Müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması böyük bir hadisə kimi tarixə düşdü. AXC-nin yaranması olduqca mürəkkəb tarixi şəraitdə, daxili və beynəlxalq vəziyyətin gərgin bir dövründə baş verdi. Belə ki, mayın 26-da Zaqafqaziya Seyminin sonuncu iclası keçirildi, nəticədə gürcü nümayəndələri Seymdən çıxıb Gürcüstanın müstəqilliyini elan etdilər. Gürcü fraksiyası Zaqafqaziya Respublikasının dağılmasının bütün günahını müsəlman fraksiyasının üzərinə yıxdı. Guya müsəlman fraksiyası türkpərəst mövqe tutduğu üçün gürcülər onlarla bir Seymdə fəaliyyət göstərə bilməzlər.
Bunu Teleqraf.com-a ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov deyib.
Tarixçiyə görə, Zaqafqaziya Seyminin üzvü Şəfi bəy Rüstəmbəyli gürcü fraksiyasının gətirdiyi bu arqumentləri qətiyyətlə rədd edərək qeyd edirdi: “Hesab edirik ki, Zaqafqaziyanın birgə siyasi mövcudluğunun indiki mürəkkəb və məsuliyyətli anında ayrılmaq üçün tutarlı və obyektiv əsaslar yoxdur və burada gürcü nümayəndələri tərəfindən irəli sürülən amillər az inandırıcıdır”.
Mayın 27-də isə Seymin müsəlman fraksiyası yaranmış vəziyyətin ciddiliyini nəzərə alaraq fövqəladə iclas çağırdı. Uzun müzakirələrdən sonra Müvəqqqəti Milli Şura yaratmaq qərara alındı. “Müsavat” partiyasının təklifi ilə M.Ə.Rəsulzadə qiyabi olaraq (bu vaxt o, Batum konfransında iştirak edirdi) Milli Şuranın sədri, H.Ağayev və M.Seyidov isə sədrin müavinləri seçildilər. Müxtəlif sahələrdə işlərə rəhbərlik etmək üçün Milli Şuranın 9 nəfərdən ibarət icraiyyə orqanı yaradıldı. Fətəli Xan Xoyski İcraiyyə Komitəsinin sədri seçildi.
1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası Azərbaycan Dövlət Müstəqilliyi haqqında “İstiqlal Bəyannaməsi” qəbul etdi. Milli Şuranın 24 səslə (iki nəfər –Sultan Məcid Qənizadə və Cəfər bəy Axundov bitərəf qaldı) qəbul etdiyi qərar və altı bənddən ibarət “İstiqlal bəyannaməsi” yaxud “Misaği-milli” (əqdnamə) Azərbaycan millətinin varlığını bütün dünyaya bəyan etdi”.
Tarixçi alimin sözlərinə görə, beləliklə, Azərbaycan dövlətçiliyi tarixində ilk Konstitusiya aktı –“İstiqlal Bəyannaməsi”nin qəbulu ilə Azərbaycan dövlətçiliyi Xalq Cümhuriyyəti formasında elan olundu: “Bu hüquqi və siyasi sənəddə müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan edilmiş, onun hakimiyyətinin şamil olunduğu ərazinin hüdudları müəyyənləşdirilmişdi. Həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapmışdı.
“İstiqlaliyyət Bəyannaməsi”ndə demokratik dövlətə məxsus atributların hakimiyyətin xalqa mənsub olması, vətəndaşların mülki və siyasi hüquqlarının təmsil edilməsi, bütün xalqların və hər bir kəsin milli, dini, sinfi, silki və cinsi mənsubiyyətindən asılı olmayaraq azad inkişafı üçün şərait yaradılması qeyd edilirdi. Ən nəhayət, hakimiyyətin bölünməsi kimi prinsiplərin dövlət fəaliyyətinin əsası kimi bəyan edilməsi Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu bütün bəşəriyyətə nümayiş etdirdi.
Bununla Azərbaycan Cümhuriyyətini yaradan şəxslər, başda Məhəmməd Əmin Rəsulzadə olmaqla Azərbaycan türklərinin şərəfini xilas etdilər. M.Ə.Rəsulzadə 1925-ci ildə İstanbulda oxuduğu mühazirələr zamanı qeyd etmişdi: “Rusiya idarəsindəki müsəlmanlara “türk” dedirtmək indi artıq qazanılmış bir davadır. Yalnız “türk” kəlməsi deyil, “Azərbaycan” adı da qazanılmışdır”. O zaman azərbaycanlılara qarşı rus çarizminin ədalətsiz siyasətini açıqlayan Rəsulzadə qeyd edirdi ki, Qafqazda bir müsəlmanın Türkistanda mülk almasına yasaq qoyulmuşdu. Halbuki Rusiyanın ən hüquqsuz və zavallı bir məxluqunu təşkil edən yəhudi belə bir haqdan məhrum deyildi. Bütün bu tədbirlərlə Rusiya hökumətinin bir məqsədi var idi ki, özünün inanmadığı Türk məmləkətinin inkişafına tərəqqi verməmək”.
Taleh Cəfərov vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bir çox səciyyəvi cəhətlərinə, xarakterik əlamətlərinə və mahiyyətinə görə milli tariximiz üçün olduqca əhəmiyyətlidir:
“Əvvəla, müstəqillik elan edilməklə Azərbaycan xalqı böyük bir bəladan qurtardı; ikincisi, itirilmiş milli dövlətçiliyimiz bərpa edilidi; üçüncüsü, bu dövrdə yaranmış milli respublikalar içərisində AXC ən demokratik respublika idi, Şərqdə, islam və türk dünyasında ilk demokratik respublika üsul-idarəsi idi; dördüncüsü, AXC tarixi və milli Azərbaycanın hüdudlarında olan milli ərazimizə sahib dura bildi; beşincisi, AXC Azərbaycan hüdudlarında olan milli sərvətlərə sahib oldu; altıncısı, Azərbaycan müstəqilliyini elan etməklə AXC beynəlxalq münasibətlərin iştirakçısına və beynəlxalq hüququn subyektinə çevrildi; yeddincisi, AXC böyük əhəmiyyətə malik olan milli dövlət quruculuğu tədbirləri həyata keçirdi, dövlət atributları və dövlət strukturları yaratdı və formalaşdırdı; səkkizincisi, ölkə ərazisində yaşayan bütün xalqlara və vətəndaşlara hüquq bərabərliyi verdi; doqquzuncusu, bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlərə və dövlətlərlə mehriban münasibətlər yaratmaq, sülh və dostluq şəraitində yaşamaq əzmində olduğunu bildirdi”.