1 Fevral 2023 09:14
11 849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Ankara Universitetinin professoru, siyasi ekspert Toğrul İsmayıl Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Avropa Birliyinin Ermənistana iki illik müşahidə missiyası göndərmək qərarı Rusiyanın gündəmindən düşmək bilmir. Artıq Rusiya rəsmiləri bu haqda danışarkən Ermənistanın ünvanına hədələyici mesajlar verməyə başlayıblar. Bu baxımdan, Avropa Birliyinin bu qərarının Ermənistan üçün hansı nəticələri ola bilər?

- Bilirsiniz ki, Ermənistanla Rusiya həm KTMT, həm də Avrasiya İqtisadi Birliyi daxilində müttəfiqdir. Eyni zamanda, iki ölkə arasında strateji əməkdaşlıq haqqında müqavilələr var, Rusiya Ermənistana ucuz qaz satır, onu təşviq edirə və dəstək verir və sair. Yəni Rusiya Ermənistanı kaprizli bir uşaq kimi şıltaqlaşdırır. Təbii ki, bunun qarşılığında Ermənistan belə addımlar atırsa, bunun nəticələri, bir cəzası olacaq. Rusiya bunu elə-belə qoymayacaq. Məsələn, bu, özünü Ermənistana satılan qazın qiymətinin artırılması, iqtisadi dəstəyin azaldılmasında göstərə bilər. Eyni zamanda, Rusiyanın Ermənistandakı siyasi qüvvələri təşviq edərək, siyasi iqtidarın dəyişdirilməsini sürətləndirməsi mümkündür. Yəni Rusiyanın Ermənistana qarşı təsir və təzyiq vasitələri çoxdur.

Ermənistan indiyədək Rusiyanın bölgədəki marionetidir. İndi birdən-birə qalxıb Avropanın qucağına qaçmaq, Ermənistan kimi kiçik bir dövlətə baha başa gələ bilər.

- Amma Baş nazir Nikol Paşinyan isə Ermənistanı Qərbə yaxınlaşdırmaqda israrlıymış kimi görünür.

- Paşinyan qərbpərəst siyasətçi olduğunu gizlətmir. Bunu biz də bilirik. Proses indi də davam edir və bu, yeni deyil. Xatırladım ki, ABŞ-ın ən böyük səfirliyi Ermənistanda yerləşir. Digər yandan, ABŞ, Fransa və bəzi Avropa dövlətlərində ermənilərin ciddi diasporları var. Ermənistan bu diasporların üzərindən həmişə Qərblə əlaqədədir. Amma bilmək lazımdır ki, Ermənistanın Ukrayna kimi Qərblə sərhədi yoxdur, ondan uzaqdır, əslində, Rusiyaya daha yaxındır. Ermənistan Türkiyə, Gürcüstan və Azərbaycanla həmsərhəddir, yəni ortadadır, çıxışı yoxdur. Rusiyanın Ermənistana təsir mexanizmi Qərbdən daha çoxdur.

Əlbəttə, Qərb dövlətləri Ermənistandan faydalanmağa çalışırlar. Ermənistanın birdən-birə Qərbə dönməsi və özünü bu çərçivəyə salması çətindir. Onu da unutmayaq ki, Qərb bu gün Ukraynanı qoruya bilmir, Ermənistanı necə qoruyacaq?! Məsələ budur.

Əslində, Ermənistanın Qərbə yönəlməsi və ya Rusiyadan uzaqlaşması Azərbaycan üçün sərfəlidir. Bu, strateji olaraq ölkəmizin maraqlarına uyğundur. Amma dediyim kimi, Ermənistanın birdən-birə, kəskin şəkildə Rusiyadan qopması çətin məsələdir. Ümumiyyətlə, nə ABŞ, nə də Avropa Birliyinin Cənubi Qafqazla bağlı fundamental strategiyası var. Onu da xatırladım ki, Ukrayna böhranı da Avropa Birliyinin “Yaxın Çevrə” siyasəti çərçivəsində Kiyevlə anlaşma imzalaması ilə başlamışdı. Ermənistan da buna cəhd edəndə, Rusiyanı onun qulağını çəkdi. Bundan sonra Rusiya Ermənistanı Avropa Birliyindən Avrasiya İqtisadi Birliyinə yönəltdi.

İndi Rusiya ilə bu qədər anlaşmalara imza atmış bir ölkənin birdən qalxıb Qərblə rəqs etməsi, təbii ki, Moskvanın strateji maraqlarına ziddir. Bu, Ermənistan üçün bədəli olacaq bir məsələdir.

- ABŞ dövlət katibinin müavini Keren Donfrid isə iddia edir ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması patronu Entoni Blinkenin planlarına daxildir. Sizcə, indiki durumda Blinken buna hansı formada müvəffəq ola bilər?

- Əslində, bu baxımdan həm ABŞ, həm də Rusiyanın kifayət qədər basqı mexanizmi var. Ermənistana bir kəlmə ilə “imza at” demələri, bu məsələni həll edə bilər. Amma Amerikanın bunda nə qədər maraqlı olduğunu demək çətindir. Çünki heç bir dövlət münaqişə olmadan istənilən bölgədə varlığını davam etdirə bilməz. Amma Rusiyanın sıxışdırılması baxımından, Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsi onlara maraqlı ola bilər. Bununla belə, Ermənistan kimi bir ölkəyə güvənərək iş görmək çətindir. Çünki Ermənistan normal və müstəqil dövlət kimi hərəkət etmir. Çünki ipi bir çox güclərin əllərindədir.

Ermənistan daxilindəki siyasi durumu da görürük. İndi bəziləri buna “demokratiya” deyirlər, amma bu, həqiqi demokratiya deyil. Ermənistanda həqiqi demokratiya mümkün deyil. Ermənistanda bir-birləri ilə qarşıdurma içində olan siyasi qüvvələrin bir qismi Rusiyanın, digəri Qərbin əlindədir. Demokratik ölkələrdə müxalifət kənardakı güclərə deyil, içəridəki cəmiyyəti özünə cəlb edir. Yəni başqasının boyunduruğuna girmir. Ermənistanda isə belə deyil.

Dediyim kimi, istər ABŞ, istərsə də Rusiya bir kəlmə ilə “imzala” desə, Ermənistan bunu edəcək, çünki qaçmağa yeri yoxdur. Amma Amerikanın bu yöndəki səylərini və açıqlamalarını “mən də bölgədə varam” mesajı kimi görürəm. Bu, həmin Amerikadır ki, Minsk qrupunun həmsədrlərindən biri idi. Bəs onda nə edirdi? Rusiya ilə eyni oyunu oynayırdı. İndi də eyni şəkildə davam edir.

- Bütün bu sadaladığınız faktorları nəzərə aldıqda, sizcə, bizi qarşıdakı dövrdə hansı gəlişmələr gözləyir?

- Azərbaycan bölgədə yaşana biləcək kataklizmlərin önünü kəsməsi üçün iqtisadiyyatını və cəmiyyətini daha da gücləndirməlidir. İran və bölgədəki digər problemləri diqqətə alarkən, təhlükəsizlik tədbirlərinin və xarici siyasətin daha da gücləndirilməsinə ehtiyac var. Əslində, bu məsələlərin həlli çətin deyil. Çünki Azərbaycan bunların öhdəsindən gələ biləcək bir gücə və potensiala malik bir ölkədir. Torpaqlarını azad etməklə, Azərbaycan əlini gücləndirdi.

Ermənistandan hansısa təhdid gözləmirəm. Çünki Ermənistan vaxtilə Rusiyanın dəstəyi ilə Azərbaycana qarşı yürütdüyü siyasəti artıq təkrarlaya bilməz. Rusiya da bunu yaxşı bilir. Həmişə demişəm ki, geosiyasi tarazlıq dəyişmədikcə, bölgədə vəziyyət dəyişməyəcək. Artıq regiondakı geosiyasi tarazlıq dəyişməyə başlayıb. Bu da Azərbaycan-Türkiyə ittifaqının lehinə dəyişir.

Azərbaycan yaxın gələcəkdə diplomatik təzyiqlərini artırsa, qalan məsələlər öz həllini tapacaq. Bu da bir çox məsələlərdən asılıdır. Məsələn, Ukraynadakı savaşın nəticəsindən, ABŞ-Rusiya münasibətlərindən, Ermənistan daxilindəki problemlərdən, İrandakı vəziyyətdən və sair. Görünən budur ki, Azərbaycan bölgədəki təlatümlərlə bir qədər də birlikdə yaşamağa məcbur olacaq. Azərbaycan bunu da göz önünə almalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər