28 Sentyabr 2022 09:05
1 786
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sentyabrın 12-13-nə qədər Ermənistan və Azərbaycan arasında danışıqlar Brüssel formatında gedirdi. Bundan əvvəl isə Rusiyanın vasitçiliyi ilə danışıqlar aparılırdı. Sadəcə olaraq Avropa Birliyi vasitəçilik missiyasını üzərinə götürməklə faktiki Moskvanın danışıqlar modelini pozdu. Çünki Rusiyanın başı Ukrayna müharibəsinə qarışmışdı. Sonradan da Rusiya Brüsselin təşəbbüsünü poza bildi.İndi üçüncü təşəbbüs Amerikadan gəlib və hazırda proses bu istiqamətdə inkişaf edir”.

Bu sözləri Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

Partiya sədri xatırladıb ki, BMT Baş Assambleyası sessiyasının sonuncu yüksək səviyyəli iclası çərçivəsində ABŞ tərəfinin təşəbbüsü əsasında Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş baş tutub: “Həmin görüşdə ABŞ dövlət katibi Entoni Blinken də iştirak etdi, sülh sazişi müzakirə edildi. Düşünürəm ki, Amerikanın təşəbbüsü altında danışıqlar effektiv keçirilə bilər. Hazırda Rusiyanın başı Ukrayna prosesinə qarışdığı üçün ABŞ-ın təşəbbüsünü gündəmdən çıxarması çətindir”.

ADP sədri qeyd edir ki, əgər Ermənistan Levon Ter-Petrosyanın dediyi kimi ağıllı mövqe tutacaqsa, sülh sazişi imzalanacağına ümid etmək olar.

Azərbaycanın əsassız “təcavüzdə” ittiham edilməsi, ABŞ-ın Ermənistanı açıq müdafiə etməsi kimi arzuedilməz detallara gəldikdə, ADP sədri söyləyib ki, bunların hamısına son qoyulacaq: “İş ondadır ki, bunun üçün sərhədlərin dəqiqləşdirilməsi aparılmalıdır. Dəqiqləşdirildikdən sonra hər kəs öz sərhədində oturacaq. Bu günə qədər delimitasiya və demarkasiya ilə bağlı ciddi iş aparılmayıb. Üstəlik üçtərəfli razılaşmaya uyğun olaraq Qazaxın 6, Sədərəyin 1, Ordubadın 2-3, eləcə də Zəngilanın 2-3 kəndi qaytarılmayıb. Eyni zamanda SSRİ zamanı Ermənistana yaylaq kimi verilən əraziləri İrəvan öz sərhədinə qatıb. Halbuki bunlar Azərbaycan torpaqlarıdır və qaytarılmalıdır. Fikrimcə, sərhəd məsələsi dəqiqləşdikdən və sülh sazişi imzalandıqdan sonra belə qarşılıqlı bəyanatlara da ehtiyac qalmayacaq”.

Səlaloğlunun qənaətincə, Amerika indi Ermənistana ona görə təssübkeşlik edir ki, bu ölkəni Rusiyanın təsir dairəsindən çıxarmaq istəyirlər: “Yox, əgər Ermənistan Rusiyanın təsir dairəsində qalacaqsa, bu halda İrəvan ya Azərbaycana, ya Gürcüstana, ya da Türkiyəyə ərazi iddiaları irəli sürəcək, regionda sabitliyi pozacaq ki, bu da ABŞ-ın maraqlarına uyğun deyil”.


Müəllif: Nemət

Oxşar xəbərlər