Ağ partiyanın sədri Tural Abbaslı Teleqraf.com-a müsahibə verib.
Onunla müsahibəni təqdim edirik.
- İran hər gün Azərbaycanın düşmənlərinə, xüsusən də Ermənistana bir qədər də yaxınlaşır. Sizcə, İran bu yolla hara qədər gedəcək və ya anti-Azərbaycan addımları ilə nəyə nail olacaq?
- Əslində, söhbət İranın Ermənistana yaxınlaşmasından getmir, bunlar Azərbaycan əleyhinə addımlardır. Yəni İran Azərbaycana qarşı Ermənistana yaxınlaşır. Ermənistan Azərbaycanla düşmənçilik etməsəydi, İran bu ölkəyə o qədər də maraq göstərməzdi. Sadəcə İran düşünür ki, Azərbaycanın güclənməsi, siyasi, iqtisadi və hərbi baxımdan tamhüquqlu dövlət olması onun gələcəyinə və təhlükəsizliyinə təhlükədir. Buna görə də hər vəchlə Azərbaycanın güclənməsinə əngəl olmağa çalışır. Təbii ki, bu, yanlış siyasətdir. Çünki Azərbaycan heç vaxt İranın suverenliyi və təhlükəsizliyinə təhdid yaratmayıb. Əlbəttə, İran bu düşmənçilik siyasətini davam etdirsə, Azərbaycanın da ata biləcəyi kifayət qədər addımlar var.
Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan öz ərazilərindən İrana qarşı istifadə olunmasına imkan verməyəcək. İndi əgər İran bütün resurslarını Azərbaycan əleyhinə yönəldirsə, o zaman Azərbaycan da bunun qarşısını almaq üçün addım atmaqda sərbəstləşir.
- Molla rejimi anti-Azərbaycan ritorikasını sərtləşdirdikcə, Güney Azərbaycanda ona qarşı etirazlar bir az da şiddətlənir. Sizin Güneydəki bu fəallıqdan gözləntiniz necədir? Bu fonda Təbrizdən, Ərdəbildən və digər tarixi şəhərlərimizdən Azərbaycana dəstək mesajlarının artdığını da görürük.
- Onların bizə dəstək olmaları təbiidir. Çünki biz ikiyə parçalanmış millətik, onlar bizim soydaşlarımızdır, qardaşlarımızdır. Təbii ki, onlar Arazın bu tayındakı dövlətlərə qarşı olan haqsızlığa öz təpkilərini, etirazlarını bildirirlər.
Mənim babam – atamın atası da oradan gəlib. Bu gün də mənim babamın qohum-əqrəbaları Ərdəbildədir. Yəni onların da burada qohumları var. Biz əsrlərdir ayrı deyilik, dünənə qədər gediş-gəliş vardı. Bu baxımdan Güneydəki azərbaycanlılarımızın da fəallıqları anlaşılandır. İran rejimi bunu nəzərə almalıdır.
Zatən, İran rejimi xalqı kifayət qədər sıxır. İran xalqının molla rejimindən siyasi, hüquqi, iqtisadi, sosial, mədəni və digər baxımdan kifayət qədər narazılığı var. Üstəgəl, Güneydəki soydaşlarımızı qıcıqlandıracaq addımlar atmaq rejimin sonunu sürətləndirə bilər. ABŞ-ın, Baydenin də bəyanatlarını nəzərə alsaq, atdığı addımlar molla rejiminə çox baha başa gələ bilər. İrandakı rejim düşmən yox, dost qazanmaq haqda düşünməlidir.
Ermənistan da başda Rusiya olmaqla, heç vaxt öz ağasına, sahibinə və asılı olduğu dövlətə sonadək sadiq qalmayıb. İrandakı rejim bunu da nəzərə almalıdır.
- ABŞ liderinin mesajına və İrandakı kütləvi nümayişlərin rejim dəyişikliyinə yol aça biləcəyi ehtimalına toxundunuz. Sizcə, orada belə bir dəyişiklik mümkün ola bilərmi?
- Biz həmişə çalışmışıq ki, İranın daxili işlərinə qarışmayaq. İrandan da bunu gözləmişik. Amma artıq baş verənlər İranın daxili məsələsi deyil. İranda baş verən hadisələrlə bağlı görüntülər, kadrlar dünya mediasında aktiv formada işıqlandırılır. Əgər bir xanım başını düzgün bağlamayıb deyə qətlə yetirilirsə, təbii ki, bu etirazla qarşılanacaq.
İranın belə fəaliyyətləri İslam dininə də ziyan vurur. Mən inanclı bir adam kimi deyə bilərəm ki, İslamda kiminsə başını zorla bağlamaq anlayışı yoxdur. Əgər kimsə başını bağlayıb və ya bağlamırsa, buna qiyməti Allah özü verəcək. Bir ölkənin rejimi buna qarışmamalıdır, qarışanda da ortaya belə əcaib mənzərə çıxır. Maraqlıdır ki, nümayişlərə qoşulanlar İslama və onun ehkamlarına yox, rejimə etiraz edirlər. Çünki etiraz edənlər arasında inanclı insanlar da var. Bu nümayişlər rejimin idarəçiliyinə qarşıdır, baş örtüyünə qarşı yox.
Digər yandan, İran dünyanın bütün sivil dövlətləri ilə konfliktli durumdadır. Bütün bunlar İranda rejim dəyişikliyini şərtləndirir. İndiki hərəkətlənmənin buna gətirib çıxarıb-çıxarmayacağını zaman göstərəcək. Hər halda 280-ə yaxın insana edam hökmü verilirsə, demək, vəziyyət İrandakı rejimin söylədiyi qədər yaxşı deyil. Çünki 280 vətəndaşını ölüm hökmünə məhkum etmək adi bir məsələ deyil. Bu, bir həftəlik döyüşdə həlak ola biləcək qədər insan sayı deməkdir. Demək, vəziyyət o qədər ağırdır ki, birdən-birə bu qədər insanın edamına fərman verirlər.
- İranın təkcə Azərbaycanla yox, az qala bütün müsəlman ölkələri ilə münasibətləri problemlidir. Molla rejiminin müsəlman ölkələrinə qarşı bu kini haradan irəli gələ bilər?
- Məsələn, İran özünü “islam dövləti” elan edib, amma Türkiyəyə qarşı düşmən mövqeyindədir. Səudiyyə Ərəbistanı ilə də düşmənçilik edir. İraqa qarşı səkkiz il müharibə aparıb. İndi də İraqın yarıdan çoxu ilə münasibəti mənfidir. İranın Suriyaya da münasibəti belədir. İran İslamın bütövlüyünə yox, məzhəbçiliklə onun parçalanmasına xidmət edir. İran bütün istiqamətlərdə məzhəbçi siyasətə xitab edir. Dinə xidmət və təbliğ etmək, “mən müsəlmanam” demək əvəzinə, “mən şiəyəm” deyir. Təbii ki, şiə də, sünni də müsəlmandır. İran isə bunu İslamı parçalamaq üçün edir.
Kənardan baxanda görürük ki, İran İslam birliyi və vəhdətini parçalamaq üçün yaradılmış dövlətə daha çox oxşayır, nəinki bu birlik və vəhdətə töhfə verənə. İrandakı rejim Məkkə ziyarətinə belə alternativ ziyarətlər təşkil edir və bunun təbliğatını aparır. Buna görə də İranın heç bir müsəlman dövləti ilə normal münasibətləri yoxdur. O dövlətlərin və hökumətlərin ki, İranla münasibətləri yaxşıdır, bu, həmin iqtidarların münasibətidir, xalqların yox. Məsələn, Bəşər Əsədin İranla münasibətləri yaxşı ola bilər, amma Suriya xalqının ona münasibəti mənfidir.
İranın İslama heç bir aidiyyəti və xeyri yoxdur. Nə bir dövlət, nə də dinə yanaşması kimi. İran İslama ziyan vurmaqdan başqa heç nə etmir.