2 Mart 2022 17:13
7 812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin fevralın 24-də sübh çağı ölkəsinin xalqına etdiyi müraciətdə xüsusi əməliyyat keçirməklə bağlı qərar qəbul etdiyini bildirib. O deyib: “Sadəcə olaraq, sizlərə və mənə Rusiyanı, xalqımızı qorumaq üçün bu gün istifadə etmək məcburiyyətində qaldığımız imkandan başqa heç bir imkan buraxmadılar. Şərait bizdən qəti və təcili tədbirlər görməyi tələb edir. Donbas xalq respublikaları yardım xahişi ilə Rusiyaya üz tutub.

Bununla əlaqədar BMT Nizamnaməsinin 7-ci hissəsinin 51-ci maddəsinə uyğun olaraq, Rusiya Federasiya Şurasının sanksiyası ilə və Federal Məclis tərəfindən bu il fevralın 22-də Donetsk xalq respublikası və Luqansk xalq respublikası ilə ratifikasiya olunmuş dostluq və qarşılıqlı yardım haqqında müqavilələrə uyğun olaraq mənim tərəfimdən xüsusi hərbi əməliyyat keçirilməklə bağlı qərar qəbul edilib.

Onun məqsədi 8 ildir Kiyev rejimi tərəfindən zorakılığa və soyqırımına məruz qalmış insanları qorumaqdır. Və bunun üçün biz Ukraynanın demilitarizasiyasına və denasifikasiyasına, həmçinin, mülki şəxslərə, o cümlədən Rusiya Federasiyası vətəndaşlarına qarşı çoxsaylı qanlı cinayətlər törədənlərin məsuliyyətə cəlb edilməsinə çalışacağıq”.

“Demilitarizasiya” sözü çox adama aydındır. Xüsusilə hələ orta məktəbin tarix kitablarında İkinci dünya müharibəsi haqda oxuyarkən “Berlin-Roma-Tokio oxu” sözü yaddaşlardan silinməyib. Tarix kitablarında o illərdəki Almaniya, İtaliya və Yaponiya ilə bağlı adətən “nasist Almaniyası”, “faşist İtaliyası” və “militarist Yaponiyası” təyini işlədilirdi. Bunlar da təsadüfi deyildi. Almaniyada 1933-cü ildən etibarən nasional-sosialistlər hakimiyyətdə idi, İtaliyada da faşizm (faşio de-kabbattimento) kabusu hökm sürürdü, Yaponiya isə 1910-cu ildən etibarən militarist siyasət yürüdürdü. “Militaris” latın sözü olub “hərbi” deməkdir. Militarizm xarici siyasətin əsas aləti kimi dövlətin hərbi qüdrətini və işğalçılıq müharibələrini gücləndirmək məqsədi daşıyan dövlət ideologiyası, siyasəti və kütləvi psixologiyasıdır. Yaponiyanın bu siyasəti 1945-ci ilədək davam etdi və Tokio bu çərçivədə bir sıra ölkələrə, o cümlədən Çinə, ABŞ-a, Koreyaya qarşı hərbi əməliyyatlar həyata keçirdi. Məhz bu səbəbdən militarizm sözü çoxlarına tanış sözdür. Demilitarizasiya isə militarizasiyanın əksidir. Latın dilində “de” ləğvetməni bildirən önşəkilçidir. Bu sözün mənası hərbsizləşdirməni, tərksilah edilməni, dövlətin silahlı qüvvələr saxlamasına qadağa qoyulmanı ehtiva edir.

Bəs denasifikasiya nədir? Bu termin çox adama tanış olmadığı üçün Teleqraf.com bu suala cavab tapmağa çalışıb.

Denasifikasiya (almanca entnazifizierung) Almaniyanın İkinci dünya müharibəsində məğlub olmasından sonra alman və Avstriya cəmiyyətini, mədəniyyətini, mətbuatını, iqtisadiyyatını, təhsilini, hüquq sistemini və siyasətini nasist ideologiyasının təsirindən təmizləməyə yönəlmiş tədbirlər kompleksidir. Denasifikasiya faşist Almaniyası üzərində qələbədən sonra antihitler koalisiyası üzrə müttəfiqlərin təşəbbüsü ilə həyata keçirilib və Potsdam (1946-cı il) konfransının qərarlarına əsaslanıb.

Almaniyada ali hakimiyyəti həyata keçirmək üçün yaradılan SSRİ, ABŞ, Böyük Britaniya və Fransanın birgə orqanı olan Nəzarət Şurası 1946-cı ildə bir sıra qanunlar qəbul edərək denasifikasiya altına düşən şəxslərin dairəsini müəyyən edib və onların işlərinə baxmaq üçün xüsusi məhkəmə orqanlarının yaradılmasını təsdiqləyib.

Böyük Sovet Ensiklopediyasında qeyd olunur ki, Almaniya və Avstriyanı faşist rejiminin hökmranlığının nəticələrindən təmizləmək üçün nəzərdə tutulan kompleks tədbirlərə xüsusilə aşağıdakılar daxildir:

Nasional-sosialist (faşist) partiyasının, onun filiallarının və nəzarət etdiyi təşkilatlarının məhv edilməsi;

bütün nasist müəssisələrinin buraxılması və onların heç bir formada yenidən meydana çıxmamasının təmin edilməsi;

istənilən nasist fəaliyyətinin və propaqandasının qarşısının alınması;

sülhə və bəşəriyyətə qarşı müharibə cinayətlərində təqsirkar olanların, habelə fəal nasistlərin məsuliyyətə cəlb edilməsi;

nasistlərin bütün postlardan rədd edilməsi;

faşist qanunvericiliyinin ləğvi;

xalq təhsil sistemindən nasist doktrinalarının silinməsi və s.

ABŞ işğal zonası

Denasifikasiya prosesi zamanı ABŞ hərbi komandanlığı tərəfindən 545 məhkəmədə 900 mindən çox işə baxılıb. Bundan əlavə amerikalılar 131 sualdan ibarət anket tərtib edib, bunun nəticələrinə əsasən denasifikasiyaya məruz qalan insanlar aşağıdakı qruplara bölünüb:

əsas təqsirləndirilənlər (hərbi canilər);

təqsirləndirilənlər;

ikinci dərəcəli günahkarlar;

ortaqlar;

günahsızlar;

Amerikalı əsgər 1945-cı ildə ABŞ işğal zonasındakı Almaniya ərazisində Adolf Hitler adına küçənin (Adolf Hitler street) adını “Ruzvelt bulvarı” küçəsi (Roosevelt boulevard) sözü yazılmış lövhə ilə əvəz edir

Amerikan işğal zonasında NSDAP üzvü olmayan şəxslər təqibə məruz qalmadılar. Məsələn, təkcə “Alman həftəlik icmalı” adlı propoqandist kinojurnalını deyil, həm də antisemit “Əbədi jid” (“jid” nasistlər tərəfindən yəhudilərə verilən alçaldıcı addır) filmini səsləndirən diktor Harri Qize kimi şəxslər Üçüncü Reyxdə yüksək vəzifələrdə çalışsalar da ümumiyyətlə təqib olunmadılar.

Bir çox nasist funksionerlər Almaniya Federativ Respublikasında yeni yaradılmış strukturlarda dövlət qulluğunda işə düzəliblər.

Bir qismi isə ABŞ-da xidmətə gedib (Valter Dornberqer, Verner fon Braun) və vətəndaşlıq alıb.

Sovet işğal zonası

Sovet işğal zonasında denasifikasiya cəmiyyətin sosialist modeli üzrə sosial obrazda yenidən qurulması ilə eyni vaxtda həyata keçirilirib. NSDAP funksionerləri birmənalı olaraq rəhbərlikdən uzaqlaşdırılıb və həbsxanalara salınmaq yolu ilə qismən təcrid edilib.

Avstriyada denasifikasiya

8 may 1945-ci ildə prezident Karl Rennerin başçılıq etdiyi Avstriya hökuməti NSDAP-ı və onun təşkilatlarını qadağan edir və NSDAP-ın bütün üzvlərini yerli özünüidarəetmə orqanlarında qeydiyyatdan keçməyə məcbur edir. Nəticədə bir sıra mülki hüquqlardan məhrum edilmiş 500 mindən çox keçmiş NSDAP üzvü qeydə alınır. Yüz mindən çox nasist rəhbər vəzifələrdən qovulur. Xüsusi məhkəmələr müharibə cinayətlərində təqsirli bilinən 13 min nəfəri cəzalandırır, lakin onlara yüngül cəzalar verilir – onlardan yalnız 43 nəfər ölüm cəzasına məhkum edilir. Tezliklə, demək olar ki, bütün keçmiş Avstriya nasistləri bağışlanır. 1948-ci ilin aprelində qəbul edilən adi nasistlər üçün amnistiya haqqında qanun qadağan edilmiş NSDAP-ın 482 min üzvünün hüquqlarını bərpa edir.

Nasistlərin yenidən cəzalandırılması müstəqil və demokratik Avstriyanın bərpası haqqında 15 may 1955-ci il tarixli dövlət müqaviləsində göstərilib və onun 12-ci maddəsi NSDAP-ın keçmiş üzvlərinə Avstriya Silahlı Qüvvələrində xidmət etməyi qadağan edir.

Müasir dövrdə denasifikasiya

2005-ci ildə Avropa İttifaqında svastikanın bu şəkildə istifadəsini nəhayət, tamamilə qadağan etməyə cəhd edilir, lakin Böyük Britaniyanın etirazından sonra bu, uğursuz olur. 2007-ci ilin əvvəlində Almaniya Holokostun inkarını və Almaniya Cinayət Məcəlləsi ilə qadağan edilmiş nasist simvollarından (svastika da daxil olmaqla) istifadənin cinayət hesab edilməsini tələb edir, lakin Avropanın hindu icmaları svastikanın ən qədim mədəniyyət atributlarından və simvollarından biri hesab edildiyini qeyd edərək, bu təşəbbüsə qarşı çıxır. Nəticədə 29 yanvar 2007-ci ildə Almaniya hakimiyyəti svastikanın qadağan edilməsi təşəbbüsünü geri götürür

Kommunist və nasist rejimlərini pisləyən qanunların qəbul edildiyi bir sıra Şərqi Avropa ölkələrində nasist simvollarının qadağan edilməsi tədbirləri bu günümüzdə çox vaxt həyata keçirilmir.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər