23 May 2022 20:56
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan hakimiyyətinin qütblərarası manevrləri, daxili siyasətə hesablanmış və xarici amillərdən qaynaqlanan manipulyativ davranışları, həmçinin revanşçı qrupların kənardan stimullaşdırılan, bəhanə xarakterki pozucu addımları Brüssel gündəliyini dəyişə bilmədi. Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçirilən növbəti üçtərəfli görüşüdə müzəkirə olunan məsələlər və əldə olunan nəticələr də təsdiqləyir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, Mişelin görüşdən sonra mətbuat üçün açıqlamasında yer alan istiqamətlərini əsas götürdükdə, müzakirə olunan məsələlərin siyahısının kifayət qədər geniş olduğu bəlli olur:

“Bu məsələlərin bir hissəsi, xüsusilə də, Cənubi Qafqazdakı vəziyyət və Azərbaycanla Ermənistanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafı ilə bağlı məqamlar ümumi xarakter daşıdığı, həm də sülh prosesinin nəticəsindən asılı olduğu üçün diqqəti bir o qədər də cəlb etməyə bilər. Amma nəzərə alsaq ki, Ermənistan Azərbaycandan fərqli olaraq, daha öncə Brüsseldə keçirilən iki görüşdə əldə olunan nəticələrlə bağlı mövqeyini bir neçə dəfə dəyişib, o zaman rəsmi İrəvanın öz öhdəliklərinə sadiqliyi baxımından, həm Avropa İttifaqı ilə münasibətlərinə, həm də sülh gündəliyi ilə bağlı dəyişkən davranışlarına aydınlıq gətirilməsinə, ola bilsin ki, daha çox ehtiyac duyulub. Hər halda 5 saat davam edən görüşdə regiondakı reallıqları və tərəflərin mövqelərini detallı şəkildə ifadə edən bütün məqamlara aydınlıq gətirildiyi şübhə doğurmur.

Avropa Şurası prezidentinin mətbuat üçün açıqlamasında, daha öncəki bəyanat və açıqlamalarda olduğu kimi “Daqlıq Qarabağ” ifadəsinin işlədilməməsi, bu söz birləşməsinin 44 günlük müharibədə Azərbaycanın qələbəsinin nəticəsi olaraq, qlobal siyasi gündəmdəm çıxarıldığını və bu məsələdə rəsmi Bakının, ölkənin inzibati ərazi bölgüsünə əsaslanan mövqeyinin qəbul edildiyini sübuta yetirir. Şarl Mişelin açıqlamasında yer alan “Qarabağ” ifadəsi isə Azərbaycan Respublikasının iqtisadi rayonlarından birinin adı kimi, ölkəmizin etnik ermənilərin də yaşadığı əraziləri üzərində suveren hüquqularının istisnasız olaraq tanındığını nümayiş etdirir. Görüşdə, artıq tarixin arxivinə yola salınmış “status” məsələsinin müzakirə predmeti olmaması, həmçinin Azərbaycanda yaşayan erməni əhalisinin hüquqularından söz açılması, mahiyyət etibarilə dövlətimizin mövqeyi ilə hər hansı bir formada ziddiyyət təşkil etmir və rəsmi Bakının daha öncə açıqladığı baxış bucağı ilə üst-üstə düşür”.

Elçin Mirzəbəyli vurğulayıb ki, Azərbaycan həm müharibədən öncə, həm də postmüharibə dövründə ərazilərində yaşayan ermənilərin təhlükəsizliyinə təminat verdiyini, ölkə Konstitusiyasının Azərbaycan vətəndaşlarına verdiyi hüquq və azadlıqların onlara da şamil edildiyini dəfələrlə bəyan edib:

“Məhz bu baxımdan, bu, ölkəmiz üçün hüquqi və siyasi baxımdan öz həllini tapmış məsələ hesab oluna bilər.

Görüşdə işğaldan azad etdiyimiz ərazilərin minalardan təmizlənməsi, eləcə də itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələlərin müzakirəsi, sözügedən istiqamətlərdə də rəsmi Bakının mövqeyinin dəyişmədiyini etdirir. Həmçinin proses iştirakçılarının diqqətinə bir daha çatdırır ki, Azərbaycan həllini tapmamış humanitar problemlərə sülh gündəliyinin tərkib hissəsi kimi yanaşır.

Üçtərəfli görüşdə əldə olunan nəticələr, prinsip etibarilə daha öncəki razılaşmalardan fərqlənməsə də, Ermənistanın manevr imkanlarının məhdudlaşdırılması baxımından əhəmiyyətlidir. Bir xüsusda, sərhədlərin delimitasiyası, sərhəddə sabit vəziyyətin təmin edilməsi ilə məşğul olacaq sərhəd komissiyalarının ilk birgə iclasının keçirilməsi, gələcək sülh müqaviləsi üzrə müzakirələrin irəli aparılması, kommunikasiyaların açılması istiqamətində fəaliyyətin davam etdirilməsi, Zəngəzur dəhlizinin reallaşdırılması, beynəlxalq daşımalarının tənzimlənməsi, sərhəd idarəçiliyi, təhlükəsizlik, gömrük, torpaq haqları və digər bu kimi digər məsələlər üzrə əldə olunan razılaşmaları nəzərə alsaq, Ermənistanın bütün iddialarına, yayındırıcı manerlərinə baxmayaraq, Brüssel sülh gündəliyinin dəyişməyəcəyini söyləyə bilərik. Əgər rəsmi İrəvan, yenə də müxtəlif bəhanələrlə əldə olunan razılaşmaların yerinə yetirilməməsi üçün vaxt qazanmağa cəhd göstərərsə, o zaman Avropa İttifaqının bu ölkəyə yardımlarının dayandırılması ilə bağlı məsələ gündəmə gətirilə və Aİ-Ermənistan münasibətlərinin perspektivinə yenidən baxıla bilər. Əks təqdirdə, Aİ-nin iştirakı ilə başladılan proses iflasa uğrayacağı və Ermənistanı öz öhdəliklərini yerinə yetirməyə məcbur edə biləcək prosesin növbəti mərhələsinin həyata keçirilməsi üçün əlverişli zəmin yaranacağı daha real görünür.

Ermənistanın mövcud sosial-iqtisadi problemlərindən öz imkanları hesabına çıxmaq potensialının olmadığını, bu ölkənin ənənəvi himayəçilərinin durumunu nəzərə alsaq, yaxın perspeltivdə rəsmi İrəvan üçün Aİ-nin yardımlarının həyati əhəmiyyət daşıdığını söyləyə bilərik.

Üçüncü Bressel görüşünün nəticələri sübuta yetirdi ki, Ermənistanın mövcud reallıqlar və şərtlər çərçivəsində sülh prosesini davam etdirməkdən başqa çıxış yolu yoxdur. Əks təqdirdə, Ermənistanın əldə olunan razılaşmalarla ziddiyyət təşkil edən iddialarını, sonuncu Brüssel görüşündə olduğu kimi bu ölkənin rəsmilərinə tərsinə oxutduracaqlar. Bu proses hələlik diplomatik müstəvidə davam etdirilir. Amma hələlik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər