12 Noyabr 2022 09:16
2 378
12 Punto 14 Punto 16 Punto 18 Punto

ReAl partiyası sədrinin müavini Natiq Cəfərli Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- ABŞ rəsmi şəkildə İranın təhdidlərinə qarşı Azərbaycanı dəstəklədiyini açıqladı. Dövlət Departamentindən verilən açıqlamada dövlət katibi Entoni Blinkenin İranın regional təhdidini Vaşinqtonda həmkarı Ceyhun Bayramovla müzakirə etdiyi də bildirildi. ABŞ-ın bu açıqlamasını necə şərh etmək mümkündür?

- Əslində, bu, yeni situasiyanın yarandığını deməyə əsas verir. İrandan Azərbaycana təhdidlərin artması, sərhəddə hərbi təlimlərin keçirilməsi, iranlı rəsmilərin zaman-zaman ölkəmizə qarşı hədələyici mesajlar səsləndirməsi, Tehranın Ermənistanla münasibətlərinin Azərbaycana qarşı yönəlməsi son zamanlarda yaranan trenddir. ABŞ-ın da onillərdir İranla hansı münasibətlərinin olduğu hər kəsə bəllidir.

Bu baxımdan, ABŞ-ın İran məsələsində Azərbaycana dəstək verməsi anlaşılandır. Çox güman ki, söhbət həm siyasi, həm təhlükəsizliklə bağlı məsələlərin birgə müzakirəsindən, həm də İran tərəfindən Azərbaycan daxilində törədilə biləcək təxribatlara qarşı birgə mübarizədən gedə bilər.

Azərbaycanın ABŞ kimi dünya nəhənginin dəstəyini alması çox maraqlı və yeni situasiyadır. Azərbaycan bundan öz maraqları çərçivəsində istifadə edə bilər. Azərbaycanın əksinə olaraq, Ermənistan İranla təmaslarını daha da sıxlaşdırır. İran-Ermənistan münasibətləri Azərbaycana qarşı yönəlməklə yanaşı, Qərb və ABŞ-ın da maraqlarına toxunur. Bu, indi vurğula biləcək əsas məqamlardan biridir. ABŞ Dövlət Departamentinin son bəyanatı da o fürsəti də yaradır ki, Azərbaycan bu məsələni də Qərblə danışıqlarda gündəmə gətirsin.

- Bir neçə il əvvəl – Barak Obama dövründə ABŞ Konqresində Güney Azərbaycanla bağlı bir layihə irəli sürülmüşdü. İrandakı qarışıqlıq fonunda Vaşinqton yenidən Güney Azərbaycanın İrandan ayrılmasını nəzərdə tutan bu projeyə qayıda bilərmi?

- ABŞ və Qərbin qərarvermə mexanizmləri heç vaxt bir plan üzrə hərəkət etmir. Vəziyyətə görə bir neçə variantların hesablanması və modelləşdirilməsi aparılır. Çox şeyin İrandakı proseslərin hara qədər inkişaf edəcəyindən və ya hansı nöqtəyə çatacağından asılı olacağını düşünürəm. Yəni ABŞ və ya Qərbin davranışları bu prosesin hansı nəticələr doğurmasından asılı olacaq. Amma bir ortada bir incə məqam da var. Bu, oradakı sistemə və rejimə qarşı olan insanların etirazıdır. Etnik mənsubiyyətindən asılı olmayaraq. Amma İran çox çalışır ki, bu məsələni etnik müstəviyə çəkərək, bunun “Qərb və İsraildən idarə olunan ölkəni parçalamaq hərəkatı” olduğunu insanların beyinlərinə yeritsin. Bununla həm də farsları proseslərdən kənarda saxlamağa çalışırlar. İranın atdığı addımların nəyə hesablandığı açıq görünür.

Bizim əsas istəyimiz ondan ibarətdir ki, İranda normal, demokratik, qonşuları ilə normal münasibətlər saxlayan, nəhayət, Azərbaycanın müstəqilliyi ilə barışan bir idarəetmə sistemi formalaşsın. Bu ümdə məsələdir. Orada yaşayan müxtəlif etnik mənsubiyyəti olan insanların, o cümlədən bizim soydaşlarımızın – azərbaycanlıların gələcək taleyi, onların institutlarının və idarəetmə mexanizmlərinin yaradılması – bütün bunlar növbəti mərhələdə aktual ola biləcək məsələlərdir.

- Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının zirvəsindəki çıxışında “hüdudlarımızdan kənarda yaşayan 40 milyon azərbaycanlı” mesajı verdi. Söhbətin Güney Azərbaycandan getdiyini demək mümkündür. Prezidentin bu mesajı ilə bağlı fikriniz necədir, biz indiki məqamda Güneylə bağlı nə edə bilərik?

- Əslində, son zamanlarda ölkə başçısı da, digər rəsmi şəxslər də İranla bağlı münasibətlərini açıq dillə bildirirlər. Dövlət televiziyalarında da əvvəllər görmədiyimiz bir mənzərəni görürük. Bu onu deməyə əsas verir ki, artıq İranın atdığı addımlar Azərbaycanın səbir kasasını doldurur. İranın Ermənistanla birlikdə Cənubi Qafqazda Türkiyə və Qərbə qarşı oyun qurmaq cəhdləri açıq gözlə görünür. Ona görə də Azərbaycan prezidentinin bu çıxışı gələcəkdə orada yaşayan soydaşlarımızın haqq və hüquqlarının qorunması ilə bağlı Bakının daha aktiv siyasət yürüdəcəyindən xəbər verir. Prezidentin açıqlaması əsasən bu mesajı önə çıxarır.

Düşünürəm ki, Azərbaycan bundan sonra bir neçə istiqamətdə bu məsələni diqqətdə saxlamalıdır. Bəzi məsələlər var ki, bunları hökumət və dövlət orqanlarının etməsi doğru deyil. Çünki diplomatiya daha incə məsələdir. Azərbaycanda Güneydə yaşayan soydaşlarımızın problemləri ilə məşğul olan beyin mərkəzləri, institutlar, araşdırma mərkəzləri, qeyri-hökumət təşkilatları yaradılmalıdır. Bu strukturlar paralel şəkildə fəaliyyət göstərməlidir ki, bəzi məsələləri dövlət deyə bilməyəndə həmin mərkəzlər və təşkilatlar vasitəsilə daha aktiv siyasət yürütmək mümkün olsun. Burada kompleks yanaşmaya ehtiyac var, bu, təkcə hökumət və ya dövlətin görə biləcəyi bir iş də deyil.

- Türk Dövlətləri Təşkilatı liderlərinin Özbəkistanda növbəti sammiti keçirildi. Ümumiyyətlə, türk ölkələri son iki ildə sıx-sıx bir araya gəlməyə başlayıblar. Bu yaxınlaşmadan gözləntiniz necədir?

- Çox böyük perspektivləri olan, Azərbaycan üçün də çox böyük fürsətlər açan yeni gəlişmədir. Mənə elə gəlir ki, dünyada baş verən fraqmentallaşma siyasəti, yaxud son zamanlarda Rusiyanın aqressivləşməsi və Ukraynaya hücumunun nəticələri orta və uzaq perspektivdə MDB məkanının da tamamilə format olunması ilə nəticələnəcək. Çünki Rusiyanın bu bölgədə apardığı siyasət artıq iflasa uğrayır. Ancaq diktə, güc və qorxu yolu ilə idarə etmə cəhdləri MDB məkanında etirazların artmasına səbəb olub.

MDB məkanında yeni birliklər və ittifaqlar formalaşacaq. Bunlardan ən dayanıqlısı, ən məntiqli və təbii olanı, təbii ki, Türk Dövlətləri Təşkilatıdır. Bu, MDB məkanında daha da möhkəmlənəcək birliklərdən birinə çevriləcək. Burada Azərbaycanın üzərində çox böyük yük, məsuliyyət və missiya düşür. Çünki Orta Asiya ölkələrində Azərbaycana münasibət, baxış hətta qardaş Türkiyədən də üstündür. Çünki Orta Asiya ölkələri son 20-30 ildə Türkiyə ilə yeni-yeni tanış olmağa başlayıblar. Amma Azərbaycanı çoxdan tanıyırlar, bizim musiqimizin orada çox böyük nüfuzu var. Orta Asiyada bizə Avropanın bir parçası kimi baxırlar. Bu, Azərbaycanın “yumşaq güc”üdür.

Azərbaycanın tətbiq edəcəyi “yumşaq güc” onu böyük bir körpüyə, logistik mərkəzə, böyük qovşağa, Orta Asiya ilə Türkiyəni, Avropa ilə Asiyanı birləşdirən böyük nəqliyyat və iqtisadi güc mərkəzinə çevrilməsinə də imkanlar və fürsətlər yaradır. Buna görə də daxildə siyasətdəki bir sıra məsələlər öz həllini tapmalıdır ki, Azərbaycanın “yumşaq güc”ündən daha ciddi istifadə etmək imkanları yaransın.

- Gələcəkdə türk ölkələri arasında hərbi blokun və ya ittifaqın qurulması müzakirə mövzusu ola bilərmi?

- Yeri gəlmişkən, Avropa Birliyi də belə yaranıb. Bu, ilk növbədə, iqtisadi birliyə çevrilməlidir. Bunun üçün türk dövlətlərinin çox böyük potensialı var. Təsəvvür edin ki, türk dövlətlərinin ərazisi təxminən 4 milyon kvadratkilometrə, əhalisi 200 milyona yaxındır. Böyük coğrafiyadır, böyük insan resursları var, böyük bazardır, dünyanın yeni güc və logistika mərkəzlərinin ən maraqlı hissəsidir. Buna görə də, ilk növbədə, iqtisadi münasibətlər gücləndirilməlidir. Gələcəkdə bu yöndə üst qurumlar yarana bilər. Məsələn, birgə bank sisteminin, investisiya fondlarının və birgə müəssisələrin yaradılması, birgə istehsal sahələrinin genişləndirilməsi və s. Bütün bunlar ölkələri iqtisadi olaraq bir-birinə daha sıx bağlaya bilər.

Növbəti mərhələdə üst qurumların yaradılması, təhlükəsizliklər bağlı məsələlərin formalaşması, ölkələrin parlamentarilərindən ibarət daha effektli fəaliyyət göstərə biləcək komissiyaların yaradılması mümkün ola bilər. Eyni zamanda, ortaq dil və əlifba, ortaq televiziya kanalları və s. bağlı. Növbəti mərhələdə bu yöndəki addımlar daha da gücləndirilməlidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər