Azərbaycanın eko-fəalları və QHT təmsilçilərinin Şuşa-Xankəndi yolundakı aksiyaları altı gündür davam edir. Aksiyanın səbəb və məqsədləri hamıya məlumdur. Rus sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, ekoloji vəziyyətin pisləşməsi ilə bağlı monitorinq məqsədilə dövlət qurumları nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə əngəl yaradılıb. Məhz bu aksiya da monitorinqin keçirilməsinə, mütəxəssislərin əraziyə buraxılmamasına etiraz olaraq keçirilir. Tələb odur ki, həmin ərazilərdə təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılsın. Azərbaycan ərazisində bütün təbii sərvətlərin istismarı ölkə qanunvericiliyi əsasında həyata keçirilməlidir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, dekabrın 3-dən İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı vəziyyətin yerində monitorinq aparmaq barədə qərar qəbul edib. Bu məqsədlə sülhməramlıların komandanlığı ilə danışıqlar aparılıb. Lakin, danışıqlar nəticəsində əldə olunmuş razılığa baxmayaraq monitorinqin keçirilməsinə mane törədilib. Bu təbii ki, qəbul olunmaz bir haldır. Ona görə də, eko-fəalların və vətəndaş cəmiyyəti nümayəndələrinin dinc aksiyası tamamilə haqlı və hüquqa uyğundur. Ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarına qarşı etiraz aksiyası beynəlxalq hüquqa, BMT konvensiyalarına və eləcə də Azərbaycanın ərazi bütövlüyü prinsipləri çərçivəsindədir”.
Millət vəkilinə görə, 30 ilə ilə yaxın ölkəmizə münasibətdə davam edən ikili standartlar tarixi torpaqlarımızda törədilmiş ekoloji terrorun doğru-düzgün formada dünya ictimaiyyətinə çatdırılmasında da nümayiş olunur: “Əsassız olaraq Laçın yolunun azərbaycanlılar tərəfindən tutulması və Qarabağda yaşayan ermənilərə qarşı humanitar böhran yaranması ilə bağlı səsəslənən iddialar heç bir fakta söykənmir. Guya azərbaycanlıların bu yolu tutmaqla “etnik təmizləmə” kimi cəfəng fikirlərin tirajlanması erməni lobbisinin və ermənipərəst qüvvələrin təxəyyülünün məhsuludur. Fakt odur ki, Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, rus sülhməramlıları tərəfindən bağlanıb. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri sadəcə talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışır. Həmçinin, onu deməliyik ki, Azərbaycan məsuliyyətli ölkədir. Rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidə cəmi 30-35 min insan yaşayır. Onların böyük hissəsi hərbi qulluqçulardır. Azərbaycan tərəfi isə ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazır olduğunu bəyan edib”.
Tamam Cəfərova hesab edir ki, vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Xankəndi yolundakı etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir: “Ona gör də, vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Bu aksiya 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının daha da möhkəmlənərək Dəmir Yumruğa çevrilmiş milli birliyinin və həmrəyliyinin əyani göstəricisidir. Şuşa-Xankəndi yolundakı aksiya sübut edir ki, xalq olaraq gücümüzün mənbəyi olan milli birlik dövlətimizin siyasi dəyəridir”.