5 Avqust 2022 15:57
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə qarşı bütün beynəlxalq qanunlara və normalara zidd bir addım atılıb. Çünki bu səfirlik Azərbaycan ərazisidir. Faktiki olaraq Azərbaycan ərazisinə müdaxilə edilib. Hüquq-mühafizə orqanları bu təxribatçıları səfirliyin binasından çıxarıb. Amma hər bir halda fakt-faktılığında qalıb. Ona görə də bu cinayət ciddi araşdırılmalıdır.

Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.

O hesab edir ki, Böyük Britaniya hökuməti bu məsələnin ciddi araşdırılması üçün bütün lazım olan addımları atacaq:

“Əslində bu, məsələnin hüquqi tərəfidir. Çünki cinayət törədilib və bunu edənlər cəzalanmalıdır. Bu məsələyə hüquqi qiymət verilməlidir. Məhz bu nöqteyi-nəzərdən hesab edirəm ki, Böyük Britaniyanın Daxili və Xarici İşlər Nazirliyi ilkin mərhələdə bu prosedurları aparacaq. Beləliklə də günahkarlar cəzasını alacaqlar”.

Deputatın fikrincə, bu məsələnin siyasi bir tərəfi də var: “Azərbaycanda İslam ölkəsi kimi dinə hörmət və izzətlə yanaşılır. Ona görə də görünür mütərəqqi, açıq İslam dünyasının əsl dəyərlərini qəbul edən Azərbaycanın gördüyü işlər bəzi qüvvələrə heç də xoş gəlmir. Bu o deməkdir ki, ölkəmizin apardığı düzgün siyasət bəzi radikal dini qrupları ciddi narahat edir. Onlar Azərbaycan daxilində bu cür təxribatlara əl ata bilmir. Çünki Azərbaycanda güclü və ciddi hakimiyyət mövcuddur. Ona görə də heç kim, heç nə edə bilməz. Amma xaricdə onlar üçün yaradılan “ab-havadan” istifadə edərək belə bir cinayətlər törədilir. Bu məsələnin hüquqi qiyməti ilə yanaşı siyasi qiyməti ondan ibarətdir ki, Azərbaycan düzgün yoldadır. Ölkəmizdə din və dövlət arasında münasibətlər düzgün şəkildə tənzimlənib. Bu gün dini radikal qüvvələr bunu qəbul etmirsə və bizə qarşı hər hansı bir cinayət törədirlərsə, deməli ölkəmizin apardığı siyasət məhz radikalizmə, ekstremizmə, sekta “fəlsəfəsinə”, qarşıdır. Mahiyyət bir daha onu göstərir ki, biz düz yoldayıq və bu yolda öz israrlı siyasətimizi daha böyük uğurla davam etdirməliyik”.

Səməd Seyidova görə, Azərbaycan 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad etsə də ərazimizdə qanunsuz erməni silahlı birləşmələri qalır:

“Bir neçə gün öncə Azərbaycanın həyata keçirdiyi Qisas Əməliyyatı da məhz yerində atılmış bir addım idi. Biz bir daha göstərdik ki, Ali Baş Komandanın Dəmir Yumruğu yerindədir. Eyni zamanda Londondakı səfirliyimizə qarşı olan təxribatın hüquqi, siyasi və geopolitik mahiyyətini də geniş şəkildə izah etmək lazımdır. Çünki bu gün hələ də Azərbaycan ərazisində, Qarabağda radikal separatçılar var. Bu baxımdan radikallığı açıq şəkildə nümayiş etdirən bu qruplar arasında əlaqəni inkar etmək olmaz. Böyük ehtimalla bu əlaqə var. Ona görə də bir daha burada geosiyasi məsələləri gözdən keçirmək lazımdır. Çünki Londondakı səfirliyimizə qarşı təxribatı ilk dərc edən və ondan hamıdan öncə danışmağa başlayanlara da diqqət etmək lazımdır. Ümumiyyətlə bu çox təhlükəli və ciddi şəkildə araşdırılmasına ehtiyac olan bir məsələdir”.


Müəllif: Tapdıq Qurbanlı