11 Mart 2022 13:36
1 211
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Musa müəllim, Prezident İlham Əliyevin qardaş Türkiyəyə tarixi səfərinin əhəmiyyətini necə şərh edirsiniz?

- Azərbaycan və Türkiyə iki dost, qardaş və müttəfiq dövlətlər olaraq regionda sabitliyin yaradılmasında müstəsna rol oynayırlar. Dünyada gedən indiki mürəkkəb şəraitdə Prezident İlham Əliyevin Türkiyəyə səfərinin böyük mənası var. Bu səfərin edildiyi şəraitə xüsusi diqqət yetirmək lazımdır. Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları apardığı, İsrail prezidentinin Türkiyəyə rəsmi səfər etdiyi və ABŞ prezidenti Cozef Baydenlə Rəcəb Tayyib Ərdoğanın telefon danışığının olduğu bir gündə bu səfər böyük əhəmiyyət kəsb edir. Bu, Azərbaycanın region siyasətində artan rolunun, dövlət başçısının beynəlxalq nüfuzunun göstəricilərindən biridir.

- Sizcə, danışıqlarda daha çox hansı istiqamətlər prioritet təşkil edib?

- Danışıqlar zamanı Şuşa Bəyannaməsinin müddəalarının yerinə yetirilməsinin müzakirə edilməsi onu göstərir ki, yaxın vaxtlarda biz qarşılıqlı münasibətlərimizdə bir sıra real işlərin həyata keçirilməsinin şahidi olacaxıq. Azərbaycan və Türkiyə aralarında müharibə olan Rusiya və Ukraynaya eyni dərəcədə dövlət səviyyəsində münasibət bəsləyən, əlaqələr saxlayan ölkələrdir. Bu mövqe onu göstərir ki, Azərbaycan və Türkiyənin xarici siyasəti uğurlu qurulub, dialoq üçün qapılar açıq saxlanılıb.

- Avropa Parlamentinin erməni abidələri ilə bağlı qətnaməsi indiki halda hansı məzmun kəsb edir?

- Avropa Parlamentinin belə bir qətnaməsinin qəbul olunması gerçəkliyi əks etdirmir, ədalətsizdir, ikili standartların nümunəsidir, rüsvayçılıqdır və Avropa dəyərlərinin ayaq altına atılmasıdır. Bu qətnamə qərəzdən başqa bir şey deyil və heç bir əsası yoxdur. Çünki bu gün Azərbaycanın paytaxtı Bakıda erməni kilsəsi kitabxanası ilə birlikdə saxlanılır. Azərbaycanda bütün xristian dini abidələri dövlət tərəfindən qorunur, təmir edilir. Prezident İlham Əliyev Şuşaya ilk səfərində baş çəkdiyi yerlərdən biri Qazançı kilsəsi oldu. Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev fondu təkcə Azərbaycanda deyil dünyanın müxtəlif ölkələrində, Vatikanda, Fransada kilsələri təmir etdirib. Belə olan halda necə demək olar ki, Azərbaycanda xristian dini və mədəni abidələri dağıdılıb?!

- Ermənilər tərəfindən barabarlığa, vandalizmə məruz qalan Azərbaycan dini, tarixi, mədəni abidələri fonunda əks yanaşmanın sərgilənməsi necə izah oluna bilər?

- Avropa Parlamenti belə bir qətnaməni qəbul edərkən Ermənistanda bu gün azərbaycanlılara aid tarixi, mədəniyyət abidələrinin yox edilməsini göz önünə gətirməli idi. İrəvanda yalnız bir məscid, Göy məscid başqalarına mənsub adı ilə saxlanılıb. Digərləri isə yerlə-yeksan edilib. Sual olunur ki, Avropa Parlamenti bunu görmürmü? Bu təşkilat Azərbaycanın işğal edilmiş ərazilərində 70-ə yaxın məscidin demək olar ki, hamısının dağıdılması barədə niyə susur?! Burada yalnız iki məscid işğalçı Ermənistan tərəfindən saxlanılıb ki, onlardan biri Şuşada olan Yuxarı Gövhər ağa məscididir ki, onu da başqalarına mənsubiyyətlə saxlayıblar. Ağdam məscidi isə hərbi məqsədlər üçün istifadə edilib.

- Belə bir qətnamənin meydana çıxması hansı amillərlə bağlıdır?

- Avropa Parlamentinin belə bir qətnaməsi öz-özlüyündən meydana çıxmayıb. Erməni diasporu, lobbisi və təşkilatları 44 günlük müharibədə Ermənistanın məğlub olmasını, diz çökməsini gördülər. Ermənistan təkcə hərb deyil, siyasi, diplomatik və informasiya sahəsində də uduzdu. Belə bir şəraitdə Ermənistana kömək etmək iqtidarında olan kimsə yoxdur. Ona görə də bu dairələr az məlumatlı xristian əhalinin dini hisslərini istismar etmək istəyirlər. Güman edirlər ki, dini təəssübkeşliklə onlar istəklərinə çata bilərlər. Lakin bu çirkin niyyət də boşa çıxacaq. Çünki Roma papası Azərbaycanın tolerant, dinlərarası, sivilizasiyalararası, dialoqda model ölkə olduğunu daima söyləyib. Belə qətnamələr sabun köpüyündən başqa bir şey deyil.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər