6 Dekabr 2022 19:08
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa parlamentinin aşağı palatasında (Milli Assambleya) Azərbaycan əleyhinə qəbul edilmiş absurd qətnamə heç bir fakta və məntiqə uyğun deyil. Bu əslində Fransanın bir dövlət kimi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, sülh və təhlükəsizliyə yönələn addımlara necə zərbə vurduğunu nümayiş etdirir. Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu tip “qətnamə” və “qərarlar” Fransanın qərəzli, ermənipərəst, erməni lobbisinin əlində oyuncaq olduğunu göstərməklə yanaşı onun qeyri-ciddi obrazını da nümayiş etdirdi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

Professor hesab edir ki, Fransa əslində bu cür absurd qərarları ilə bitərəf və ədalətli vasitəçi rolunda deyil, Ermənistana olan münasibətini, “sevgisini” nümayiş etdirib: “Bu bədnam qərardan sonra Fransa hökumətinin nümayəndəsinin faktiki olaraq bu “qətnaməni” dəstəkləyib. Məhz bu fakt müxtəlif platformalarda anti-Azərbaycan təşəbbüslərinin ortaya çıxmasında Fransa hökumətinin təşəbbüskar olduğunu təsdiq edir. Bundan öncə də Fransa senatı yalan və iftira dolu qətnamə qəbul etmişdi. Bütün bunlar Fransanın Azərbaycana qarşı növbəti təxribatı və qərəzli mövqeyi kimi qiymətləndirilir. Bu cür absurd qərarlar Fransa senatının və Milli Assambleyasının siyasi avantürasından xəbər verir. Azərbaycan cəmiyyətində Fransa qanunverici orqanlarının hər iki absurd qərarına ciddi etiraz var. Bu qəti şəkildə rədd edilir. Ümumilikdə bu tip qərarların indiki şəraitdə ortaya atılması məkirli niyyətdən və erməni dəyirmanına su tökməkdən başqa bir amala xidmət etmir. Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğalda saxladığı, xalqımıza qarşı soyqırımı və hərbi cinayətlər törətməsi, 30 ilə yaxın tarixi torpaqlarımızda dini, mədəni, tarixi abidələri, bütün yaşayış üçün olan infrastrukturunu barbarcasına məhv edən zaman Fransadan buna heç bir reaksiya verilməyib. Əksinə Fransa həmin dövrdə Ermənistana açıq şəkildə dəstək göstərib. ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın Ermənistana dəstək göstərməsi nəticəsində artıq tarix olan “Dağlıq Qarabağ” münaqişəsi dövründə - 30 ilə yaxın müddətdə də heç bir müsbət irəliləyişə nail olunmamışdı. Fransa tarixən müharibə və insanlıq əleyhinə hərbi cinayətlər törətmiş dövlətdir. Belə bir ölkənin Azərbaycana qarşı absurd iddialarla çıxış etməsi məntiqsizdir. Əlcəzairdə və digər ölkələrdə vaxtilə soyqırım və qanlı terror aktları icra etmiş Fransanın indiki halda hansısa məsələlərdən danışmağa mənəvi haqqı çatmır. Bu mənada Fransa qanunverici orqanlarının qəbul etmiş olduğu bədnam qətnamələr heç bir hüquqi və mənəvi əsasa malik deyil. Bu gün qalib Azərbaycan Qafqazda və qlobal miqyasda aparıcı mövqeyə sahibdir. Fransa yaxşı olardı ki, öz daxilində olan problemlərə diqqət ayırsın. Bu ölkədə mövcud olan islamafob, antisemitizm hallarına son qoysun. Çünki Fransa kimi dövlətlər bu cür əsassız ittihamlarla Azərbaycanın tutduğu doğru yoldan çəkindirə bilməyəcək”.

Eldar Quliyev “Qardaş Yumruğu” adı altında Azərbaycan-Türkiyə hərbi təlimləri iki ölkənin birliyinin, qardaşlığının açıq tərənnümü olduğunu söyləyib: “Artıq Azərbaycan– Türkiyə Ordusu vahid bir Ordu kimi özünün gücünü, mövqeyini ortaya qoyur. Keçirilən hərbi təlimlər də Silahlı Qüvvələrin döyüş qabiliyyətini, müasir silahlarla davranış qaydalarını, qarşılıqlı sürətdə əlaqələndirmə kimi vərdişlərin aşılılanmasına xidmət edir. Azərbaycan və Türkiyə Ordusunun hərbi təlimləri ardıcıl olaraq icra edilir. Bu təlimlər hər iki ölkədə keçirilir. Dünyada özünün döyüş qabiliyyətinə və gücünə görə seçilən NATO-nun ikinci ən güclü ordusu sayılan qardaş Türkiyə Silahlı Qüvvələrinin təcrübəsi Azərbaycan Ordusu üçün olduqca önəmlidir. II Qarabağ müharibəsindən sonra Ali Baş Komandanın elan etdiyi kimi artıq Azərbaycan Ordusu Türkiyə Silahlı qüvvələri sisteminə uyğun formalaşıb. Bu mənada keçirilən birgə hərbi təlimlər də mühüm əhəmiyyətə malikdir. II Qarabağ Müharibəsindən zəfərlə çıxan, özünün döyüş taktikası ilə dünya hərb sisteminə adını yazdıran Müzəffər Ordumuz bu gün istənilən təhdidlərə layiqli cavab verməyə qadirdir: “Vətən müharibəsindən sonra Ermənistanın davranışları bir neçə əl atdığı təxribatlar və aldığı cavablar Azərbaycan Ordusunun müharibədən sonra daha da gücləndiyini təsdiq edir. Bu ilin 12-14 sentyabr tarixlərində Ermənistanın Kəlbəcər-Laçın istiqamətində təxribatlarına sarsıdıcı cavab verən Müzəfər Ordumuz döyüş qabiliyyətini hər gün artırır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz günü-gündən inkişaf edir. Ordumuzun arsenalına ən müasir silah-sursat daxil edilir”.

Millət vəkilinə görə, qardaş Türkiyə ilə birlikdə Ordumuzun keçirmiş olduğu hər təlimlər eyni zamanda Ermənistana və ona havadarlıq etmək niyyətində olan İran kimi dövlətlərə də açıq bir mesaj idi: “Çünki Vətən Müharibəsindən sonra İran Azərbaycanla sərhəddə iki hərbi təlim keçirib. Azərbaycan-Türkiyə Ordusunun İranla sərhəddə, Araz çayı sahilində və bir neçə istiqamətdə təşkil etidiyi hərbi təlimlər burada bütün qoşun növlərinin iştirakı, nümayiş edilən hərbi texnikalar İrana, Ermənistana və Fransa kimi məkirli niyyətində olan qüvvələrə verilən vacib mesaj hesab olunur. 2001-ci ildə İranın Xəzərdə Azərbaycana qarşı açıq təhdidinə cavab “Türk şahinləri” Bakı səmasında Azərbaycanın heç də tək olmadığını qarşı tərəfə bildirmişdi. Yəqin ki, İran son hərbi təlimlərdən bu mənada özü üçün lazım olan nəticəni çıxarıb”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər