16 Mart 2022 18:57
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa həmişə özü üçün vacib olan məqamlara istinad edir. Əksər hallarda isə proseslərə ikili standartlar prizmasından yanaşır. Qərb özü üçün lazım olduğu halda xalqların öz müqəddəratını təyinetmə hüququnu qabardır. Digər məqamda isə əksinə belə hallara qarşı sərt mövqe sərgiləyir. Dövlətlərin ərazi bütövlüyü məsələsində aşkar mövqe ifadə edildiyi halda, özlərinə sərf etməyən məqamlarda dövlətlərin ərazi bütövlüyü prinsipi görməzlikdən gəlinir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

O qeyd edib ki, bəzən konkret ölkələrin ərazi bütövlüyü məsələsində Avropanın qəti mövqeyi olur: “Ermənistan 30 ilə yaxın bizim torpaqlarımızı işğal altında saxladı. Günü bu gün də Azərbaycanın ərazi bütövlüyü ilə bağlı hansısa bir Avropa ölkəsinin səlis mövqeyinə rast gəlinməyib. Ermənilər Azərbaycan ərazisində aşkar separatizmlə məşğul olur. Separatçı rejim yaradıblar. Bir çox Avropa ölkələri bu rejimlərlə birbaşa əlaqələrə malik olub. Amma bir dəfə də olsun erməni separatizmini Avropa strukturları pisləməyib”.

Millət vəkilinə görə, Qərbin bu cür yanaşmaları da təəccüblü deyil: “Avropa sırf öz maraqlarından çıxış edir. Onun maraqlarına uyğun olanda beynəlxalq hüquq işləyir, BMT Nizamnaməsinin maddələri qüvvətli olur. Amma maraqlarına uyğun olmayanda onların heç biri əhəmiyyətli qəbul edilmir. Bir neçə gün öncə Avropa Parlamenti Azərbaycanla bağlı ədalətsiz qətnamə qəbul edib. Onların iddiasına görə, guya Azərbaycan ermənilərə məxsus hansısa “mədəni irsi” məhv edib. Amma əksinə dəfələrlə Avropa instansiyalarına təqdim edilib ki, ermənilər Azərbaycan məscidlərindən tövlə kimi istifadə edib. Azərbaycanın tarixi, mədəni irsinə qarşı terror həyata keçirilib. Amma Avropa parlamenti bunu görməyib”.

Elşad Mirbəşiroğluna görə, bu gün Bakının mərkəzində erməni kilsəsinin necə təmir olunduğunu Avropa Parlamenti yəqin ki, bilməmiş deyil: “Ona görə də, Avropanın hansısa mövqeləri ətrafında ciddi müzakirə aparmağa əsas yoxdur. Hansısa bir məsələdə Avropadan ədalətli, hüquqa söykənən mövqe gözləməyin özü əbəsdir. Bu baxımdan xalqların öz müqəddəratını təyin etməsi məsələsində dövlətin ərazi bütövlüyü məsələsini Avropa İttifaqı “bizimkilər”, “özgələr” kateqoriyasına ayıraraq, öz mövqeyini nümayiş etdirir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər