Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Aydın müəllim, iki il öncə 10 noyabr 2020-ci ildə Azərbaycan-Rusiya və Ermənistan arasında imzalanan bəyanatla 44 günlük müharibə bitdi. Ermənistan bu bəyanatla üzərinə bir sıra öhdəliklər götürsə də sonrakı dönəmdə bunların bir çoxunu icra etmədi. Sizcə, müharibədən sonrakı dönəm üçün baş verən proseslərin 2 illik bir marafonu fonunda sülhün əldə edilməsinə hələ də ümidlər qalırmı?
- İki il bundan öncə çox vacib tarixi bir hadisə baş verdi. Azərbaycan Ermənistanı öz torpaqlarında məğlub edərək onu kapitulyasiya sənədinə imza atmağa məcbur etdi. Bununla da Azərbaycan öz ərazisi üzərində suverenliyini bərpa etməyə nail oldu. Əsas məsələ həll edildi. Bu, baza prinsipi idi. Eyni zamanda bu amil bundan sonra gediləcək yolun başlanğıcı hesab olunur. Dünya ciddi bir Azərbaycan faktorunun ortaya çıxdığını gördü. Bunu Ermənistan və onu müdafiə edən xaricdəki qüvvələr də qəbul etdi. Bununla belə heç kəs gözləmirdi ki, Cənubi Qafqazda artıq bütün məsələlər həll edilib və Ermənistan sivil yola qayıdıb. Hətta bundan sonra sakit, problemsiz şəkildə Cənubi Qafqaz sülh evini qurmağın mümkün olacağına da inam az idi.
Gedən proseslər onu göstərdi ki, hələ çox iş görülməlidir. Ermənistan daxilində revanşist qüvvələr var. Elə hakimiyyətdə olan qüvvələrin də bir çox hallarda hərəkətləri erməni müxalif revanşistlərin fəaliyyətindən fərqlənmir. Buna görə də, hələ tam sülhə nail olmaq mümkün olmur.
- Amma proseslərin iki illik axarında Ermənistanın məğlub obrazını dəyişmək cəhdlərini görürük. Belə olan halda qarşıdakı dövr üçün stabil bir mənzərənin olacağı ehtimallarını necə dəyərləndirmək olar?
- Elə bu “məqsədlə” də sərhəddə vaxtaşırı Ermənistan tərəfinin hərbi təxribatları baş verir. Ermənistan götürdüyü öhdəliyi tam yerinə yetirmir. Hələ də Zəngəzur dəhlizinin açılmasına nail olunmayıb. Ancaq bununla belə Ermənistanın məğlub obrazını dəyişmək cəhdləri baş tutmur. Sözsüz ki, məsələlər tam həll edilməyib. Ermənistanın Azərbaycan torpaqlarını nəzarətdə saxlamaq cəhdi günü-gündən azalır. Dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Azərbaycan öz hüquqlarını qorumaq gücündə olduğunu göstərir. Çünki güclü dövlətimiz, iqtisadiyyatımız, odumuz var. Ölkədə xalq-iqtidar birliyi mövcuddur. Cəmiyyət, insanlar Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi kursunu müdafə edir.
- Hazırkı dövr üçün Azərbaycanın əsas hədəfləri nədən ibarətdir?
- Dövlətimiz xırda addımlarla da olsa öz istəyinə doğru gedir. Bu gün Ermənistanla sərhəddə strateji yüksəkliklər Azərbaycan ordusunun tam nəzarəti altındadır. Azərbaycan işğaldan azad olunan torpaqlarda böyük quruculuq işləri görür, büdcəmiz artır. Hərbi büdcəmizi məcburiyyət qarşısında yüksək səviyyədə saxlamağa məcburuq. Eyni zamanda dövlət başçısının məsələlərin sonrakı gedişi ilə bağlı çıxışları göstərir ki, Azərbaycan tam suverenliyinə doğru addım-addım irəliləyir.
- 8 Noyabr Zəfər günü ölkə başçısının Şuşada verdiyi mesajların əhəmiyyətini necə şərh etmək olar?
- Ölkə başçısının Zəfər Günü Şuşada hərbçilər qarşısında çıxışı gündəm oldu. Prezident burada həm Ermənistana, həm də Azərbaycana qarşı təhdidlər yağdıran digər ölkələrə özünün sərt cavabını verdi. Həmçinin vurğuladı ki, bu gün Rusiya sülhməramlılarının Azərbaycan ərazisində qalmasının konkret müddəti var. Ona görə də, kimsə nəyəsə ümid bəsləməsin. Bu baxımdan hesab etmək olar ki, proseslər Azərbaycanın tam ərazi bütövlüyü və suverenliyi istiqamətində gedir. Dünya bizimlə razılaşmalıdır və razılaşır. Ümumiyyətlə isə Azərbaycanın apardığı siyasət milli maraqlarımıza cavab verir. Burada bütün məsələlərlə yanaşı dost, qardaş Türkiyənin də Azərbaycanı dəstəkləməsi böyük rol oynayır. Eyni zamanda Azərbaycan da Türkiyəni bütün məsələlərdə dəstəkləyir. Bu qardaşlıq digər ölkələr üçün də nümunədir.