29 Avqust 2022 21:26
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Laçın şəhəri, Zabux və Susda Azərbaycan bayrağının dalğalanması Prezident İlham Əliyevin böyük siyasi diplomatik uğurudur. Yüksək təmkin və böyük diplomatik gedişlərlə, qətiyyətli addımlarla Ali Baş Komandan növbəti dəfə xalqımızı sevindirdi. Artıq çox ciddi əhəmiyyət kəsb edən Laçın şəhəri və iki kəndimiz Azərbaycanın nəzarətindədir. Bundan öncə isə Ordumuzun yüksəklikdə yerləşməsi Şərqi Zəngəzur, Xankəndi və onun ətrafı, Qərbi Zəngəzurda strateji üstünlüklər əldə edildi.

Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Onun fikrincə, bu gün Azərbaycanın mövqeyi daha da güclənməkdə və dostlarımız tərəfindən etiraf olunmaqdadır: “Bu, Ermənistan və onları himayə edənlər üçünsə üzücü bir haldır. Azərbaycanın bundan sonra başlıca hədəfi Xankəndi və onun ətrafında yerləşən ərazilərdə separatçıların, qanunsuz silahlı qüvvələrin buradan tamamiləı çıxarılmasıdır. Qarşıda prioritet məsələ budur. Ölkə ərazisində separatçıların tamamilə təmizlənməsinə istiqamətlənmiş addımlar məntiqi sonluğa çatacaq. Bununla bağlı Prezident tərəfindən zərgər dəqiqliyi ilə siyasi diplomatik müstəvidə işlər görülür”.

Partiya sədrinə görə, Laçında əldə edilən uğurlar Xankəndi və onun ətrafında olan ərazilərdə də özünü göstərəcək: “Avqustun 31-də Brüsseldə Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı növbəti görüş olacaq. Azərbaycan çox böyük mənəvi, siyasi, diplomatik üstünlüklə bu görüşə qatılacaq. Son Brüssel görüşündən ötən müddətdə ölkəmizin mövqeləri əhəmiyyətli dərəcədə güclənib. Ermənistan isə bütün sferalarda zəifləyib. Qisas əməliyyatı və ondan sonra baş verən hadisələr bunu bir daha təsdiqləyir”.

Fəzail Ağamalı qeyd edib ki, Prezident İlham Əliyev hər zaman danışıqlarda əsas hədəfləri ortaya qoyur: “Bu mənada növbəti Brüssel görüşündə Azərbaycan böyük üstünlüklə danışıqara başlayacaq, nəticədə Xankəndidə hələ də qalmaqda olan separatçıların və Ermənistana məxsus silahlıların tamamilə çıxarılması məsələsi də öz həllini tapacaq. Ermənistandan Xankəndinə hümanitar yardımlar istisna olmaqla digər yardımların çatdırılmasına da son qoyulacaq. Bununla yanaşı iki ölkə arasında sərhədlərin dəqiqləşməsi ilə bağlı qətiyyətli iradə ortaya qoyulacaq. Bütün bunların fonunda isə Azərbaycanın ərazi bütövlüyünün tanınması şərti ilə sülh sazişinin imzalanması ilə bağlı da müəyyən razılaşmaların əldə edilməsi gözlənilir. Bu baxımdan Brüssel görüşündən gözləntilər müsbətdir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər