11 Mart 2022 09:14
1 503
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Paşinyan həmişəki kimi, eyni anda iki ələ oynamaq istəyir. Yəni iki oyunçu ilə oynayır. Rusiya da bunu anlayır və artıq Rusiyanın səbri tükənib. Rusiya Paşinyanın ikiüzlü diplomatiyasını və ya daha çox divident əldə etmək üçün Qərbə yarınmaq siyasətini qəbul etmir. Rusiya post-sovet məkanının bütün ölkələrindən ciddi seçim tələb edir: ya bizlə olun, ya da bizə qarşı, eyni anda həm bizimlə, həm də NATO ilə olmaq mümkün deyil. Paşinyan isə bu cür oynamaq istəyir”.

Jurnalist Elçin Alıoğlunun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Bir neçə gündür ermənilər Qarabağ və sərhəd istiqamətində atəşkəsi pozurlar. Rəsmi məlumatlarda təsdiqlənməsə də, müxtəlif mənbələrdə vəziyyətin gərgin olduğu deyilir. İnsanlarımız isə yeni anti-terror əməliyyatının başlayacağına inanırlar. Sizin proqnozunuz necədir?

- Sözün açığı, yeni anti-terror əməliyyatı gözləmirəm, bu ehtimal çox aşağıdır. Çünki bölgə onsuz da gərgindir. Bir tərəfdə Rusiya-Ukrayna savaşı, eyni zamanda Suriyanın şimalında terrorçu qruplaşmaların fəallaşması – bütün bunlar gərginliyin artmasına səbəb olur. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev, İsrail Prezidenti İshaq Hersoq, eləcə də Rusiya və Ukrayna xarici işlər nazirləri Türkiyəyə səfər edirlər. Bundan başqa, İran və Azərbaycan arasında transregional layihələrə start verilib. İnanmıram ki, belə bir şəraitdə hərbi əməliyyatların intensivliyi süni təkanla artsın. Amma lokal zərərsizləşdirmə əməliyyatları qaçılmazdır, bu gedir və olacaq.

Söhbət nədən gedir? Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə yaşayan ermənilər, xüsusilə də Ermənistandan gəlmiş hərbçilər tərəfindən çoxsaylı mövqelər inşa olunur, səngərlər qazılır, uzunmüddətli müdafiə istehkamları qurulur və s. Problemin əsas yönü o deyil ki, ermənilər bu işləri görürlər, onsuz da bunu həmişə edirdilər, problem odur ki, Rusiya sülhməramlıları bu işləri görən ermənilərin mühafizəsini təşkil edirlər. Həmin erməniləri kimdən və nə üçün qoruyurlar? Bu da ayrı bir məsələdir.

Vəziyyətin gərginləşməsində Rusiyanın sülhməramlı kontingentinin müəyyən mənada rolu da var. Çünki sülhməramlıların rəhbərliyinin Azərbaycan və azərbaycanlılara münasibəti məlumdur. Bu haqda yerli mediada çoxsaylı məlumatlar var. Amma bütün bunlara rəğmən, hərbi əməliyyatların geniş miqyasda olacağına ümidim azdır.

- Bəs sülhməramlılar niyə üzərinə düşən vəzifələri yerinə yetirmirlər? Bunun səbəbi Moskva, yoxsa onların komandiri Andrey Volkovla bağlıdır?

- Burada Volkovun “müstəsna əməyi” var. Çünki Volkov Laçın dəhlizindən həm də şəxsi mənafeyi üçün istifadə edir. Sübut olunub ki, Rusiya sülhməramlılarının hərbi nəqliyyat vasitələrindən yararlanan ermənilər həmin dəhlizi keçiblər. Bundan başqa, Ermənistandan Azərbaycan ərazilərinə keçmək üçün rüşvət verirlər. Burada korrupsiya, rüşvətxorluq, vəzifə səlahiyyətlərdindən sui-istifadə ilə yanaşı, general-mayor Volkovun yarıtmaz fəaliyyətindən də söhbət gedir. Volkovun Azərbaycana qarşı münasibəti çox pisdir. Azərbaycanlılara qarşı münasibəti antipatikdir, bu faktdır. Bu, məsələnin kiçik tərəfidir.

Böyük tərəfi isə ondan ibarətdir ki, Moskvadakı müəyyən qüvvələr sülhməramlı kontingentdən həm Azərbaycan, həm də Ermənistana qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Fikir verin ki, sülhməramlı qüvvələr gah Ermənistanda, gah da Azərbaycanda sərt tənqid olunur. Bu, bir ssenarinin tərkib hissəsidir. Sülhməramlılar bu rolu oynamaqla Bakıya daimi təzyiq formatında olacaq qüvvənin formalaşmasında maraqlıdırlar. Bu da yolverilməzdir. Artıq sülhməramlı qüvvələrin rotasiyası hər iki ölkədə ciddi narahatlıq doğurursa, hər iki tərəfdə hərbi əməliyyatların başlaya biləcəyi ehtimalını yaradırsa, bu o deməkdir ki, sülhməramlılar öz vəzifə səlahiyyətlərinin öhdəsindən gəlmirlər və ya gəlmək istəmirlər.

Bunlardan başqa, bəzi Rusiya siyasətçiləri və xüsusilə də hərbi dairələrdə səsləndirilən bir fikir var ki, Xankəndidə hərbi baza yaratmaq və orada daimi qalmaq lazımdır. Təbii ki, bu rəsmi Moskvanın mövqeyi sayılmır. Amma istənilən halda belə fikirlər dilə gətirilir və biz bunu diqqətdən kənarda saxlaya bilmərik.

- Qarabağdakı Rusiya sülhməramlılarının bir hissəsinin bölgədən çıxarılaraq Ukraynaya aparılması haqda məlumat yayılıb. Rəsmi təsdiqini tapmasa da, mövcud situasiya buna olan ehtimalı da artırıb. Sizcə, geri çəkilmə mümkündürmü?

- Sözün açığı, buna inanmıram. Bu, bir az təxəyyül məhsuludur. Çünki Qarabağda yerləşdirilmiş sülhməramlı kontingent Rusiyanın bilavasitə sülhməramlı əməliyyatlar üçün yaratdığı 58-ci Briqadanın şəxsi heyətidir. Amma söhbət oradakı texnikaların aparılmasından gedə bilər ki, bu da mümkündür. Çünki Ukraynada gedən hadisələrdə real durum belədir ki, Rusiya Müdafiə Nazirliyinin nikbin bəyanatlarına rəğmən rus ordusu orada çox ciddi problemlərlə üz-üzə qalıb. Xüsusən də ruslar texniki təminat, dislokasiya və hərəkətin aşağı düşməsi baxımından ciddi itkilərlə üzləşiblər. Buna görə də, ola bilsin ki, sülhməramlıların Qarabağdakı texnikalarının bir hissəsi Ukraynaya aparılsın.

Rusiya silahlı qüvvələrinin Ukraynanın şərqində - Donetsk və Luqansk bölgələrində apardığı hərbi əməliyyatların rəhbərlərindən biri Qarabağdakı sülhməramlıların keçmiş komandiri general Rüstəm Muradovdur. Bunu istisna etmirəm. Amma sülhməramlıların Ukraynaya döyüşməyə aparılması iddiasına inanmıram.

- Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək. Bu günlərdə Fransada olan Paşinyanın Rusiyaya sürpriz səfəri nə ilə bağlı ola bilər?

- Burada heç bir sirr yoxdur. Paşinyan həmişəki kimi, eyni anda iki ələ oynamaq istəyir. Yəni iki oyunçu ilə oynayır. Rusiya da bunu anlayır və artıq Rusiyanın səbri tükənib. Rusiya Paşinyanın ikiüzlü diplomatiyasını və ya daha çox divident əldə etmək üçün Qərbə yarınmaq siyasətini qəbul etmir. Rusiya post-sovet məkanının bütün ölkələrindən ciddi seçim tələb edir: ya bizlə olun, ya da bizə qarşı, eyni anda həm bizimlə, həm də NATO ilə olmaq mümkün deyil. Paşinyan isə bu cür oynamaq istəyir.

Ermənistan rəhbərliyinin NATO ilə yeni görüşü olacaq. Rusiya da bunu bilir. Buna görə də, Paşinyanı Moskvaya hesabat verməyə çağırırlar. Ermənistan baş naziri Moskvada bu suallara cavab verməli olacaq: Niyə Makronla görüşür? Niyə Fransanın Cənubi Qafqazda gedən proseslərə cəlb olunmasında belə maraqlıdır? Nə üçün üçtərəfli bəyanatların şərtlərini yerinə yetirməyərək, Rusiyanın qarant rolunu və nüfuzunu aşağı salır, eyni zamanda, Fransanı bura gətirməklə Rusiyanın səmərəsiz moderator olduğunu göstərməyə çalışır? Məsələ bu qədər bəsitdir.

- Bəs Rusiya-Ukrayna müharibəsinin Azərbaycan, ümumən bölgə ölkələrinə hansı təsirləri göstərəcək?

- Ukraynadakı hadisələr təkcə Azərbaycana yox, bütün post-sovet məkanına təsir edir. Bundan sonra da edəcək. Bunun siyasi, hərbi, geosiyasi və s. təsirləri var.

Geosiyasi baxımdan post-sovet məkanındakı bütün ölkələr anladılar ki, ya Rusiya ilə Belarus kimi hədsiz sıx müttəfiq olmalısan, ya da öz təhlükəsizliyinin təminatı üçün beynəxalq təşkilatlarla sıx əlaqələr qurmalısan. İkinci yol yoxdur. Yəni Rusiya ən yaxın müttəfiqlərini belə təlaşa salaraq narahat etdi. Bu, çox ciddi məsələdir.

İkincisi, “Avrasiya inteqrasiyası” məsələsi artıq tarixin zibilliyinə atıldı. İnnən belə bundan danışmaq absurddur. Çünki Rusiyanın yaratdığı bütün təşkilatların mənasız olduğu göz önündədir. MDB və KTMT üzvü olan Qırğızıstan və Tacikistan bir-biri ilə müharibə aparır. KTMT üzvü olan Belarus və digər ölkələr arasındakı siyasi uzlaşma sıfır səviyyəsindədir. Avrasiya İqtisadi Birliyi artıq idefiksdir. Çünki ağır iqtisadi sanksiyalarla üzləşən Rusiya bu quruma üzv olan ölkələrlə daha sıx yaxınlaşmağa çalışacaq. Yəni bu proses Avrasiya İqtisadi Birliyi olmadan da gedə bilər. Bir sözlə, bu kimi təşkilatların faktiki olaraq fiqurativ önəmi qalmır.

Siyasi məsələyə gəldikdə, artıq NATO-nun şərqə doğru genişlənməsi təsdiqlənib. Proses bundan sonra sürətlə davam edəcək. Ukrayna, Gürcüstan və Moldovanın Avropa Birliyinə üzvlük müraciətləri qəbul olunub və müvafiq sənədlər imzalanıb, danışıqlar gedir. Bu da Avropa Birliyinin “Şərq Tərəfdaşlığı”, NATO-nun “Yaxın Qonşuluq Siyasəti” və digər proqramların aktivləşməsinə səbəb olacaq.

Digər yandan, Rusiya istisna olmaqla digər bütün post-sovet ölkələri, o cümlədən Azərbaycan müdafiə xərclərini artıracaq. Bu qaçılmazdır. Ən əsası, Azərbaycan Ukraynada baş verənlərdən sonra bölgədə onsuz da önəmli olan çəkisini və yerini daha da artırdı. İndi Azərbaycan təkcə Cənubi Qafqazın yox, Ön Asiyanın ən önəmli geosiyasi oyunçularından birinə çevrilib. Çünki Azərbaycan Ukrayna və Rusiya arasında vasitəçi olmaqla yanaşı, bu ölkələr arasında keçiriləcək danışıqlara ev sahibliyi edə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər