24 Fevral 2022 23:44
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

1991-ci ildə SSRİ adlı qlobal güc mərkəzinin çökməsi qlobal siyasi anlamda nə qədər mütərəqqi hadisə hesab olunsa da, bu çöküntünün doğurduğu siyasi nəticələr SSRİ tərkibində olmuş xalqlar və dövlətlər üçün bir o qədər fəlakətli oldu. Formal olaraq müstəqilliyini yenicə bəyan etmiş dövlətlər təsəvvür olunmayacaq dərəcədə ağır təhdidlərlə, müxtəlif güc mərkəzlərinin ekspansiya cəhdləri ilə, qonşu dövlətlərlə sərhəd problemləri ilə üzləşdilər. Bəzi hallarda bu problemlər separatçılıq və terrorçuluqla, qanlı savaşlarla və hətta işğal faktları ilə müşaiyət olundu. Bu hadisələrdən ən çox zərər çəkən respublikalardan biri və elə birincisi də Azərbaycan oldu.

İstər çar Rusiyası dövründə və istərsə də Sovet İttifaqı içərisində öz məkrli planlarını gizlin şəkildə hazırlayan və həyata keçirmək üçün fürsət gözləyən erməni millətçi-faşistləri tarixi Azərbaycan torpaqlarında minillər ərzində yaşamış soydaşlarımızı öz ata-baba torpaqlarından qovub çıxarandan sonra müharibə alovunu Azərbaycan ərazisinə keçirə bildilər. Xarici havadarlarının köməyi ilə yenicə müstəqilliyini bərpa etmiş respublikanın 20 % ərazisini işğal edən ermənilər sonrakı 30 il ərzində 1 milyondan çox insanın taleyinə sağalmaz yaralar vurdu.

Belə ağır bir şəraitdə Azərbaycanın yeritməli olduğu ən düzgün siyasətin nədən ibarət olacağı haqqında o zamankı Azərbaycan hakimiyyətinin heç bir təsəvvürü yox idi. Odur ki, torpaqlarının işğalı ilə yanaşı Azərbaycan dövləti həm də müxtəlif güc mərkəzləri tərəfindən sanksiyalara məruz qalırdı. Zaman da, baş verən hadisələr və onların nəticələri də dünya siyasəti üçün presedenti omayan yeni bir fenomen idi və buna görə də bu acı reallığın aradan qaldırılması istiqamətində səmərəli ola biləcək yeni bir siyasətin ələ alınmasına ehtiyac vardı.

Belə yeni və original bir siyasətin əsasını müdrik siyasət xadimi Heydər Əliyev qoydu. 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev vəziyyəti düzgün qiymətləndirərək Azərbaycanın qarşıdurmaya yox, müstəsna olaraq əməkdaşlığa, qarşılıqlı hörmətə və milli maraqların qorunmasına xidmət edən müstəqil, çoxvektorlu və balanslı şiyasət paradiqmasını yaratdı və onu gənc Azərbaycan dövlətinin inkişaf strategiyasının özəyinə çevirdi. Siyasi tarixdə doğrudan da analoqu olmayan yeni siyasətin nəticələri Azərbaycanı addım-addım inkişaf etdirdi və öz məqsədlərinə doğru apardı. Hətta müharibə və işğal şəraitində də Azərbaycanın siyasəti region ölkələri, eləcə də Avropa, Amerika və Asiya ölkələri ilə münasibətlərin müstəsna olaraq qarşılıqlı əməkdaşlığın daim inkişaf etdirilməsinə və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinə yönəlmişdi. 30 il ərzində Heydər Əliyev və İlham Əliyev tərəfindən aparılmış ardıcıl müstəqil və qətiyyətli siyasətin nəticələri özünü əvvəlcə iqtisadi dirçəlişdə və dayanıqlı inkişafda, daha sonra dövlət quruculuğu və hərbi qüdrətin artırılması istiqamətində və nəhayət ölkə qarşısında duran başlıca problemin- işğal altında qalan torpaqların azad olunmasında göstərdi.

30 ildən çox davam etmiş münaqişə bilavasitə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatdı. Bu əsası 1993-cü ildə Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən yaradıcılıqla və uğurla davam etdirilmiş müstəqil, balanslı və yeganə düzgün siyasətin qələbəsi idi. Bu siyasət Cənubi Qafqazda çoxsaylı xarici güclərin qarşılıqlı təsiri nəticəsində yaranmış və heç də Azərbaycanın xeyrinə olmayan status-kvonu kökündən dəyişdi və bölgədə yeni reallıqlar yaratdı.

Beləliklə, Azərbaycanın dözümlülüyü, təmkinli, konstruktiv və balanslı siyasəti, gələcəyin düzgün proqnozlaşdırmasını və müstəqilliyimizi təhdid edə biləcək təhlükələrin vaxtında neytrallaşdırılmasını özündə ehtiva edən müstəqil siyasəti öz bəhrəsini verdi.

30 illik müharibənin qələbə ilə başa çatmasından dərhal sonra Azərbaycan siyasəti yeni reallıqlara uyğun transformasiya edildi və dövlət bölgəsəl siyasi-hərbi yüksəlişini davam etdirmək üçün növbəti uğurlu addımını atdı. Bu addım Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında 15 iyun 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi oldu. İki qardaş dövlət arasında münasibətləri ittifaq səviyyəsinə yüksəldən bu sənəd post-müharibə dövründə Azərbaycanın bütün bölgəyə təqdim etdiyi sülh, təhlükəsizlik, qarşılıqlı faydalı əməkdaşlıq və birgə yüksəliş siyasətinin ilk müjdəsi idi. Təsadüfi deyil ki, ikinci analoji sənəd bu günlərdə məhz bölgənin iri güc sahibi hesab olunan Rusiya ilə imzalandı.

43 bənddən ibarət olan Moskva Bəyannaməsi iki ölkə arasında münasibətlərin bütün aspektlərini – siyasi, iqtisadi, mədəni- humanitar sahələrdə qarşılıqlı əməkdaşlığın və öhdəliklərin aydın konturlarını özündə ehtiva edir. Bu günlərdə erməni mətbuatında bu Bəyannamənin bütün bəndlərinin Ermənistanın maraqlarına zidd olduğu iddia edilir. Erməni politoloqları bu Bəyannaməni 1921-ci il Qars müqaviləsinin davamı kimi qiymətləndirir və Ermənistan siyasətinin iflası kimi dəyərləndirirlər. Deməli, bölgədə sülhü və qarşılıqlı faydalı əməkdaşlığı qəbul etməyən və bunu özlərinə təhdid hesab edən yeganə dövlət Ermənistandır.

Ermənistandan fərqli olaraq Azərbaycan Rusiya ilə müttəfiqlik münasibətlərini 3-cü ölkələrin maraqlarına qarşı yox, məhz regional və beynəlxalq əməkdaşlığın təşviqi üzərində qurur. Bu Müqavilədə deyildiyi kimi, “...Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatizm kimi təhlükələrə qarşı öz güclərini birləşdirir.” Bəyannamədə həmçinin qeyd olunur ki, “... Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər tərəfin dövlət müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyətinin qarşısını qətiyyətlə alır.”

Belə bir razılaşma doğrudan da Ermənistanın həm ölkəmizdə yaşayan soydaşları vasitəsilə Qarabağ bölgəsində və həm də çox böyük lobbiçilik təcrübəsinə və potensialına malik olduğu Rusiya ərazisində Azərbaycana qarşı apardığı separatçılıq, terrorçuluq və digər pozuculuq fəaliyyətlərinin qarşısına birdəfəlik sədd çəkir.

Bütövlükdə Moskva Bəyannaməsi hər iki tərəfin ərazi bütövlüyünün təminatına, sərhədlərin toxunulmazlığına və milli maraqların qarşılıqlı şəkildə qorunmasına, bölgədə sülh və sabitliyin qorunub saxlanması üçün iki ölkə arasında bütün sahələrdə konstruktiv əməkdaşlığın daha da dərinləşdirilməsinə zəmanət yaradır.

Moskva Bəyannaməsi Azərbaycan siyasətinin yeni siyasi reallıqlar şəraitində növbəti uğurudur. Lakin bu son deyil. Qarşıda bölgənin digər dövlətləri ilə yanaşı Avropa İttifaqı ilə də hərtərəfli genişləndirilmiş əməkdaşlığı nəzərdə tutan yeni bir müqavilənin bağlanması gözlənilir. Şübhə yoxdur ki, Azərbaycan dövləti dünyanın güc mərkəzlərindən biri kimi qlobal siyasət meydanında öz yeri olan Avropa İttifaqı ilə də öz münasibətlərini qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan, ərazi bütövlüyümüzün və suverenliyimizin qorunmasına zəmanət verən və bununla da Azərbaycanın beynəlxalq arenada yerini və mövqeyini dəfələrlə gücləndirən yeni əməkdaşlıq müqaviləsi də tezliklə imzalanacaq. Bütün bu Müqavilə və Bəyannamələr Azərbaycanın bu günü ilə yanaşı gələcəyinin də etibarlı şəkildə xarici təsirlərdən qorunmasına yönəlib və olduqca zəruri əhəmiyyət daşıyır.

Cavanşir Feyziyev

Millət vəkili, fəlsəfə doktoru


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər