Ziyalıya, elm sahəsində uzun müddət əziyyət çəkən insanlara bir sıra hallarda birmənalı yanaşmalar baş verir. Bu hallar qəbuledilməzdir. Çünki ziyalı cəmiyyətin inkişafı, irəliyə getməsi üçün çalışır. Ona qarşı hər hansı bir formada səslənən ittihamlar ikrahla qarşılanır. Bu mənada Azərbaycanda elm sahəsində uzun müddət əmək sərf edən, ciddi elmi nəticələr ortaya qoyan insanlara, alimlərə professorlara, akademiklərə qarşı olan birmənalı fikirlər yolverilməzdir.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev barəsində səslənən ittihamlara münasibət bildirərkən söyləyib.
"Amma biz bir çox hallarda hər yerindən duranın özündən sonra iz qoyacaq şəxslərə dil uzatdığının, daş atdığının şahidi oluruq. Sözsüz ki, bu, onların cılızlığından, xəbisliyindən, içlərində olan kin-küdurətdən qaynaqlanır. Kim ixtiyar verib ki, hansısa ağzı köpüklü bir şəxs Azərbaycanın aydın şəxslərinə böhtan atsın, onların 10 illər boyu elm, təhsil üçün çəkdikləri əziyyətlərinə, nüfuzlarına söz desin. Bu adamlar öncə öz dayandıqları yerə, sonra özlərindən üstün olan, cəmiyyət, dövlət üçün əlindən gələni edənlərə baxıb sakitcə, susub otursunlar", - Eldar Quliyev deyib.
O qeyd edib ki, bir çox şəxslər başqalarının uğurlarını həzm edə bilmir:
"Hər zaman öz uğursuzluqlarında başqalarını ittiham edir. Sanki bu cür adamlar oturub növbə gözləyirlər ki, bu gün kimə böhtan atacaqlar. Bəziləri də mənasız ömürlərini başqalarına kin yağdırmaqla başa vurur. Sonda isə heç nə əldə edə bilmirlər. Azərbaycanda bu gün kifayət qədər ciddi qələminə hörmət etdiyimiz, yazılarından bəhrələnilən jurnalistlər var. Amma bir çox hallarda isə kimlərinsə yedəyində gedən, onun bunun fikirlərini tirajlayan, quyruq bulamaqla mənasız fəaliyyət göstərən adamlar da az deyil. Bu ölkə bizimdir. Cəmiyyətimizi özümüz inkişaf etdirməliyik. İstənilən cəmiyyət isə elm və təhsil üzərində irəliyə gedir, önə çıxır, inkişaf edir. Bu missiyanı da ziyalılar, alimlər, akademiklər öz üzərinə götürüb. Azərbaycan ziyalısına, aliminə professoruna böhtan atan üzdəniraqlar isə bütövlükdə cəmiyyətimizin inkişafına, gələcəyimizə qarşıdır. Sözsüz ki, cəmiyyətdə xoşbəxlikdən bu cür bədxah insanların fikirlərinə yer verilmir. Cəmiyyətimiz özü hər zaman bu cür dırnaqarası yazı yazanlara “layiq” olduqları “yeri” göstərir. Ədəb-ərkan, etika, ağsaqqala, müəllimə, ziyalıya, böyüyə hörmət Azərbaycan cəmiyyətinin kredosudur. Amma bəziləri öz tərbiyəsizliklərini internet səhifələrinə belə daşımağa çalışır. Bu da sözsüz ki, ikrah hissi ilə qarşılanır. Bu günlərdə Xalid Niyazov adında bir şəxs yazısında Azərbaycan alimlərini, akademikləri, professorları hədəfə almağa çalışıb. Onun yalan, böhtan və şər-şəbədədən ibarət olan yazısında isə Azərbaycan ziyalısı adına ancaq ləkə vurmaq var. Amma o unudur ki, nə Eldar Quliyevin, nə də ki, digər alimlərimizin, akdemiklərimiz bu cür “yazılarla” nüfuzuna heç bir zərər gəlmir. Əslində isə bu tip yazıları yazanların və yazdıranların məqsədi burada gün kimi aydın görünür. Azərbaycan Prezidenti İlham Əliyevin “Şərəf” və “Şöhrət” ordeni verdiyi alimi nədəsə ittiham etmək çirkin niyyətin, kinin, xəbisliyin göstəricisidir. Buna başqa ad qoymaq olmur”.
Professor bu günə qədər ona təqdim edilən elmi adlar, titullar və ictimai fəaliyyətinə görə verilən qiymətdən danışıb: “Bu titullar mənə yazdığım kitablara, elmi araşdırmalarıma görə verilib. Kitabım Almaniyada nəşr edilib, təqdimatı Romada olub. Həmin kitabın təqdimatına 8 xarici ölkədən qonaqlar gəlmişdi. Eyni zamanda qida təhlükəsizliyi ilə bağlı yazdığım elmi əsərlərim BMT-nin Cenevrə kitabxanasında saxlanılır. Onu da qeyd edim ki, mənim kitabım təqdim edilənə qədər BMT kitabxanasına heç bir azərbaycanlı alimin kitabı təqdim edilməmişdi. Çünki BMT kitabxanasına hər kitabı da qəbul etmirlər. Bir alim kimi kitabımın BMT kitabxanasına qəbul edilməsi üçün 6 ekspert rəyindən keçib. Bu ekspertlərə də ayrı-ayrılıqda kitablar təqdim edilir və onlar da kitabla bağlı öz müstəqil rəyini bildirir. Məhz bu rəylərin ümumi qiymətləndirilməsindən sonra hansısa kitabın BMT kitabxanasına qəbulu mümkün olur. Ona görə də, bu elmi əsərim qəbul edilərkən nə onlar mənə pul verib, nə də mən onlara hansısa bir ödəniş etmişəm. Əlavə edim ki, BMT kitabxanasına qəbul edilən elmi əsərim bu gün dünyada ərzaq təhlükəsizliyi ilə bağlı ən ciddi mənbə kimi qəbul edilir”.
Millət vəkili həmçinin Türkmənistanın sabiq prezidenti Qurbanqulu Berdiməhəmmədova təqdim edilən medalla bağlı səslənən fikirlərə də aydınlıq gətirib: “Türkdilli dövlətlərin parlamentlərinin fəxri millət vəkiliyəm. İndi türkdilli dövlətlərin Ağsaqqallar Şurası da yaradılıb. Binəli Yıldırım onun sədridir. Həsən Həsənov orada təmsil olunur. Qurbanqulu Berdiməhəmmədov Türkdilli Dövlətlər Birliyi təşkilatının üzvüdür. Biz 6 türk dövlətinin birliyi üçün çalışırıq və fəaliyyətimizin bütün aspektlərini mətbuata açıqlamırıq. Amma bu fəaliyyətimizə görə də, bizə maaş verilmir. Nə ediriksə, öz gücümüzə edirik. Xəzərin statusu həll olunmamışdı, Qurbanqulu Berdiməhəmmədov hakimiyyətə gələndən sonra məsələ həllini tapdı. Eyni zamanda biz eyni kökdən olan oğuz türkləriyik. Türkmənistan bir qədər qapalı dövlət olsa da zəngin ölkədir. Azərbaycan Ağsaqqallar Şurasının sədri kimi mən və şuranın bir neçə üzvü bu ayın əvvəlində Türkmənistana səfər edib, Qurbanqulu Berdiməhəmmədovla görüşdük. Ona “Fəxri ağsaqqal” Qızıl ordenini təqdim etdim. Təsəvvür edin ki, orada zal dolu idi, hər kəs də ayaqüstə Qurbanqulu Berdiməhəmmədovu qarşılayırdı. Biz ikimiz birlikdə zala daxil olduq. Dedim ki, siz qabaqda gedin, arxanızca gedirəm. Qurbanqulu Berdıməhəmmədov əlimdən tutub dedi ki, yox, birlikdə gedəcəyik. Bir məqamı da qeyd edim. Türkmənistanda məlum konfransda Rusiya Federasiyası Şurasının sədri Valentina Matviyenko da iştiak edirdi. Biz Qurbanqulu Berdıməhəmmədova “Fəxri Ağsaqqal” ordenini təqdim edəndə ruslar qıcıqlanırdılar ki, bunlara bax, Bakıdan gəlib burada orden verirlər və s”.
Eldar Quliyev Azərbaycanın elm adamlarının dünya səviyyəıi adlara, titullara olan marağı ilə bağlı səslənən məsələlərə də fikir bildirib: “Sırf kitabıma görə məni elmi birliklərə üzv edib, orden və medallarla təltif ediblər. Bizim ucuz şöhrətə ehtiyacımız yoxdur. Kitabım Almaniyada nəşr ediləndə dedilər ki, satışın 20 faizi mənə qonorar kimi ödəniləcək. Ödəmədilər. Sonra özümə kitab lazım oldu. Öz kitabımı mənə 52 avroya satdılar. Amma bütün bunlara baxmayaraq özümü dünya şöhrətli alim saymıram. Bizim elmi araşdırma sahəmiz qida təhlükəsizliyidir. Bu sahə üzrə elmi araşdırmalarımı aparıram. Qətərdə olanda onların şeyxlərindən biri ilə görüşdüm. Dedim sizdə su problem yoxdur, nə üçün əkinçiliklə məşğul olmursuz. Dedi ki, neftimiz, qazımız var. Satıb qida məhsulları alırıq. 2008-ci ildə dünyada qida böhranı oldu. Ərzaq istehsal edən 40 dövlət xaricə satışı dayandırdılar. İndi dünyada qida təhlükəsi yarananda ərzaq məhsulları istehsal edən ölkələr onu satmayacaq. Bu fakt elmi yanaşmanı, bu gün dünya üçün bir nömrəli təhlükə sayılan qida təhlükəsizliyinin nə qədər vacib olduğunu göz özündə canlandırır. Ona görə də kimlər elmi adlar alırsa, bu onun gərgin əməyinin bəhrəsində mümkün olur. Amma ümumilikdə isə elmdə ad-titul boş şeydir. Əsas odur ki, yaxşı təhsil alasan, magistratura, doktranturanı bitirən, elmi araşdırmalarla məşğul olasan, kitab çıxarasan. Ona görə də, hər kəs öz işi ilə məşğul olsa, yaxşıdır. Bu gün iddia etmirəm ki, güclü aliməm, bu yalan olar. Məndən də güclü alimlər var. Övladlarıma da deyirəm ki, əgər bir şeyi bilmirsinizsə, onunla məşğul olmayın, kimlərinsə yerini dar etməyin. Amma ümumilikdə isə Azərbaycan elminin böyük gələcəyi var. Çünki indi inkişaf və tərəqqi elm üzərində formalaşıb. Az əmək və tətbiq edilən yüksək texnoloji yanaşmalarla daha çox məhsul əldə etmək mümkün olur və məhsuldarlıq da artır”.