Azərbaycan həqiqətləri dünyaya daha geniş spektorda çatdırılmağa başlandı. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir sıra mühüm layihələr icra edildi. Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalıya Ədalət kompaniyası çərçivəsində dünyanın bir sıra ölkələrində tədbirlər keçirilib. Beynəlxalq ictimaiyyətə XX əsrin sonunda ermənilər tərəfindən dinc azərbaycanlıların başına gətirilən müsibətlər haqqında ətraflı informasiyalar verilib. Artıq dünyanın bir sıra parlamentləri Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Bu qanlı hadisəyə dünya birliyi tərəfindən siyasi hüquqi qiymət verilməlidir. Çünki bu bəşəriyyət tarixində insanlığa qarşı törədilmiş ən qanlı bir hərbi cinayətdir. Bu qanlı qırğında birbaşa iştirak etmiş Serj Sərkisyan, Robert Köçəryan gec-tez ədalət məhkəməsi qarşısında cavab verəcək. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu döyüş meydanında xalqımızın başına gətirilən bütün müsibətlərin, şəhidlərimizin qisasını aldı. Xocalı cəlladları döyüş meydanında məhv edildi. 30 ilə yaxın torpaqlarımızı işğalda saxlayan işğalçı dövlət kapitulyasiya aktına imza atmağa məcbur oldu.
- Vətən müharibəsindəki tarixi qələbə müstəvisində Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın əhəmiyyətini necə şərh edirsiniz?
- Bu gün Azərbaycan qalib dövlət kimi işğaldan azad edilmiş bölgələrdə yeni layihələr icra edir. Artıq quruculuq-abadlıq, bərpa işləri ilə yanaşı azad edilmiş ərazilərdə müasir elm tutumlu innovasiyaların tətbiqi ilə mühüm layihələr icra edilir. Qısa zamanda azad edilmiş bölgələrimizdə yenidən həyat bərpa ediləcək. 30 il öncə öz yurd-yuvalarından zorla çıxarılmış soydaşlarımız evlərinə qayıdacaqlar. Güclü Azərbaycan dövləti bu gün özünün malik olduğu imkanlarla qısa zamanda bu poseslərin reallaşmasını təmin edəcək. Azərbaycan bu gün bölgədə aparıcı gücə malik bir dövlətdir. Ölkəmizin malik olduğu iqtisadi güc və 44 günlük tarixi Vətən müharibəsində əldə etdiyi qələbə Azərbaycanı Cənubi Qafqazda lider dövlətə çevirib. Bu gün Cənubi Qafqaz bölgəsində Azərbaycanın iştirakı və razılığı olmadan heç bir layihə reallaşa bilməz. Vətən müharibəsindən sonra isə yaranmış yeni reallıq da məhz regional əməkdaşlığı, qarşılıqlı maraq müstəvisində daimi sülhün olmasını zəruri edir. Artıq regionda sülhə, əməkdaşlığa mane olacaq heç bir maneə yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, sərhədlərin delimitasiya və demarkasiya prosesini qısa zamanda həll etməli və iki dövlət arasında yekun sülh sazişi imzalanmalıdır. Çünki indiki tarixi reallıq məhz bunu tələb edir. Bundan sonra bölgədə daha geniş spektorda əməkdaşlıq imkanları yaranacaq. Bu da region dövlətlərinin və xalqlarının inkişafına, tərəqqisinə xidmət edəcək.