30 Sentyabr 2022 22:53
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ailəsinin, ailədaxili münasibətlərin, ailə dəyərlərinin dinamikası və transformasiyasının qarşılıqlı təsir və əlaqədə araşdırılması, ailə məsələlərində ümumi mənzərənin sistemli təqdimi üçün mütəmadi olaraq əhali və mütəxəssislər arasında sorğular həyata keçirilir. Alınan nəticələrə uyğun olaraq təhlil və araşdırmalar hazırlanır. Bu istiqamətdə 2020-ci ildə ölkəmizin 9 iqtisadi-coğrafi rayonunu əhatə edən, 2400 respondent və 27 ekspertin iştirakı əsasında “Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji təhlil” adlı ictimai rəy sorğusu və sosioloji tədqiqat hazırlanıb. 2021-ci ildə çap olunan tədqiqat Dövlət Komitəsinin sifarişi ilə Sosial Tədqiqatlar Mərkəzi tərəfindən aparılıb.

Bunu Teleqraf.com-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin böyük məsləhətçisi Səmra Əliyeva deyib.

O qeyd edib ki, tədqiqatda ailələrin problemlərinin mənşəyi və mahiyyətinin, ailədə stress mənbələrinin müəyyən edilməsi və sair məsələlər yer alıb: “Eyni zamanda ailənin iqtisadi vəziyyəti və ailə büdcəsinin idarə edilməsi, ailə dəyərlərinə baxış, kollektiv sosial fəaliyyətlər, məişət işlərinin bölgüsü, ailə planlaşdırılması kimi vacib amillərə də toxunulub. Ailələrin sosial-psixoloji dəstək və xidmətlərə münasibəti kimi istiqamətlərə dair araşdırmalar və onların nəticələri, təkliflər burada öz əksini tapıb. Araşdırma zamanı respondentlər daha çox uşaqların sayının azalması, sosial şəbəkələrin ailə dəyərlərinə mənfi təsiri, ailə institutunun gücləndirilməsi kimi məsələlərə yer verilib. Ailə quran gənclərin müasirləşməsi, boşanmaların sayının artması ilə bağlı narahatlıqlar da burada yer alıb. Boşanma səbəbləri sırasında isə sosial-psixoloji amillər ilk sıralarda qeyd edilib. Ailə institutunun gücləndirilməsi üçün lazım gəldikdə psixoloqların ailələrə müdaxilə etməli olduğu və bunun üçün ailə psixoloqu məsləhətxanalarının təsis edilməsinin vacibliyi qeyd edilib".

"Ailə psixoloqu məsləhətxanaları yaradılsın"

Mütəxəssisin fikrincə, ailələrdə baş verən problemlərin aradan qaldırılması, yaranmaması istiqamətində mühüm addımlar atılması olduqca vacibdir: "Bu çərçivədə ailə psixoloqu məsləhətxanalarının yaradılması ilə yanaşı, baş verən intihar hallarının qarşısının alınması, uşaqların psixi sağlamlığı, ailələrdə stressin idarə olunması, zorakılığın azaldılması və s. üzrə proqramların təşkili vacib amil kimi gündəmdədir. Ailə münaqişələrinin həlli mexanizmi kimi “Ailə mediasiyası” institunun təsis edilməsi və yaşlı nəslin təcrübəsindən faydalanmaq, “ailə-iş münasibətləri” balansının yaradılmasının diqqət mərkəzindədir”.

Səmra Əliyeva hesab edir ki, mövcud problemlərə baxmayaraq, Azərbaycan ailəsi ilə bağlı daha çox müsbət məqamlar bu gün önə çəkilir: “Gənc ailələrdə qadın və kişinin bir-birinə hörmət göstərməsi və dinləməsi amili yüksək qiymətləndirilir. Belə ki, əgər ənənəvi ailələrdə əksər hallarda kişi qərarvermədə iştirak edən tərəf idisə, müasir ailələrdə həm kişi, həm də qadın qərarvermədə iştirak edir. Bununla yanaşı, tərəflərin bir-birinə hörmətlə yanaşması, mübahisələri qarşılıqlı dialoqla həll etməsi də müasir ailələrin xüsusiyyətlərindəndir. Bu qarşılıqlı münasibətlər ailələrdə müsbət psixoloji iqlimin yaranmasında aparıcı faktordur”.

Erkən nikahlar və onun fəsadları

Sosioloq Kamilə Əliyeva isə hesab edir ki, müasir dünyada qloballaşma şəraitində baş verən proseslər digər ölkələrdə olduğu kimi Azərbaycana da öz təsirini göstərməkdədir: “Məhz buna görə cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə institutunun daha da möhkəmləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi çox vacibdir. Bu gün cəmiyyətimizi narahat edən problemlərdən biri də məhz erkən nikah və qohumlar arasında bağlanan nikahlardır.

Əvvəllər Ailə Məcəlləsində qızlar üçün nikah yaşı 17, oğlanlar üçün isə 18 yaş göstərilirdi. Azərbaycan Beynəlxalq Uşaq Konvensiyasına qoşulduğuna görə və Konvensiyaya əsasən hər bir şəxs 18 yaşadək uşaq sayılır. Buna görə də 18 yaşadək bağlanan nikah erkən nikah sayılır. Erkən nikahların səbəbləri kimi yeniyetmə qızların valideynlər və ya yaxın qohumlar tərəfindən təhrik edilməsini, valideynlərin qızlarının fiziki təhlükəsizliyi, yəni əxlaqının qorunması stereotipinin hələ də mövcud olduğunu göstərmək olar.

Eyni zamanda valideynlər tərəfindən uşağının (qızının) təbii ehtiyaclarının ödənilməsində çətinlik çəkdiyini bəhanə edib qızını maddi cəhətdən daha imkanlı ailəyə vermək arzusunu, erkən hamiləliyi göstərmək olar".

Onun sözlərinə görə, erkən nikahların fəsadları da çoxdur. Erkən nikaha daxil olan yeniyetmə qızlar əksər hallarda öz təhsilini davam etdirmirlər və aldığı təhsil səviyyəsi ilə kifayətlənməli olurlar. Bu da onların sosial uyğunlaşma imkanlarını azaldır. Onların cəmiyyətdə iştirakına mənfi təsir göstərir. Nəticədə işsiz gənc qadınların sayının artmasına, onların maddi cəhətdən həyat yoldaşından və ya valideynlərindən asılı olmasına gətirib çıxarır”.

Kamilə Əliyeva bildirib ki, erkən nikah hallarının baş verməsi bir çox hallarda ailələrdə münaqişələr, boşanmalar və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur: “Bununla yanaşı nikaha daxil olan yeniyetmə qızın sağlamlığına da ciddi təhlükə yaranır. Qeyd etmək lazımdır ki, belə nikahlar dini mərasimlər əsasında bağlanır. Gələcəkdə belə ailədə problem yaşanarsa, qanundan kənar bağlanan nikahlara daxil olan şəxslərin hüquqi müdafiəsində də problem olur. Erkən nikahlar adətən yaxın qohumlar arasında baş verir, bu da gələcəkdə xəstə uşaqların dünyaya gəlməsi riskini artırır. Erkən nikah hallarının qarşısının alınması məqsədi ilə 2011-ci ildə qanunvericiliyə dəyişiklik edilərək nikah yaşı 18 yaş müəyyən edilib. Eyni zamanda Cinayət Məcəlləsinə də əlavələr edilib”.

Ekspert Ləman Mahmudova qeyd edib ki, mütəmadi olaraq ümumi, məktəbdənkənar, peşə, orta ixtisas, ali təhsil müəssisələrində yeniyetmələr, gənclər və onların valideynlərinin, müəllimlərin aktual mövzular ətrafında maarifləndirilməsi aparılmalıdır: “Bu cür maarifləndirmə tədbirləri milli-mənəvi dəyərlərin qorunub saxlanılması və nəsildən-nəslə ötürülməsi, yeniyetmə gənclərin vətənpərvər ruhda tərbiyə olunması, sağlam ailə təsisatının formalaşdırılmasına xidmət edir. Bu, ailədaxili münasibətlərdə yaşanan psixoloji dəyişikliklər, ailə dəstəyinin önəmi, valideyn-uşaq münasibətlərində inkişaf dinamikasının izlənməsi baxımından önəmlidir".

Ləman Mahmudova xatırladıb ki, Prezident İlham Əliyevin 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında sərəncamının icrası məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitə tərəfindən “Ailə Könüllüləri” adlı layihə həyata keçirilib: “Yaradılan “Ailə Könüllüləri”nin fəaliyyətinin əsas məqsədi müxtəlif ünsiyyət vasitələri və əlaqə mexanizmlərindən istifadə etməklə milli-mənəvi dəyərlərimizin, sağlam həyat tərzinin, möhkəm ailə modelinin təbliğidir. Həmçinin silahlı münaqişələr, təbii fəlakətlər və digər fövqəladə nəticələr zamanı zərər çəkmiş şəxslərə dəstəyin göstərilməsi kimi məsələlər ətrafında söhbətlər aparılır".

Onun fikrincə, ölkədə qızların təhsildən yayınma faktorlarının araşdırılması və problemin aradan qaldırılması istiqamətində dövlət qurumlarının birgə əməkdaşlığına ehtiyac var: "Təhsildən yayınan qızların ailələri ilə görüşlər təşkil olunmalıdır".

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanıb.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər