8 Noyabr 2022 09:16
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə müsahibəni təqdim edir:

- Səbinə xanım, Ermənistandakı 4000-ə yaxın azərbaycanlı əsirin taleyinin araşdırılması yönündə hansı işlər görülür?

- Mütəmadi olaraq biz bu haqda həm Ermənistan tərəfinə, həm də beynəlxalq qurumlara müraciət edirik. Tələb edirik ki, Ermənistana təzyiq göstərilsin. Bu iş bu gün başlamayıb, uzun illərdir ki, bu istiqamətdə fəaliyyət göstəririk. Dəfələrlə bütün beynəlxalq platformalarda Ermənistana ciddi təsir göstərilməsi, təzyiq olunmasını tələb etmişik. Bir faktı da qeyd etmək istərdim ki, 55 soydaşımızın 1998-2000-ci illərdə
Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüş nəticəsində rəsmi olaraq qeydiyyata alınıblar. Bu görüşlər həm o zaman işğal altında olan Qarabağda, həm də İrəvanda keçirilmişdir. Belə ki, rəsmi olaraq bu şəxslər vaxtilə Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüşmələrinə baxmayaraq hətta onlar barədə belə bizə heç bir məlumat verilmir. Bu istiqamətdə fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik.

- Ermənilərin müharibə cinayətlərinə beynəlxalq təşkilatların reaksiya verməsi üçün nə kimi addımlar atılmalıdır?

- Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı və tövsiyələri əsasında bu istiqamətdə çalışırıq. Ermənilərin törətdikləri müharibə cinayətləri, həmçinin əsirlikdə olan soydaşlarımız barədə, mədəni-tarixi abidələrimizin dağıdılması, habelə işğal zamanı həmin ərazilərdə törədilən ekoloji cinayətlər, yəni ekosid cinayətləri, bu ərazilərin insan sağlamlığı və həyatına ciddi təhlükə yaradan, azad olunmuş torpaqlarımızda aparılan quruculuq-bərpa işlərini ləngidən amil olan piyada və tank əleyhinə minalarla çirkləndirilməsi kimi müxtəlif mövzuları əhatə edən hesabatlarımız hazırlanıb. Azərbaycan dövləti beynəlxalq cinayət məhkəməsinə müraciət edib və o iddialarda bizim hesabatlarımız da əsas olaraq göstərilir.
Belə ki, yuxarıda qeyd olunan mövzularla bağlı müstəqil monitorinq mexanizmini həyata keçirən qurum kimi tərəfinizdən toplanılan faktlar, sübutlar orada əks olunub. Azərbaycanı təmsil edən vəkillər bu hesabatlardan geniş şəkildə istifadə edirlər.


Müəllif: Rəqsanə Həsənova, Foto: Elmin Zahidzadə

Oxşar xəbərlər