Tanınmış türk siyasətçi Atilla Kaya Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Atilla bəy, Azərbaycan-Ermənistan sərhədində baş verən son erməni təxribatını necə dəyərləndirirsiniz?
- Əvvəlcə, şəhidlərimizə uca Allahdan rəhmət diləyirəm. Azərbaycan xalqının, şəhid ailələrinin başı sağ olsun! Bununla bağlı şəxsi sosial media hesabımda da fikirlərimi paylaşmışam. Ermənistan II Qarabağ müharibəsindən sonra əldə edilən razılaşmaların şərtlərini yerinə yetirməmək üçün bir sıra təxribatlara əl atır. Erməni tərəfi Zəngəzur dəhlizinin açılması istiqamətində atılan addımları, artıq heç bir “status” qalmadığını, keçmiş “Dağlıq Qarabağ” reallığını qəbul etmək istəmir. Ona görə də, qarşı tərəf növbəti dəfə bu cür çirkin təxribatlardan çəkinmir. Allaha çox şükür ki, şəhidlərimizin olmasına rəğmən şanlı Azərbaycan Ordusu təcavüzkar, aqressiv erməni təxribatçılarına lazımı cavabı da verib. Bizlər də şanlı Azərbaycan Ordusu ilə qürur duyduğumuzu da ifadə edirik. Biz könlümüz, qəlbimiz, hər şeyimizlə azərbaycanlı qardaşlarımızın yanındayıq.
- Ermənistanın bu təxribatında dinc və mülki insanların hədəfə alınması necə izah oluna bilər?
- II Qarabağ Müharibəsi dövründə də Ermənistan tərəfi Gəncə, Bərdə və digər mülki şəhərləri hədəf almışdı. Bu cür terror hücumları ilə Ermənistan bir daha beynəlxalq insan hüquqlarını və digər sivil dəyərləri açıq şəkildə tapdayıb. Ona görə də, erməni tərəfinin növbəti dəfə mülki şəxsləri açıq hədəf seçməsini insanlığa qarşı bir cinayət kimi qiymətləndirirəm.
- Sizcə, II Qarabağ Müharibəsindən sonra bir sıra məsələlərdə əldə edilən razılaşmalar fonunda gərginliyin bu səviyyəyə çatması nədən qaynaqlanır?
- Ermənistan açıq şəkildə Azərbvaycanla əldə edilən razılaşmaların prinsiplərini pozmaq, onları yerinə yetirmək istəmədiyini nümayiş etdirir. Məqsəd mümkün qədər prosesdən uzaqlaşmaqdır. Eyni zamanda Ermənistan daxilində də fərqli qüvvələrin bu məsələdə təsiri var. Ermənistan hakimiyyətini çətin vəziyyətdə qoymaq üçün daxildəki qüvvələrin də bu məsələdə əlinin olduğunu güman etmək olar.
- Avropa və İran mətbuatında Azərbaycanla Ermənistanın yenidən qarşı-qarşıya qoyulmasını Türkiyənin bölgədə artan gücü ilə də bağlama çalışırlar. Bu spekulyasiyaları necə qiymətləndirirsiniz?
- Bu yanaşmalar səhvdir. İran Qarabağ münaqişəsi başladığı gündən hər zaman gizli və ya açıq şəkildə Ermənsitana dəstək verib. Bu gün də İran Ermənistana öz "dəstəyini" əsirgəmir. Avropa ölkələrinin də hər zamanki kimi ikiüzlü siyasət yürütmək ənənəsi var. Erməni təcavüzü və təxribatına 30 ildən artıq heç bir səs çıxarmayanlar indi Ermənistan tərəfindən edilən hücumlara Azərbaycanın cavab verməsinə müxtəlif don geydirir, “ssenarilər” uydururlar. Bunu bir sıra hallarda Türkiyənin bölgədəki təsiri ilə də bağlamağa çalışırlar. Halbuki ortada real faktlar var. Azərbaycan əraziləri 30 il öncə Ermənistan tərəfindən işğal edilib. Ermənistanın açıq işğal faktına görə 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün kimi yaşamağa məcbur olmuşdu. Nəhayət də Azərbaycan öz ərazilərini erməni işğalından azad etdi. Sadəcə olaraq indiki məqamda bu reallıqla bir sıra dairələr barışmaq istəmir. Avropada olan ölkələr, İran və digərləri bu problemin qalmasında maraqlıdır. Onlar bu reallığı qəbul etmək niyyətində deyil. Elə bu istiqamətdə də ağıla, xəyala gəlməyən bir sıra ittihamlar irəli sürürlər. Amma bütün bunların fonunda Azərbaycanın davranışları, təxribata qarşı verdiyi cavab onun ən təbii haqqıdır. Azərbaycan öz sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün lazım olan imkanlardan bundan sonra da istifadə edəcək.
- ABŞ-ın son təxribatlar fonunda aktivliyi nəzərə çarpır. Amerika bu məsələdə niyə maraqlıdır?
- ABŞ-da çox güclü bir erməni lobbisinin olması hər kəsə bəllidir. Bu lobbi təşkilatlarının təsiri ilə ABŞ və Avropa ölkələrinin bəziləri erməni işğalına, təcavüzünə, təxribatına hər zaman səssiz qalıb. Amma bütün bunlar güclü Azərbaycan var olduqca heç bir əks təsirə malik olmayacaq. Allah Azərbaycanı qorusun. Azərbaycan Ordusu güclü, qüvvətli və haqlıdır. Ən sonda da qalib Azərbaycan olacaq. Kim nə deyir-desin Azərbaycan bu haqlı davasında tək deyil. Türkiyə, türk dünyası, hər birimiz sona kimi qardaş Azərbaycanın yanındayıq.
- Fransa BMT Təhlükəsizlik Şurasının iclasının çağırılması ilə bağlı müraciət edib. Emannuel Makronun bu "fəallığı" nə ilə bağlıdır?
- Bunların hamısı eyni yanaşmadır. Fransa, İran və Avropadakı bəzi dövlətlər eyni mövqedədir. Amma onlar nə edir-etsin Azərbaycan bu məsələdə qalib tərəfdir. İndiki halda Fransanın məsələni BMT-də qaldırması da heç nəyə təsir etməyəcək. Vaxtilə BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin erməni silahlılarından boşaldılması ilə bağlı qərarlar qəbul etmişdi. Amma 30 il ərzində bu qərarlar icra edilmədi. Ona görə də, istədikləri "addımı" atsınlar, bunun heç bir əhəmiyyəti yoxdur. Çünki Azərbaycan hüquqi-siyasi cəhətdən haqlıdır. Təbii ki, bu dünyada haqlı olmaqla iş bitmir. Eyni zamanda güclü olmaq da lazımdır. Gördüyümüz, bildiyimiz odur ki, Azərbaycan Ordusu çox güclüdür. Qardaş Azərbaycan xalqı da öz birliyini qoruyub saxlayır və yekunda qələbəyə iman da çox yüksəkdir. İstənilən məsələdə Azərbaycanın arxasında böyük bir türk dünyası vardır.